27 İyul 2023 21:25
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər 30 il ərzində BMT-yə üzv dövlətlər Qarabağın müstəqilliyini tanımayıblarsa, bundan sonra da tanımayacaqlar. Halbuki xalqın öz müqəddəratını təyinetmə hüququ BMT-nin bütün sənədlərində əsas insan hüquqlarının ayrılmaz hissəsi kimi təsbit olunub".

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan Xankəndidəki separatçıların bu gün BMT-yə ünvanladıqları "müstəqillik" müraciətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, ötən 30 il ərzində hətta Qarabağın müstəqilliyini tanımağa hazır olduqlarına eyham vurmayan beynəlxalq təşkilatlara ünvanlanan müraciət heç bir nəticə verməyəcək.

"Birincisi, BMT özü çox amorf strukturdur, 30-40 ildir ki, dərin böhran içindədir. Artıq “Böyük 7”, NATO, Aİ kimi beynəlxalq strukturlar dünya siyasətində istiqamətləri və məqsədləri müəyyən edir. BMT onlara tabe struktura çevrilib. Təbii ki, bu məsələ BMT-də belə müzakirə olunmayacaq", - Keryan bildirib.

Keryan qeyd edib ki, hər bir dövlət öz maraqlarını rəhbər tutur. “Əgər, məsələn, ABŞ, Aİ ölkələri və ya Rusiyanın dövlət maraqları Qarabağın müstəqilliyini tanımalı olduqlarını diktə etsələr, onlar bunu tanıyacaqlar. Əgər belə bir təkan və səbəb yoxdursa, təbii ki, min bir bəhanə ilə bunu tanımayacaqlar. Mən indiyə qədər beynəlxalq təşkilatları, xarici dövlətləri Qarabağın müstəqilliyini tanımağa sövq edəcək səbəbləri görməmişəm. Kosovonun müstəqilliyinin tanınması məsələsində bu maraq göz qabağında idi. Serblər Avropanın ürəyində rusiyapərəst qüvvə idilər, Serbiyanı zəiflətmək və onu Aİ-nin tələblərini yerinə yetirməyə məcbur etmək lazım idi. Təbii ki, Belqradı bombalamaqla Kosovoya qarşı əməliyyatları dayandırmağa məcbur oldular və Kosovonu tanıdılar. Burada maraq var idi. İndi hər hansı güc mərkəzinin Qarabağ məsələsində belə bir marağı varsa, o addımı atacaq”.

Ermənistanın nə üçün əvvəl və indi Qarabağın müstəqilliyini tanımadığı sualına Qarik Keryan belə cavab verib: “Keçmişdə Qarabağın müstəqilliyini tanımağa çağıran qüvvələr var idi, lakin Ermənistanda heç bir hökumət bu addımı atmadı. Dedilər ki, danışıqlar prosesi gedir, həmsədr ölkələr Ermənistanın bu addımını təxribat, təxribatçı addım kimi görəcəkdilər və Bakıya əlavə oyun kartı veriləcəkdi. Yəni Ermənistan hökuməti məsələnin həllini danışıqlarda gördü və mən bunu düzgün hesab edirəm. Əgər Ermənistan Qarabağın müstəqilliyini tanısaydı, o zaman hansı danışıqlar aparılacaqdı? Belə olan halda bütün günah Ermənistanın üzərinə düşəcəkdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər