21 Noyabr 2017 09:40
26 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uğur yolu Moskvanın Böyük Teatrında “Cücələrim”i ifa etməsi ilə başladı. Bir gecənin içində sovet məkanında tanınmış uşağa çevrildi. “Cücələrim” məhz onun ifasında “Ən yaxşı uşaq səsləri” valına yazıldı. Ardınca həyatının dublyaj dövrü başladı. Dünya kinosunun yüzdən artıq qəhrəmanı onun səsi ilə Azərbaycan dilində danışdı.

Sonra “Ulduz”un Yetəri ilə kino karyerasının təməli qoyuldu, 10-dan çox filmə çəkildi. 1990-cı illərdə yaradıcılığında yeni səhifə açdı: dünyada analoqu olmayan əsərlər yaratdı. Floristika (bitkilərlə dizayn-red.) sahəsində yeni professional istiqamətin yaradıcısı kimi beynəlxalq sertifikata layiq görüldü. Hazırda o bu janrda canlı güllərdən istifadə edən yeganə dizayner-floristdir.

Bu dəfə Teleqraf.com əməkdar artist Suğra Bağırzadənin “Məşhur məktublar”ını araşdıracaq.

“Sevgi məktublarını cırıb tullayırdım, çünki...”

- Suğra xanım, çox uşaq yaşlarından məşhurlaşmısınız. Yəqin ki, aldığınız məktubların sayı-hesabı olmaz.

- Kisələrlə məktub alırdım. “Cücələrim” mahnısını Moskvada Böyük Teatrın səhnəsində oxuyandan sonra SSRİ məkanında məşhurlaşdım. SSRİ-nin müxtəlif bölgələrindən mənə məktublar gəlirdi. Atam dəli olurdu. Məktubları məktəbə aparıb, sinif uşaqlarına paylayırdım.

- Niyə?

- Məktublar o qədər çox idi ki, hamısını cavablandırmağa vaxt yox idi. Həmişə uşaqlara tapşırırdım ki, “məktubu Suğranın xahişi ilə filankəs yazır” qeydini unutmayın. Məktubları evə gətirəndə cavab yazmaları üçün bacılarıma da verirdim.

- Həmin məktubları saxlayırsınızmı?

- Xeyr, heç birini saxlamamışam. Məktublaşma o dövrdə geniş yayılmışdı. Hamı bir-biri ilə məktublaşırdı. 1959-cu ildə Moskvadakı incəsənət ongünlüyündəki çıxışımdan sonra məni Ruminiyada Karpat dağlarında baş tutan Ümumdünya İncəsənət Artekinə göndərdilər.

45 gün ərzində keçirilən tədbirdə SSRİ-yə daxil olan hər ölkəni bir uşaq təmsil edirdi. Azərbaycandan da məni seçmişdilər. Hətta yadımdadır ki, bunun üçün Rəşid Behbudov mənə dünya mahnılarını da öyrətdi. Eyni zamanda vaxtilə Müslüm Maqomayevlə məşğul olan, tanınmış pedoqoq Aleksandr Milavanovdan da vokal dərslər aldım. O, həmişə deyirdi ki, mənim sopranom ilə operada da oxumağım mümkündür. Artekdə çox uşaqlarla dost oldum, zarafat deyil, 45 gün orada qalmışdım. Sonralar o uşaqlarla da məktublaşırdıq.

- Məktublarda daha çox nədən yazırdılar?

- Mənimlə dostluq etmək istəyirdilər. “Cücələrim”i və səsimi bəyəndiklərini yazırdılar. Sonralar “Ulduz” filmində Yetər roluna çəkildim və məktubların sayı daha da artdı.

- Bəs sevgi məktubları?..

- Sevgi məktubları az olurdu.

- Niyəsə inanmağım gəlmir...

- Bilirsiniz, o dövrdə sevgi məktubları çox az-az yazılırdı. Oğlan qızı sevirdisə, ona hansısa münasibət bəsləyirdisə, bu, heç vaxt açıq formada özünü büruzə verməzdi. Öncə dostluq təklif edilirdi, bu nə vaxtsa məhəbbətə çevrilərdi, ya yox – sonrakı məsələ idi. Mən oxuyan sinifdən yalnız bir cütlük sonra ailə qurdu. Birinci sinifdən birlikdə oxuyurdular, bilikdə otururdular.
Aldığım sevgi məktublarını cırıb tullayırdım ki, atamın əlinə düşməsin. O məktubları anam götürürdüsə, atam görməsin deyə, tez qızların otağında gizlədirdi. Hərdən olurdu ki, atam işdən gələndə JEK-in müdirini görürdü, əlinə gələn məktubları atama verirdi. O da əsəbiləşirdi, deyirdi, bu nə biabırçılıqdı.

Atamın çox ciddi xarakteri vardı, mənim aktrisa olmağımı istəmirdi. Məni kinostudiyadan Moskvaya təhsil almağa göndərirdilər, atam nə ora getməyə icazə verdi, nə də Bakıdakı Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti- N.M.) sənəd verməyimə...

- Bəs nə əcəb sizin uşaqkən Pionerlər Sarayına getməyinizə razılıq vermişdi?

- Bacım Elmira xorda oxuyurdu. Mənim də uşaqlıqdan oxumağa, rəqs etməyə çox həvəsim vardı. Ona görə anam və bacım məni Pionerlər Sarayındakı xora yazdırdılar. Az keçməmiş xorun solisti oldum. Ardınca da 1959-cu ilin uğuru gəldi.
Mənim adımı xora yazdıranda atam şərt kəsdi ki, məktəbdəki dərslərin hansı birindənsə dörd qiyməti alsan, bir də Pionerlər Sarayına getməyəcəksən. Həftədə üç dəfə xor dərsinə gedirdim, iki dəfə vokalla məşğul olurdum. Rumuniyadakı Artekə hazırlaşmaq üçün xoreqrafiya –balet truppası ilə məşğul olurdum, çünki səhnədə oynamaqla yanaşı həm də rəqs etməli idim. Məktəbdən evə gəlib, bir tikə çörək yeyib Pionerlər Sarayına gedirdim, gələndən sonra da məktəb dərslərimi edirdim. Belə zaman kəsimində mənə yazılan məktublara vaxt ayırmaq, onlara cavab vermək çox çətin idi.

- Bu layihə çərçivəsində fikirlərini soruşduğum bir çox məşhur aktyor və aktrisalar sevdikləri aktyorlara məktub yazdıqlarını etiraf ediblər. Siz necə?

- Mən məşhur aktrisa Yelena Bıstritskayanın pərəstişkarı idim. Peşəkar aktrisa, gözəl qadın idi... Ona vurğun olmamaq mümkün deyildi. O dövrün aktyor və aktrisalarını çox bəyənirdim. Amma heç vaxt onlara məktub yazmamışam.

“Yoldaşım elə bir məktub yazdı ki...”

- Sizə yazılan məktublardan hansı biri yaddaşınızda dərin izlər buraxıb?

- İndi xatırlamaq istəyirəm, amma yadıma düşmür.

- Heç həyat yoldaşınızın da məktublarını xatırlamadınız?

- Maraqlı bir hadisəni danışım sizə. Yoldaşım mənə yalnız bir dəfə məktub yazıb. O da ikinci qızım dünyaya gələndə. Qızım fevralın 23-ü doğulub. Həmin tarixdə də kişilər günü qeyd olunurdu. Mən xəstəxanada idim, yoldaşım mənə elə bir məktub yazdı ki, indiyənə kimi onu xatırlayıb gülürük. Yazırdı yaxşı olardı ki, 8 martda oğlan dünyaya gətirərdin. Məktubu həkimlərimə də göstərmişdim. Xəstəxanada hamı mənə gülürdü. O zamanlar doğulmamışdan uşağın cinsiyyətini müəyyən etmək olmurdu. Yoldaşım ikinci övladımızın oğlan olmasını istəyirdi.
Bax, həmin məktubu uzun illər saxladım, sonra qızıma verdim.

- Amma əvəzində iki oğlan nəvəniz var...

- Çox şükür. Sevinirəm ki, qızlarım oğul anasıdır. Kiçik qızımın bir sözü var, deyir, istəyirsən ki, yanında əsl kişi olsun, oğul dünyaya gətirib, onu böyüt. Ən balaca nəvəm Cavad çox nadincdir. Balacadır, hamı onu ərköyün saxlayır. Amma məndən çəkinir. Hərdən deyirəm, Cavad, mən səninlə kişi kimi söhbət eləmək istəyirəm, olar? Deyir, olar. Bəzən də deyir, vaxtım yoxdur, sonra danışarıq. Küsürəm, deyirəm, gedirəm evə, nə vaxt həvəsin olsa zəng elə, vaxtı dəqiqləşdirək danışaq. Elə də eləyirik. Bir də görürsən zəng edir ki, nənə, vaxtın olanda gəl, səninlə kişi kimi söhbət eləmək istəyirəm.

- Nəvələriniz çəkildiyiniz filmlərə baxırlar?

- Yox. Mən çəkilən filmlər indi dəbdə deyil. Onlar kinoteatrlarda ingilis dilində nümayiş olunan filmlərə baxırlar.

- Bəs sizi “Cücələrim”i oxuyarkən görəndə reaksiyaları necə olub?

- Nəvəm deyir orda çox gülməli qıza oxşayırsan.

“Rejissor məni Yetər roluna çəkmək istəmirdi”

-Yetərin adını çəkdiniz. Deyəsən, axı rejissor Ağarza Quliyev sizi o rola çəkmək istəmirmiş.

