13 Yanvar 2022 10:09
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək. Bu barədə “Sputnik Ermənistan”a Xankəndidəki mənbələrdən məlumat verilib.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, artıq işlərin təhvil-təslim edilməsi proseduruna başlanılıb.

Teleqraf.com bildirir ki, general-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qərargah rəisi olub. Həmin dövrdə sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edirdi.

A.Volkov hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin beş hərbi-administrativ vahidindən biri olan Cənub Hərbi Dairəsinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisidir.

***

Elə bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul etməsinə dair nazirliyin rəsmi məlumatı yayılıb.

Məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin tuturdu.

***

Qarabağdakı Rusiya sülhməramlılarının hər hərəkəti Azərbaycanda diqqətlə izlənilir. Bu da təbiidir. Eyni zamanda sülhməramlılara kimin başçılıq etməsi də ölkəmizdə az əhəmiyyət kəsb etmir. Düzdür, sülhməramlıların komandanı birbaşa tabe olduqları qurumun göstəriş və tapşırıqlarını icra edirlər. Bununla belə komandanların şəxsi keyfiyyətləri, keçdikləri yol onların təyinatına Azərbaycanın razılıq verib-verməsinin başlıca şərtidir. Təcrübədən çıxış edərək deyə bilərik ki, sülhməramlılara Rüstəm Muradovdan sonra komandanlıq edən Mixail Kosobokovun fəaliyyəti ilə bağlı bəzi məqamlar onun bu vəzifədə çox qısa müddətdə (9-25 sentyabr 2021) fəaliyyət göstərməsinə səbəb oldu.

Həm ictimai marağı nəzərə alaraq, həm də jurnalist marağından çıxış edərək Andrey Volkov barədə araşdırma aparmaq qərarına gəldik. Öncə onu qeyd edək ki, yeni komandanla bağlı açıq mənbələrdə məlumat olduqca azdır. Əgər Rüstəm Muradovla bağlı virtual ensiklopediya – “Vikipediya”da səhifə mövcudursa, A.Volkovla bağlı bunu demək mümkün deyil. Açq mənbələrdə A.Volkovla bağlı yalnız bir materiala rast gəlmək mümkündür ki, bu da RF Silahlı Qüvvələrinin orqanı olan “Krasnaya Zvezda” qəzetində 04.12.2019-cu il tarixində dərc olunmuş məqalədir. Bu məqalə əsasında A.Volkovla bağlı müəyyən məlumatlar əldə etmək mümkündür.

Teleqraf.com həmin məqaləni ixtisarla təqdim edir.

Uzaq uşaqlıq illərində onun kumiri Lev Yaşin və digər məşhur futbolçular idi. Bu idman növündə Andrey ustalarla bir yerdə oynamağa imkan verən səviyyəyə çatdı. Andrey Aleksandroviçin doğma Kostroma vilayətində müxtəlif çempionatlarda müntəzəm olaraq qalib gələn yerli “Start” komandası onu öz heyətinə almağa belə hazır idi. Amma... tale başqa cür qərar verdi.

Kostroma, Rostov, Qunduz

Onu hərb sənətini seçməyə valideynləri sövq edib. Prioritetlər aydın idi: təkbaşına bacarmaq, məsuliyyət, nizam-intizam. Bir sözlə, əsl kişini formalaşdıran keyfiyyətlər. Andrey Volkov Kostroma Ali Hərbi Komandanlıq Kimyəvi Müdafiə Məktəbinə daxil olmağa gedir. Qəbul imtahanları uğurla keçir: möhkəm bilik anbarı və əla fiziki hazırlıq etibarlı köməkçi olur.

Üstəlik, o məktəbdə sevimli idman növü ilə fəal məşğul olmağa davam edir, ələlxüsus ali məktəb komandanlığı kursantların müxtəlif növ yarışlarda iştirakını alqışlayır. Düzdür, üçüncü kursda hərbi ixtisasın “yüklənməsi” daha əhəmiyyətli olur və Andrey “oyundan çıxmaq” qərarına gəlir.

