“Ötən gün Azərbaycan Parlamentinin üzvü Ramil Məmmədov və dövlət nümayəndələrinin Qarabağda yaşayan ermənilərin təmsilçiləri ilə Xocalıda keçirdiyi görüş ölkəmizin Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi, habelə Azərbaycan dövlət qanunlarını qəbul edəcək ermənilərə vətəndaşlığın tanınması, onların cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətlidir. Bu, müsbət addım kimi qiymətləndirilməlidir. Əslində bu açıq şəkildə keçirilən ilk görüş kimi qiymətləndirilə bilər. Azərbaycan nümayəndə heyətinin Qarabağdakı ermənilərin təmsilçiləri ilə görüşünə dair sual da yarana bilər, amma nəzərə almaq lazımdır ki, ümumiyyətlə belə konfliktlərdə proseslər bu cür başlanır, ilkin mərhələdə separatçıların daha radikal olmayan hissəsi ilə danışıqlar müəyyən dövrə qədər aparılır. Daha sonra yerli bələdiyyələr formalaşdıqda proses legitimlik alacaq”.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov dünən Xocalıda keçirilən görüş haqda danışarkən deyib.
Onun sözlərinə görə, Xocalıda keçirilən görüş onu göstərir ki, Azərbaycan tərəfi Qarabağla bağlı mövqeyində qətiyyət sərgiləyir:
“Eyni zamanda Azərbaycan həmin bölgədə yaşayan insanların hüquq və təminatçısı olduğunu nümayiş etdirir. Beləcə üç aya yaxındır ki, Ermənistanın beynəlxalq səviyyədə apardığı təbliğata ciddi zərbə vurduq. Aydındır ki, bu təbliğat Laçın yolunun bağlanması, Qarabağdakı ermənilərin blokadaya düşməsi və s. kimi əsassız vasitələrə söykənirdi, bəzi ölkələr də bu fonda Azərbaycana təzyiqlər etməyə çalışırdı. Aydındır ki, bu məsələdə Ermənistan tək deyildi. Dünənki görüş əyani göstərdi ki, dövlət Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslərə hüquq və təhlükəsizlik təminatları verməyə hazırdır. Həm də blokada haqqında deyilənlərin həqiqəti əks etdirmədiyi bir daha aydınlaşdı".
Şərhçi əlavə edib ki, proses çox da hamar olmayacaq:
“Nəzərə almaq lazımdır ki, biz 30-35 ildir davam edən münaqişənin şahidiyik. 35 il ərzində kifayət qədər böyük dəyişikliklər olub. Həm də bölgədə marağı olan qüvvələr də var. Odur ki, bu prosesin əleyhinə olan qüvvələr həm Xankəndidə, həm Ermənistanda, həm də Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən ölkələrdə var. Belə qüvvələr prosesi mümkün qədər tormuzlamağa çalışacaqlar. Bəzi beynəlxalq qüvvələr də var ki, onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında, bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. O baxımdan mən prosesi uzunmüddətli təsəvvür edirəm, bu, xeyli vaxt alacaq, həm də müərəkkəb prosesdir. İndi biz ilkin addımı gördük. Bir addımla məsələlərin dərhal həll ediləcəyini düşünməyək. Müəyyən proseslər gedəcək. Bununla paralel Laçın yolunda sərhəd keçid məntəqəsi, Qarabağda Ermənistan hərbçilərinin bölgədən çıxması öz həllini tapmalıdır. Ümidvaram ki, Azərbaycanın sistemli və qətiyyətli mövqeyi, ardıcıl addımları bölgədə dayanıqlı sülhün əldə olunması ilə yekunlaşacaq”.