“Sayca dördüncüsü keçirilən Brüssel görüşü gözlədiyimiz nəticələrlə yekunlaşdı. Azərbaycan Qarabağı Azərbaycan-Ermənistan münasibətləri gündəliyindən çıxarmağa nail oldu”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat Azərbaycanın diplomatik qələbəsini bir neçə məqam üzərindən əsaslandırıb: “Ermənistanın bu görüşlə bağlı ümidləri var idi. Xatırladım ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna yeni amerikalı həmsədr təyin etmişdi. Burada başlıca məqsəd münaqişənin hələ də davam etdiyi təəssüratını yaratmaqdan ibarət idi. Çünki ATƏT-in Minsk Qrupu artıq olmayan Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə məşğul olmaq üçün yaradılmışdı. Brüssel görüşündən öncə Minsk Qrupunun yenidən gündəmə gətirilməsi və Cənubi Qafqaz regionu üzrə amerikalı həmsədrin təmsilçi kimi müəyyənləşməsi Amerikanın bu istiqamətdə növbəti cəhdi idi.
Digər tərəfdən, ötən ay 180-ə yaxın səfir, hərbi attaşe və diplomatik korpusun xarici nümayəndəsinin qatıldığı Şuşa konfransında ABŞ və Fransa səfirləri iştirakdan imtina etdilər. ABŞ-ın bu mövqeyi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmaq kimi qiymətləndirilməlidir. Çünki bütün bunlar Ermənistana əlavə dəstək cəhdlərindən başqa bir şey deyil.
Bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə yenə də hansısa ümid yeri axtarırdı. Bu ümid yeri hər şeydən öncə ATƏT-in Minsk Qrupunun yenidən reabilitasiya olunması və guya Azərbaycan ərazisində yaşayan ermənilərin taleyindən nigarançılıqla bağlı idi.
Amma görüşdə nə Qarabağ, nə də ATƏT-in Minsk Qrupu mövzusu müzakirə edildi. Minsk Qrupunun formatı məhv oldu. İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik formatı var. Azərbaycanın daxili işi olan Qarabağ mövzusu müzakirə edilmir. Bu, Azərbaycanın strateji qələbəsidir. Azərbaycan Qarabağı Azərbaycan-Ermənistan münasibətləri gündəliyindən çıxarmağa nail olub”.
Elşad Mirbəşiroğluna görə, məlum görüşdə Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin statusu və gələcəyi ilə bağlı məsələlərin gündəmə gətirilməsi cəhdləri də uğursuz nəticələnib: “Əgər Azərbaycanın ərazisində yaşayan ermənilərin taleyi müzakirə predmetinə çevrilərsə, bu, gələcəkdə Ermənistanın səsləndirdiyi əsassız ərazi iddiaları ətrafında mübahisəyə yol açar. Amma Azərbaycan bunu özünün daxili işi hesab edərək məsələnin müzakirə predmetinə çevrilməsinə imkan vermədi. Bu da bizim cənab Prezidentin çox mühüm qələbəsidir. Bir sözlə, Brüssel görüşündə Ermənistan son ümidlərini də itirmiş oldu.
Ermənistan işğalçı dövlət statusunu aradan qaldıra bilmədi. Bunun əksi də mümkün deyil. Çünki Ermənistanın davranışlarının başqa adı yoxdur”.
Analitikin qənaətincə, Brüssel görüşündə Azərbaycan başlıca prioritetlərinə çox inamla çatıb: “Görüşdə əsas müzakirə sərhədlərin delimitiasiyası, sülh sazişinin mətninin hazırlanması və bununla bağlı qərarın verilməsi oldu. Artıq Azərbaycan və Ermənistanın XİN-ləri arasında bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması barədə razılıq əldə olunub. Ermənistan israrla bu prosesin qarşısını almağa çalışırdı. Çünki bilir ki, bütövlükdə proses haqlı olaraq Ermənistanın tam zərərinədir, Azərbaycanın isə ədalətli maraqlarına uyğundur.
Son görüşdən öncə Azərbaycan Laçın dəhlizini tam nəzarəti altına aldı. Laçın şəhərində, Sus və Zabux kəndlərində qanunsuz məskunlaşan ermənilər çıxarıldı. Bunun ardınca isə Brüssel görüşündə masa arxasında daha güclü mövqedə əyləşmiş olduq. Deyə bilərik ki, növbəti qələbəmiz təmin olunub”.