29 Sentyabr 2017 22:07
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi (JEM) "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsi davam edir.

Teleqraf.com-a JEM-dən verilən məlumata görə, 4 ay müddətində - iyul - noyabr ayları boyunca keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər.

Layihəyə iyulun 17-də Filarmoniyada start verilib. JEM və təhsil ocağı rəhbərliyinin, rəsm müəllimlərinin və rəssamların, onların valideynlərinin iştirakı ilə keçirilən təqdimat mərasimində Mərkəzin sədri Ceyhun Musaoğlu görüləcək işlərin məqsədi, məramı, mahiyyəti barədə ətraflı məlumat verib.

Artıq şəhidlərin obrazlarının eskizləri tamamlanmaq üzrədir. Bu barədə JEM-dən yayılan məlumatda bildirilir. Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlının koordinatorluğu ilə həvəslə işləyən yeniyetmə rəssamlar obrazlarını yaratdıqları qəhrəmanların həyat və döyüş yolu barədə ətarflı öyrəniblər, oxuduqlarından aldıqları təəssürat rəsmlərdə xüsusi qabardılır.

G.Əzizxanlının sözlərinə görə, rəssamlarla yanaşı, onların valideynləri də övladlarının olduqca gərəkli və maraqlı layihəyə cəlb olunmalarından qürur duyur, layihəyə dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Layihənin koordinatoru onu da vurğulayıb ki, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik hissi oyatmaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir.

Məlumatda deyilir ki, 50 qəhrəmanın təsvir olunduğu rəsm əsərlərinin çəkilmə prosesi tam yekunlaşandan sonra - noyabrda Azərbaycan Hərb Tarixi Muzeyində sərgi olacaq, tədbirdə rəsm müəllifləri ilə yanaşı şəhid ailələri, ictimaiyyət nümayəndələri, KİV orqanları əməkdaşlarının iştirakı nəzərdə tutulur.

Sonda rəsm əsərləri muzeyə hədiyyə olunacaq, yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Rəssamlar qəhrəmanların obrazlarını yaradarkən, tanınmış jurnalist Aida Eyvazlının aprel döyüşləri şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabından yararlanıblar. Bu kitab qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün yaxşı əyani vəsaitdir.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər