10 Dekabr 2017 09:33
7 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

…məsələn, 2015-ci ildə yerli və xarici kütləvi informasiya vasitələrində İranın Qum şəhərində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH – Sepah-e pasdaran-e enqelab-e Eslami) nəzarəti altında olan əl-Mehdi mədrəsəsinin “məzunu və tanınmış ilahiyyatçı” Arsen Safaryanın (bəzi erməni mənbələrində “Armen Safaryan”) “Ermənistanın və Dağlıq Qarabağın müftisi” təyin olunması haqqında informasiya geniş ictimai rezonans doğurmuşdu. Qeyd etmək lazımdır ki, o, 1992-1995-ci illərdə Azərbaycan İslam Partiyasının vasitəsilə qeyri-qanuni yolla İrana aparılan təqribən 600 gənc hizbullahçı kimi məhz həmin mədrəsədə hərbi-dini təhsil alıb. Burada dini dərslərlə yanaşı, Azərbaycan dövlətçiliyi əleyhinə tədbirlər keçirilmiş, hətta 1992-ci ildə ayətullahların gözləri qarşısında Azərbaycanın dövlət bayrağı yandırılmışdı. İran mətbuatının da Ermənistan saytlarına istinadən yaydığı məlumata əsasən, “erməni müftisi” bilavasitə İranın bəzi dini dairələrinin himayəsi altında fəaliyyət göstərəcək, Ermənistanda və Dağlıq Qarabağda şiə icmasının formalaşması, burada islam dininin dayaqlarının möhkəmləndirilməsi, “Qarabağ xalqının tarixi irsi və mülkiyyəti sayılan” islam abidələrinin bərpası və qorunması ilə məşğul olacaqdır. Lakin “erməni Seyid Arsen ağanın” kimliyi, təqlid etdiyi İran müctehidləri, tədqiqatları, “islam düşməni olan Amerika imperializminə və İsrail sionizminə” dair çıxışları haqqında nəinki İranın, hətta Ermənistanın saytlarında da heç bir məlumat yoxdur.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Görəsən, İranda və Ermənistanda müsəlman erməni varmı? İran «ümmət» anlayışını əsas götürərək susur, İrəvan isə bu suala birmənalı cavab vermək istəmir. Belə ki, Yaxın və Orta Şərqdə, Şimali və Cənubi Qafqazda, Rusiyada, Avropada, Mərkəzi Asiyada, hətta Şimali Afrikada cidd-cəhdlə «zorən islamlaşdırılmış» ermənilərin axtarışına çıxıldığı halda, nədənsə İran bu tədqiqatlardan kənarda qalmışdır. Ermənistanın elmi mənbələrində İrandakı müsəlman erməni icmasının mövcudluğuna epizodik eyham vurulmasına baxmayaraq, əhatəli məlumat yox dərəcədədir. Güman ki, İranın dövlət siyasətində ölkə müsəlmanlarının etnik tərkibə bölünməsinin arzuolunmazlığı prinsipi Ermənistanı bu məsələyə xüsusi həssaslıqla yanaşmağa vadar edir. Odur ki, indiyədək nə İran, nə də Ermənistan rəhbərlərinin rəsmi görüşlərində, elmi araşdırmalarda İran İslam Respublikasındakı «müsəlman ermənilər», «farslaşmış ermənilər» və ya «erməni tatlar» (qriqorian tatlar) mövzusunun gündəmə gətirilməsi siyasi baxımdan məqsədəuyğun sayılmışdır. Amma İranın Ermənistan ərazisində «müsəlman erməni» icmasının axtarışına başlamasını və təbliğini də «gözlənilməz addım» adlandırmaq çətindir. Bu isə təkcə elmi maraqdan irəli gəlməmişdir…

2017-ci il may ayının 25-də İran İslam Respublikasının Dövlət Teleradio Təşkilatının mətbu orqanı olan «Came-cəm» qəzetində dərc edilmiş «Nuhun nəslindən olan millət» başlıqlı məqalənin müəllifləri sensasiya yaratmaq istəsələr də, həmin yazı həm də tarixi və coğrafi savadsızlıq nümunəsi olaraq diqqəti cəlb etmişdir. Məqalədən belə məlum olur ki, bu torpaqlarda heç vaxt Azərbaycan türkləri yaşamamışdır və buradakı tarix-mədəniyyət abidələri farslara və bir də «müsəlman ermənilərə» məxsus olmuşdur. Bundan başqa, Ermənistan Respublikasının şimaldan Gürcüstan, şərqdən Azərbaycan, qərbdən Türkiyə, «cənubdan isə İran və Naxçıvanla (?) həmsərhəd dövlət» olduğu göstərilir. Ermənistanın əhalisi özünü «hay» adlandırır və bu etnonim eramızdan çox-çox əvvəl ildə Ararat dağının ətəklərində Babil hökmdarını məğlub etmiş erməni sərkərdəsi Haykın adı ilə bağlıdır (?). O da məlum olur ki, ermənilərin farslara məhəbbətinin tarixi də qədim dövrlərə gedib çıxır. Belə ki, «orta əsrlərdə ermənilər qardaş fars xalqının məkan bildirən «stan» kəlməsini böyük sevgi ilə götürüb «hay» sözünə əlavə etmiş və öz ölkələrini «Hayastan» adlandırmışlar». İndi isə məqalənin maraq doğuran digər hissəsinə diqqət yetirək. Müəlliflərin qənaətinə əsasən, sən demə «islam Ermənistanın (söhbət «Ermənistan» coğrafi məkanından deyil, 1918-ci ildə tarixi Azərbaycan ərazilərində yaradılmış süni dövlətdən gedir) qədim dinlərindən biridir və ölkə ucsuz-bucaqsız Sasani dövlətinin varisi olan İranın ağuşuna yenidən qayıtdıqdan sonra daha geniş yayılmağa başlamışdır. On ikinci əsrdə Səlcuq türklərinin və ərəblərin (?) buraya hərbi yürüşləri nəticəsində ermənilərin bir qrupu islam dinini qəbul etmişdir… Müsəlman ermənilər islam dininə ciddi maraq göstərirlər. İlk dəfə 1910-cu ildə Quran ərəb dilindən erməni dilinə çevrilmiş, iki il sonra isə Quranın fransız dilində olan variantı tərcümə edilmişdir».

Məqalədə daha sonra Ermənistanda indi də xeyli sayda müsəlman erməninin yaşaması, maneəsiz olaraq ibadətlə məşğul olması da vurğulanır: «PEW elmi-tədqiqat mərkəzinin məlumatına görə, hazırda burada 40 min müsəlman yaşayır və onların yalnız bir hissəsi İran müsəlmanlarıdır. İrəvanda hazırda onlar üçün səkkiz şiə məscidi fəaliyyət göstərir». Böyük hissəsi «Allah-taalanın sadiq qulları olan müsəlman ermənilərdən» ibarət olan icma üçün Ermənistanda yaradılan şəraitə gəldikdə isə qəzet bunları yazır: «Ermənistan müsəlmanları (müsəlman ermənilər – A.Q.) Ramazan ayında hər gün məscidlərdə iftar süfrəsinə yığışır, həmrəylik nümayiş etdirirlər. Ramazan bayramı günü isə məscidlərdə oxunan dualardan sonra qohumlarına baş çəkir, bir-birini şirniyyata qonaq edirlər. Kasıbları da unutmur, hətta başqa dinlərdən olan imkansızlara yardım əllərini uzadırlar». Burada kiçik bir haşiyə çıxaq. «Came-cəm» qəzeti iddialarını vizual şəkildə əsalandırmaq üçün «Ermənistandakı müsəlman erməni ailəsinin» fotoşəklini də dərc etmişdir. Lakin şəkil seçimində ya tələsmiş, ya da Ermənistandakı həmkarları onlarla yenə də qeyri-səmimi davranmışlar. Belə ki, həmin şəkildə Ermənistandakı «müsəlman ermənilər» deyil... Türkiyədə yaşayan həmşinlilər təsvir olunmuşdur.