- Elədir. O filmdə rol almağım operator Yuli Fogermanın sayəsində baş tutdu. Mən “Cücələrim”i Moskvada oxuyanda həmin videoyazını Fogerman lentə almışdı. O vaxtdan onun diqqətini çəkmişdim. “Ulduz” filmi çəkiləndə onu Azərbaycana dəvət edirlər. O da xahiş edir ki, məni tapsınlar. Çünki uşaq vaxtı məni gördüyünə görə sonrakı taleyim ona çox maraqlı gəlirdi. Mən isə o zaman kinostudiyada dublyajda çalışırdım və bir filmdə də baş rol oynamışdım. Yəni kinostudiyada məni hamı tanıyırdı. Onun xahişi ilə məni sınağa dəvət etdilər. 15 yaşım vardı, Fogermanın məsləhəti ilə saçını yığdım, qaydaya saldım, hündürdaban ayaqqabı geyindim. O deyirdi ki, bununla yaşından daha böyük görsənəcəksən. Ağarza Quliyev yaşımın az olduğunu görüb məni Yetər roluna çəkmək istəmədi. Roluma həm Musiqili Komediya Teatrının aktrisaları, həm də İncəsənət İnstitutunun tələbələri namizəd idilər. Amma Fogelman təkid etdi. Beləcə mən çəkildim...

“O əsəri məzar daşının üstünə qoydum”

- Güllərə həvəsiniz ananızdan sizə keçib. Ona əsər həsr etmisiniz?

- Gözümü açandan evimizdə dibçək gülləri olub. Anam Məleykə xanım həmişə onlara qulluq edirdi, hansısa gülün yeri dar olanda daha iri qablara yığırdı. Anama çox minnətdaram. Uşaq üçün ən yaxşı tərbiyə onun anasıdır. O həmişə deyirdi ki, qadının evində hər şey gözəl olmalıdır. Güllər solanda qanı qaralırdı. Anama söz vermişdim ki, böyüyəndə elə bir şey fikirləşəcəm ki, güllər solmasın.

Uşaqlıqdan inadcılam, qarşıma məqsəd qoydumsa, ona doğru gedib, sonda nail oluram. Neft-Kimya İnstitutunun kimya fakültəsini oxuyanda məhlullarla işləməyi öyrəndim. Canlı güllərlə təcrübələr apardım. Elə ilk əsərimi anama həsr etdim. Amma çox təəssüf ki, bunu ona vermək qismət olmadı. O əsəri məzar daşının üstünə qoydum.

- Həsrətində olub, indiyə kimi əldə edə bilmədiyiniz gül varmı?

- Xarı bülbülü işləmək ən böyük arzumdur. Amma heyif ki, onu əldə eləmək mümkün deyil. Əsərlərimdə istifadə etdiyim güllərin çoxunu alıram. Amma hədiyyə olunan güllər də az deyil. Bəzən olur kinostudiyaya gül gətirirlər. Adlarını demirlər, bircə kəlmə sözləri olur: bu qeyri-adi gülləri Suğra xanıma verin, gözəl əsərlər yaratsın. Belə hallar çox olub. Heç tanımadığım insanlardan da gül alıram.

Bu il martın 10-da onuncu yubiley sərgimi keçirdim. Təsəvvür edin ki, ayaqüstə güclə duran qoca qadın sərgimə gəlib, mənə köhnə zənbil, əsərin fonuna salmaq üçün hansısa ləvazimatlar, qurumuş güllər gətirmişdi. Xoşbəxt insanam ki, xalqımız məni belə sevir, mənə gözəl münasibət bəsləyir.

Bəzən olur ailə quranlar toy buketini saxlamaq istəyirlər. Öncə onlardan onu buket, yoxsa əsər şəklində saxlamaq istədiklərini soruşuram. Çünki bir əsərin ərsəyə gəlməsi üçün iki il vaxt lazımdır. Bu müddət ərzində buket sifarişçinin evində qalır, amma hər üç aydan bir yanıma gətirirlər, düzəlişlərimi edirəm, sonra yenidən onlara qaytarıram. Əsərlərimlə bütün müsəlman ölkələrinə getmək olar. Çünki müsəlman aləmində portret işləmək günahdır. Amma mənim əsərlərimi məmnuniyyətlə götürürlər, həmişə deyirəm, əsərlərim qadınların prototipləridir.

- Heç küsü saxladığınız həmkarınız olub?

- Küsəyən insan deyiləm. Amma küsəndə, mərdanə şəkildə bunun səbəbini həmin adama deyirəm. Əlavə də edirəm ki, bundan sonra səninlə danışmaq istəmirəm. Hətta həyat yoldaşımla da eləyəm. Uşaqlıqdan xasiyyətim belədir. Heç bir məsələni ürəyimdə saxlamıram, nə xoşuma gəlmir, onu üzə deyirəm. Amma şükürlər olsun ki, bu vaxta kimi dost itirməmişəm.


Müəllif: Nәrmin Muradova

Oxşar xəbərlər