Leytenant poqonlarını aldıqdan sonra zabit Şimali Qafqaz Hərbi Dairəsinin qərargahına xidmətə gəlir. Belə bir karyera başlanğıcı yaxşı perspektivlər və inamlı yüksəlişə təminat verirdi. Amma sonra zabitin ruhuna şübhələr hopur: “Məgər yolun başlanğıcı belə olmalıdır?!”

Tezliklə bilavasitə rəisin masası üzərinə raport qoyuldu: “Məni beynəlmiləl borcumu yerinə yetirmək üçün Əfqanıstana göndərməyinizi xahiş edirəm”. Komandanlıq əsaslı arqumentlər gətirərək zabiti fikrindən daşındırmağa çalışır: deyirlər, burada da adam lazımdır. Lakin leytenant Volkov öz fikrində təkid edir. Nəticədə o 1986-cı ilin fevralında “çay üçün” gedir.

Zabit Qunduz əyalətində xidmətə başlayır. Rayon aktiv döyüş əməliyyatları zonasında idi. Leytenant məşhur 201-ci motoatıcı diviziyada vəzifə qəbul edir. Bir il sonra “ağsaqqal” olduğu üçün mayorların daşımalı olduğu vəzifəyə təyin edilir – Baqlan əyalətindəki Puli-Xumridə motoatıcı alayının kimyəvi xidmətinə rəhbərlik edir.

“Biz hərbi kolonaları müşayiət edirdik, yaxınlıqdakı maddi-texniki təchizat briqadasını qoruyurduq, postların qurulmasını təmin edirdik, döyüşə gedirdik”, - Andrey Aleksandroviç xatırlayır.

Əfqanıstandakı xidmət “Hərbi xidmətlərə görə” medalı və Əfqanıstanın “Ulduz” ordeni ilə yadda qalıb. Bununla belə, Andrey Volkovun yaddaşında qorunan ən parlaq təəssürat müharibə ilə deyil, təbiətlə... bağlıdır: “Yazda xaş-xaşların parlaq qırmızı xalçası dağların yamaclarını örtürdü: rənglərin belə dinc iğtişaşına baxmayaraq, çox yaxın yerlərdə döyüşlərin getdiyinə, insanların öldüyünə inana bilmirdim...”

Qafqaz yollarında

Əfqanıstandan sonra Andrey Volkova yenidən Şimali Qafqazda xidmət etmək təklif olunur. Kapitan Volkov Qroznı (o vaxtlar Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının paytaxtı) ətrafında yerləşən özüyeriyən artilleriya alayının kimya xidmətinin rəisi vəzifəsini qəbul edir.

Günlərin birində məhsul yığımında əhaliyə köməklik etmək üçün işçi qüvvəsi və texnikanın ayrılması barədə göstəriş verilir. Birləşdirilmiş bölməyə rəhbərlik edəcək heç kim yox idi. Və bu vaxt zabit öz namizədliyini irəli sürür, belə deyək, könüllü olaraq məhsul üçün döyüşə qatılır.

Onun komandanlığı altında “partizanlar” – ehtiyatdan çağrılan insanlar var idi. Onların əksəriyyəti Mineralnıye Vodıdan olan taksi sürücüləri olur. Onlar öz narazılıqlarını gizlətmirdilər: kurort vaxtıdır, istirahət edənlər gəlir və orada zəmanətli qazanc əvəzinə tarlada işləməyə getməlisən...

Avtobölük komandiri üçün belə rəngarəng şəxsi heyətlə iş təşkil etmək asan deyildi. Amma avtoritet kömək edir. Əfqanıstandan keçən zabitin avtoriteti. 1991-ci ildə Andrey Volkov Rusiya Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Hərbi Akademiyasının dinləyicisi olur.

Demək lazımdır ki, Andrey Aleksandroviçin hərbi həyatının çox hissəsi paytaxtdan uzaqda keçsə də buna baxmayaraq, o, bir neçə ili Moskvada keçirib. Əvvəlcə akademiyada oxuyub, sonra Moskva hərbi dairəsinin qərargahında və həmin akademiyanın kafedrasında xidmət edib.

1999-cu ildə isə podpolkovnik Andrey Volkova Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci birləşmiş ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarına rəhbərlik etmək təklif olunur. O, razılaşır və sakit Moskvanı tərk edərək beynəlxalq terrorizmlə mübarizədə yeni səhifənin təzəcə açıldığı Qafqaza gedir.

Əvvəlcə “paytaxt zabiti”nə orduda qiymətləndirici nəzərlərlə baxılır. Həmin dövrdə Şimali Qafqaz Hərbi Dairəsinin bir çox hərbçilərinin Birinci Çeçen kampaniyasında döyüş təcrübəsi var idi, onlar bir-birini ön cəbhədən tanıyırdılar.

Podpolkovnik Volkov öz atıcıları ilə birlikdə Çeçenistan Respublikası ərazisində real döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edir. Atıcı hissələrin hərbi qulluqçuları tərəfindən gücləndirilmiş kəşfiyyatçılar yaşayış məntəqələrinə ilk daxil olublar. Köhnə Atağı, Pionerskoe, Urus-Martan – bunlar podpolkovnik Volkovun şəxsən hücumçu dəstələrin sıralarında olduğu kəndlərdən yalnız bir neçəsidir. O, Alxan-Yurtun azad edilməsi zamanı yaralanır.

2000-ci ildə zabitə vaxtından əvvəl növbəti hərbi rütbə verilir. Polkovnik poqonunu Andrey Volkovun çiyninə RF Silahlı Qüvvələri Baş Qərargahının hazırkı rəisi, həmin vaxt isə 58-ci ordunun qərargah rəisi, general-mayor Valeri Gerasimov taxır. Zabitin qəhrəmanlığı və döyüş məharəti, həmçinin, “Şücaət” ordeni ilə qeyd olunur.

Suriya sərhədi

Andrey Aleksandroviç daha bir yüksək dövlət mükafatı – “Hərbi xidmətlərə görə” ordeni ilə təltif edilir. O, 2017-ci ildə Suriyada tapşırıqlar icra edir. Zabit burada nəinki tapşırıqları təyinatı üzrə həll edib, həm də beynəlxalq terrorizmin müasir versiyasına qarşı mübarizədə təcrübə qazanıb. General-mayor Volkov təsdiq edə bilər ki, regionda yaraqlıların təşkilatlanmış və yaxşı silahlanmış strukturu, əslində bütün müasir tələblərə cavab verən ordu fəaliyyət göstərirdi. Suriyada bu qüvvə ilə üz-üzə qalan hərbçilərimiz onu sındırmağa, terrorçuların qalasını darmadağın etməyə nail olub.

Bu gün general-mayor Andrey Volkov Cənub Hərbi Dairəsinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisidir. Hərbi hissələrin texniki təchizatı, yenidən təchiz edilməsi, şəxsi heyətin hazırlanması istiqamətində ciddi işlər görülür. Planlı döyüş hazırlığı prosesində təlim-məşq metodlarının daim təkmilləşdirilməsi müşahidə olunur ki, bu da hərbi qulluqçuların hərbi vərdişlərinin artmasına, onların istənilən şəraitdə tapşırıqları yerinə yetirmək bacarıq və vərdişlərinin artmasına təsir göstərir.

General-mayor Andrey Volkov deyir: “Bu gün atıcı birləşmələr təlim poliqonlarında praktiki təcrübə qazanır. Məşğələlərin təşkili və keçirilməsində Suriya təcrübəsindən geniş istifadə olunur”.

General-mayor Andrey Volkov kadr seçiminə çox diqqət yetirir. Bu uğurun girovudur. Buna görə də Andrey Aleksandroviç kadr dəyişiklikləri aparmaqdan qorxmur, bəzən çox gənc zabitləri ön plana çıxarır. General əmindir ki, insanda bütün üç əsas faktor – peşəkarlıq ustalığı, təşkilatçılıq bacarığı və mənəvi-işgüzar keyfiyyətlər cəmləşibsə, o, çox şeyə nail ola bilər.


Müəllif: Səxavət Həmid