İran mətbuatında «Ermənistanın müsəlman erməniləri» mövzusunun aktuallaşdırılmasına dair başqa bir misal. İran İslam Respublikasının aparıcı dini mərkəzi olan Qum Elmi Hövzəsinin internet saytında 2017-ci il iyun ayının 11-də doktor Mortəza Əşrəfinin imzası ilə «Ermənistan müsəlmanları – İran tarixinin yadigarları» başlıqlı məqalə yayılmışdı. Onun əvvəlki məqalədəki savadsızlıqla oxşar cəhəti «azad, müstəqil Ermənistan Respublikası»nın coğrafi mövqeyindən danışarkən yenə də onun «Azərbaycan, Gürcüstan, İran, Türkiyə və …Naxçıvanla həmsərhəd dövlət olması» barədə məlumat verməsi və Ermənistanı «islam mədəniyyəti mərkəzlərindən biri, islam ənənələrinin və şiəliyin qoruyucusu(!)» kimi təqdim etməsidir. Ermənistanın hazırda monoetnik dövlət olmasını «unudan» M.Əşrəfi onu da xüsusi vurğulayır ki, «burada digər keçmiş sovet respublikalarına (Azərbaycan Respublikası da daxil olmaqla – A.Q.) xas olan etnik xaos yoxdur. Çünki Ermənistanın qanunları etnik azlıqların hüquqlarının qorunmasına təminat verir» (?). Yeri gəlmişkən, müəllifin yuxarıda misal göstərilən hər iki fikri rəsmi İrəvanın Azərbaycan əleyhinə istifadə etdiyi təbliğat miflərinin tamamilə təkrarıdır. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı asimmetrik mübarizəsində ölkədə separatizm təzahürlərinin həm də məzhəb ədavəti üzərində həvəsləndirilməsi mühüm yer tutur. Belə ki, İranın bu gün «şiə müsəlmanların təəssübkeşi» qismində təqdim etdiyi Ermənistan Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən talış və ləzgi separatizmi rəhbərləri ilə birgə İrəvanda keçirilən tədbirlərdə (məsələn: «Qarabağ münaqişəsi: tarix və müasirlik», Yerevan, 14.06.2016) məhz İranın müəyyən dairələrinin maraqlarına uyğun çıxışlar təşkil edir və burada guya Azərbaycan Respublikasında şiələrin təqib olunması, ölkədə bu məzhəbin «yalnız irandilli tat və talışlar tərəfindən qorunması», sələfilərin sayının isə bir milyona çatması, rəsmi Bakının dini-siyasi ekstremizmi dəstəkləməsi kimi sərsəm fikirlər səsləndirilir.

Region tarixindən xəbərsiz olan M.Əşrəfi türk tayfalarının «müstəqil islam Ermənistanı»nı süquta yetirməsini ürək ağrısı ilə belə qeyd edir: «İki yüz il xilafətin tərkibində tarixdə ən uzun suverenlik dövrünü yaşasa da, türklərin basqınları nəticəsində dövlət müstəqilliyini itirmişdi». Amma Səfəvi fars dövlətinin tərkibində olarkən ermənilər xoşbəxtlik və firavanlıq içərisində həyat sürmüş, İranın Avropa, Hindistan və digər dövlətlərlə ticarət əlaqələrinin qurulmasında müstəsna xidmətlər göstərmişlər. Məqalədə o da bildirilir ki, «hazırda Ermənistan əhalisinin 2,4%-i müsəlmanlardan ibarətdir». Müəllif Ermənistanda «xristian kilsələri ilə yanaşı İranın burada ucaltdığı» islam dini tikililərinə də dövlətin böyük qayğı və diqqət göstərdiyini, dağıdılmış abidələrin (kimlər tərəfindən dağıdıldığı barədə isə susur) bərpa edildiyini və möminlərin istifadəsinə verildiyini böyük məmnuniyyət hissi ilə vurgulayır: «İndi Ermənistandakı İran memarlığı nümunələri xarici turistlərin ən çox ziyarət etdiyi məskənlərdən biridir». Məqalədə o da göstərilir ki, hələ 1995-ci ildə Ermənistanda İran mədəniyyəti obyektlərinin bərpasına dair hökumətlərarası saziş imzalanmış, maliyyə vəsaitinin ödənilməsi İranın «Bonyade-mostəzəfan və Canbazan» təşkilatına (Binəsiblər və İslam İnqilabı Veteranları Fonduna) həvalə edilmişdir: «Təmir işlərindən sonra Ermənistandakı bütün müsəlmanlar, o cümlədən İrandan kənarda yaşayan İİR vətəndaşlarının ibadətləri və dini ayinlərin icrası üçün əlverişli şərait yaradılmışdır. Eyni zamanda, Ermənistan Respublikasının İslam Mədəniyyət Mərkəzi də fəaliyyətə başlamışdır». M.Əşrəfi onu da əlavə edir ki, Ermənistanda islam tarixi və mədəniyyətinin, «İran identikliyinin» və islam elmlərinin öyrənilməsi və təbliği istiqamətində mühüm addımlar atılmış, bu mövzuda 85 kitab kütləvi tirajla nəşr edilmişdir. Yeri gəlmişkən, Ermənistandakı «müsəlman ermənilərin» dini maariflənməsinə dair başqa bir misal. Əhli-Beyt Xəbər Agentliyinin (ABNA) yaydığı məlumata görə, İrəvanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzi 2015-ci ildən etibarən Qurani-Kərimi erməni dilinə tərcümə etməyə başlamışdır. İranın Ermənistandakı səfirliyinin mədəniyyət attaşesi Maçin Moşki jurnalistlərə bildirmişdir ki, əvvəlki tərcümə variantının qüsurlu olması səbəbindən iranlı mütəxəssislər bu işi öz öhdələrinə götürmüşlər. Tərcümə olunmuş hissələr İrəvandakı Göy məscidin internet səhifəsində yerləşdirilmişdir.

Ermənistan, Rusiya və Türkiyənin kütləvi informasiya vasitələrində müsəlman ermənilərin Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə, Azərbaycanın işğal olunmuş ərazilərində «müsəlman erməni icmalarının bərpasına», bölgədəki etnik azərbaycanlıların «islam dinini qəbul etmiş ermənilər» kimi təqdimatına dair informasiya və dezinformasiya xarakterli məlumatlar vaxtaşırı yayılmaqdadır. Bir çox hallarda həmin informasiyaların vahid mərkəzdən istiqamətləndirilməsi barədə ehtimallar getdikcə təsdiqini tapmaqdadır. Məsələn, 2015-ci ildə yerli və xarici kütləvi informasiya vasitələrində İranın Qum şəhərində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH – Sepah-e pasdaran-e enqelab-e Eslami) nəzarəti altında olan əl-Mehdi mədrəsəsinin «məzunu və tanınmış ilahiyyatçı» Arsen Safaryanın (bəzi erməni mənbələrində «Armen Safaryan») «Ermənistanın və Dağlıq Qarabağın müftisi» təyin olunması haqqında informasiya geniş ictimai rezonans doğurmuşdur. Qeyd etmək lazımdır ki, o, 1992-1995-ci illərdə Azərbaycan İslam Partiyasının vasitəsilə qeyri-qanuni yolla İrana aparılan təqribən 600 gənc hizbullahçı kimi məhz həmin mədrəsədə hərbi-dini təhsil almışdır. Burada dini dərslərlə yanaşı Azərbaycan dövlətçiliyi əleyhinə tədbirlər keçirilmiş, hətta 1992-ci ildə ayətullahların gözləri qarşısında Azərbaycanın dövlət bayrağı yandırılmışdır. İran mətbuatının da Ermənistan saytlarına istinadən yaydığı məlumata əsasən, «erməni müftisi» bilavasitə İranın bəzi dini dairələrinin himayəsi altında fəaliyyət göstərəcək, Ermənistanda və Dağlıq Qarabağda şiə icmasının formalaşması, burada islam dininin dayaqlarının möhkəmləndirilməsi, «Qarabağ xalqının tarixi irsi və mülkiyyəti sayılan» islam abidələrinin bərpası və qorunması ilə məşğul olacaqdır. Lakin «erməni Seyid Arsen ağanın» kimliyi, təqlid etdiyi İran müştehidləri, tədqiqatları, «islam düşməni olan Amerika imperializminə və İsrail sionizminə» dair çıxışları haqqında nəinki İranın, hətta Ermənistanın saytlarında da heç bir məlumat yoxdur.

İctimai rəydə belə təsəvvür yaradılırdı ki, Ermənistanın hələlik «dərin konservasiyada» saxladığı bu təyinatdan məqsəd gələcəkdə Ermənistanın və qondarma «Dağlıq Qarabağ Respublikası»nın şiə müsəlmanlarının Azərbaycanın, Qafqaz Müsəlmanları İdarəsinin təsiri altına düşməsinə yol verməmək, Ermənistanı həm də müsəlman dünyasının ayrılmaz subyekti qismində tanıtmaq, «müfti Arsen Safaryan» vasitəsilə «müsəlman ermənilər» problemini islam dövlətlərinin diqqətinə çatdırmaq, ən nəhayət, gələcəkdə Şərqi Anadolu və Naxçıvan da daxil olmaqla «Qərbi Ermənistan» və «Şərqi Ermənistan» (Dağlıq Qarabağ) müsəlmanlarının vahid dini-siyasi mərkəzini formalaşdırmaqdır. Bundan başqa, Cənubi Qafqazda «müsəlman ermənilər» amili İranın bəzi dairələrinin həmin dini icma vasitəsilə regionda gedən etnosiyasi proseslərə daha intensiv müdaxiləsinə imkan verməklə onlara qondarma «Dağlıq Qarabağ Respublikası müsəlman əhalisinin müdafiəçisi» statusunu qazandıracaq və Azərbaycan təsir imkanlarını artıracaqdır. Lakin araşdırmalara əsasən, İranın nə təsdiq, nə də təkzib etdiyi xəyali «Arsen Safaryan» obrazının, əslində, Ermənistanın növbəti təbliğat mifi olması ehtimalı getdikcə öz təsdiqini tapmaqdadır. Əslində, İran da bunun təbliğat oyunu, dezinformasiya olduğunu yaxşı bilir və məhz bu səbəbdən məsələyə ciddi yanaşmırdı. Çünki şiəlik məzhəbində müftilik təsisatı yoxdur! Əgər «şiəliyin müdafiəçisi» kimi təqdim edilən Ermənistanda bu msələni gündəmə gətirən siyasi texnoloqların islam məzhəbləri haqqında nisbi anlayışları olsaydı və Arsen Safaryanı «şeyxül-islam», ən yaxşı halda isə «axund» kimi qələmə versəydilər, bəlkə də, həmin informasiya daha inandırıcı görünə bilərdi…

Bununla belə, «şiə müftisi təyinatı» barədə yayılan informasiya İrəvanın Azərbaycanda gözlədiyi təbliğat effektini yarada bilməmişdir. Əksinə, Azərbaycanda geniş müzakirələrə səbəb olsa da, təbliğat «bumeranqı» Ermənistanın üzərinə qayıtmış, burada əhalinin böyük hissəsində aqressiv reaksiya doğurmuş, radikal millətçi dairələrdə, hətta Eçmiədzində kəskin narazılıqla qarşılanmışdır. Məsələn, ermənistanlı «türkşünas» Akop Çakryan «Aravot» qəzetinə verdiyi müsahibədə «Ermənistan müftisi»nin təyinatına hiddətini belə ifadə etmişdir: «Bizdə nə müsəlman ruhaniləri, nə də fəaliyyət göstərən məscidlər vardır. Ermənistanda yalnız Göy məscid vardır və o da İran səfirliyinin himayəsi altındadır. Ermənistanda müsəlman ermənilər olmadığı üçün həmin məscidə yalnız iranlılar gəlirlər. Ermənistanda kriptoermənilər də yoxdur. Onlar Türkiyədədirlər». Eçmiədzin də bu informasiyaya mənfi münasibətini çox gözlətmədi. Erməni patriarxlığında mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Zakari Baqumyan də həmin məlumatı əsassız adlandırmış və əlavə etmişdir ki, nə Ermənistanda, nə də Dağlıq Qarabağda müsəlman ermənilər yaşayır. Buna görə də Eçmiədzin bu məlumatı şərh etmək niyyətində deyildir.

İran və Ermənistan arasında «islami» və etnik bağlar möhkəmlənməkdədir. 2017-ci il fevral ayının 2-də Tehranda rəsmi səfərdə olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İranın sabiq xarici işlər naziri, hazırda Məsləhət Şurasının nəzdindəki Strateji Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində işləyən və İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayəti ilə görüşmüşdür. Ə.Vilayəti ölkəsində bəxtəvərlik içində yaşayan ermənilər haqqında ürək sözlərini belə ifadə etmişdir: «İrandakı ən böyük qeyri-müsəlman icması ermənilərdir. Onlar uzun illərdir İranda məskunlaşmışlar və onların müsəlmanlarla heç vaxt problemləri olmamışdır… Maraqlıdır ki, erməni vətəndaşlarımız hətta müsəlmanların bəzi dini mərasimlərində, məsələn, Aşurada iştirak edirlər, bu da iki ölkənin mədəni yaxınlığının səviyyəsini göstərir». İranın «Əhli-beyt» təşkilatının rəhbəri ayətullah Həsən Əxtəri isə katalikos II Qareginin dəvəti ilə Eçmiədzində olarkən fars və erməniləri «qohum xalqlar» adlandırmışdır. «Türkiyə və Azərbaycanda yaşayan müsəlman ermənilər», eləcə də Azərbaycanda yaşayan azsaylı xalqlar məsələsində xüsusi fəallıq göstərən İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyan isə Həsən Əxtəri ilə söhbət zamanı İran-Ermənistan əlaqələrini Azərbaycan və Türkiyə münasibətlərinə alternativ olaraq «bir millət, iki dövlət» kimi dəyərləndirmişdir.

Əli Əkbər Vilayətinin və Həsən Əxtərinin çıxışlarından belə anlaşılır ki, onlar XX əsrin əvvəllərində ermənilərin İranda müsəlman əhaliyə qarşı törətdikləri cinayətləri «unuda» biliblər. Xatırladaq ki, 1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı işğal etməsindən sonra ermənilərin hərbi hissələri Xoy, Salmas, Urmiya, Maku və Təbrizdə dinc əhaliyə qarşı qırğınlar törətmişdilər. Daşnak partiyası isə bu məqamdan istifadə edərək qərargahını Afinadan Tehrana, buradakı erməni məktəbinin binasına köçürmüşdür. Erməni quldur dəstələrinin başçısı Eprem xan (Yeprem Davtyan) xatirələrində şəxsən törətdiyi cinayətlər haqqında yazır: «1908-ci il fevral ayının 8-də Qiyas Nizami oğlu Nasir xanı müavini ilə birlikdə Qəzvində öldürdüm. Sonra onun fərraş başçısı Vəli xanı tapıb qətlə yetirdim. Qəzvindən 35 kilometr aralıda – «Xurzan» adlı yerdə erməni dəstəsilə birlikdə şahsevənlərdən 58 nəfəri öldürüb, 46 nəfəri isə yaraladıq. Qəsdən qadınları öldürürdük. Çünki onlar çadralarının altında silah daşıyırdılar. Uşaqları qəsdən öldürmədik. Onlar təsadüfi güllələrin qurbanı oldular… Aprelin 19-da 90 nəfərlik erməni dəstəsi ilə Qəzvinə hərəkət etdik. Qiyas Nizaminin 21 yaşlı oğlunu əsir götürdüm. Qəzvində 60-70 nəfəri öldürüb, 35 nəfəri yaraladıq. Sərdarı tutub güllələdim».

O da bir faktdır ki, İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və beynəlxalq hüquq çərçivəsində həllinə dair dəyişilməz mövqeyinə baxmayaraq, müəyyən dini-siyasi dairələr rəsmi Tehranın öz mövqeyində səmimiliyinə və ciddiliyinə xələl gətirməkdədirlər. Onu da əlavə edək ki, İran İslam Respublikasının Rusiya Federasiyasında sabiq səfiri Seyid Mahmud Rza Səcadi 2011-ci ildə Rusiya ermənilərinin «Ноев Ковчег» qəzetinə verdiyi müsahibəsində qondarma «Dağlıq Qarabağ Respublikası»nın işğal altında olan Şuşa məscidinin bərpasına 2 milyon dollar vəsait ayırmasını «Qarabağ hökumətinin nəcib addımı» kimi dəyərləndirmişdir.

Bu sırada Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərində ermənilərin dağıtdığı məscidlərin «fars memarlığı nümunələri» adı altında bərpası Ermənistan hakimiyyətini islam dövlətlərinin qınağından xilas edir və ona Azərbaycana qarşı növbəti iddialar irəli sürməyə əlavə imkanlar yaradır. Məsələn, 2016-cı il dekabr ayının 7-də qondarma «Dağlıq Qarabağ Respublikası»nın İqtisadiyyat Nazirliyi və İranın «Part Saman Cahan Co.» şirkəti (ünvan: İran, Shiraz, Narvan street, 14th Ave Narvan, №83, tel: (+98)71-32278444-6, email: info@jpsc.ir) danışıqlar nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında olan Şuşa şəhərindəki Gövhər ağa məscidinin bərpasına dair müqavilə imzalamışlar. Bir müddət əvvəl həmin məscidi artilleriya atəşi ilə bərbad vəziyyətə salan, onu silah anbarına və tövləyə çevirən «qan qardaşlarının» – xristian ermənilərin xahişinə «bəçeşm» cavabını verən iranlı mömin bəradərlərin dərhal qollarını çırmalayaraq işə başlaması Azərbaycanda haqlı təəssüf hissinə səbəb olmuşdur. Yayılan məlumata görə, layihənin müəllifi iranlı memar Səid Nəhavəndidir, bərpa işlərinin maliyyələşdirilməsini isə Ermənistandakı Şərqin Tarixi İrsinin İntibahı Fondu öhdəsinə götürmüşdür.

Geotexnika, sənaye obyektlərinin layihələndirilməsi və inşası üzrə ixtisaslaşdırılmış şirkətin məscidin bərpasına və arxeoloji qazıntılara cəlb olunması nə qədər məntiqsiz görünsə də, Ermənistanın və onun iranlı məsləkdaşlarının Azərbaycanın maddi-mədəni irs nümunələrinin «fars və erməni abidələri» adı altında özününküləşdirməsinin sadə və dəqiq izahı vardır. Belə ki, qondarma «Dağlıq Qarabağ Respublikası»nın iqtisadiyyat nazirinin müavini Sergey Şahverdiyan həmin birgə səylərin səbəblərini belə açıqlamışdır: «Dini mənsubiyyətindən asılı olmayaraq, Qarabağ xalqının tarixi mülkiyyəti olan Gövhər ağa məscidi həm İran mədəniyyəti muzeyi kimi fəaliyyət göstərəcək, həm də Qarabağa gələn müsəlmanlar üçün ibadət yeri olacaqdır. Bərpa işlərinə İran şirkətinin cəlb olunması isə təsadüfi deyildir. Çünki bu tikili fars imperiyası ilə Cənubi Qafqaz və Arsax (Qarabağ) arasında tarixi əlaqələrin təcəssümüdür». Digər səbəb isə yuxarıda qeyd edildiyi kimi, perspektivdə işğal altında olan Azərbaycan ərazisinə «repatriasiya» edilən müsəlman (şiə) ermənilərin ibadəti üçün indidən əlverişli şəraitin yaradılmasıdır...

(Ardı var)


Müəllif: Səxavət