31 Mart 2018 09:32
2 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin iş otağına qonaq olduq.

Təsadüfən divarda asılmış şəkil diqqətimizi çəkdi və millət vəkilinə şəkillə bağlı suallar verdik.

Məlum oldu ki, şəkil Aydın Mirzəzadənin ideyası əsasında çəkilib:

“Mənim Rauf Əbdülhüseyn adlı rəssam dostum var. Əslində, biz onunla orta məktəbdə 8 il bir yerdə oxumuşuq, qonşu küçələrdə yaşamışıq. Dostluğumuz indi də davam edir. 8-ci sinifdən sonra o, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olundu.

Rauf özünəməxsus sənət tərzi ilə seçilir. Məndə Raufun xeyli rəsm əsərləri var. Tez-tez emalatxanasına gedirəm, oturub söhbətləşirik. Bir dəfə söhbət zamanı ona ideya verdim ki, Azərbaycanı xarakterizə edən rəsm əsəri çək. Biz fikir mübadiləsi apardıq. Mənim müəyyən ideyalarım, onun da həmin ideyaya rəssam baxışı vardı”.

Aydın Mirzəzadə bildirib ki, əsərdə Azərbaycan tarixinin mühüm atributlarını əks etdirən müxtəlif elementlər yer alıb:

“Bir tərəfdə milli geyimdə qadın, digər tərəfdə isə kişi təsvir olunub. Onların əl qoyub necə deyərlər, istinad etdikləri emblemdə isə Azərbaycan tarixini, hazırkı durumunu, gələcəyini, inkişafını, dəyərlərini, sərvətini göstərən rəsmlər yerləşdirilib.

İş prosesində dostumla qərar verdik ki, hər iki şəxsin əlində bayraq olsun. Kişinin əlində Azərbaycan Respublikasının dövlət bayrağı, qadının əlində isə göy rəngin üzərində Azərbaycan yazılmış bayraq... Beləcə, məsləhətləşə-məsləhətləşə rəsmi başa çatdırdıq”.

Qeyd edək ki, rəssam əsərin üzərində 2009-2012-ci illər ərzində işləyib.

Aydın Mizəzadə deyir ki, rəsm əsərində bir neçə dəfə dəyişiklik edilib:

“Dostumla razılaşmadığımız məqamlar da olurdu. Kişi və qadının geyimi ilə bağlı xeyli fikirləşmək lazım gəldi. Məsələn, onları Azərbaycan milli geyimində təqdim edəkmi? Qadının başında örtük, əlində bayraq olsunmu?

Sonda bu qənaətə gəldik ki, tariximizə müraciət ediriksə, geyim də keçmiş dövrü əks etdirməli, yəni tarixi olmalıdır. Biz bir Azərbaycan milli geyimi modelini yaratdıq. Örtük əsla qadının başını örtməsi üçün istifadə olunan çarşab deyil. Qadının başında örütük olması o deməkdir ki, mən anamın həmişə örpəkdə görmüşəm. İndi də başı örtüklü qadın görəndə anama olan məhəbbətimi xatırlayıram.

Bayraq təsviri ilə bağlı da xeyli fikirləşirdik. Yekun nəticəyə gəldik ki, bayraq bizim məqsədimizin, ruhumuzun, fəlsəfəmizin göstəricisidir. Əsərdə simvollaşan tariximiz, dövlətimiz barədə də götür-qoy elədik. Axı, bizim ölkəmiz təkcə Azərbaycan Respublikası deyil. Tarixi torpaqlarımız var...

Simvolik göy rəngin üzərində Azərbaycan sözü yazıldı. Emblemə hansısa naxış çəkmək istədik. Sonra qərara gəldik ki, bugünki Azərbaycan deyəndə Azərbaycan Respublikası başa düşülür. Respublikanın da dövlət gerbi olur. Bu gerbi qorumaqla biz dövlətçiliyimizi, tarixçiliyimizi qorumuş oluruq.

Gerbiminizn 100 yaşı var. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi olub. Biz tarixiliyi, ənənəni qorumaq istədik. Qadın və kişinin tutduğu emblemin içində təbiət gözəlliyi, tarixi abidələr, Qobustan qayaları, Qız Qalası, Xudafərin körpüsü, dağlarımız, çaylarımız, tar, qabal, kamança, Neft daşları və kitab yerləşdirildi.

Kitab şəkli yazılı mədəniyyətimizi simvolizə edir. Bununla da ümumi bir Azərbaycan obrazı yaratmağa çalışdıq”.

Millət vəkili deyir ki, hazırda rəssam dostu ilə yeni ideya üzərində işləyirlər:

“Bir gün Raufa dedim, vaxt gələcək, sən bu əsər üçün darıxacaqsan. Doğurdan da elə oldu. 6-7 ildir şəkil məndədir. Rauf arada şəklə baxmağa gəlir.

Şəkli bir neçə il evdə saxladım. Sonra fikirləşdim ki, bu, tək mənimki deyil. Bir müddət onu Milli Məclisdə deputat otağında divardan asdım. Son 3 ildir burda, Yeni Azərbaycan Partiyasının binasındakı iş otağımdan asmışam. Düşündüm ki, bu şəkli hamının tanımasına ehtiyac var. Arzumdur ki, müəyyən müddətdən sonra bu rəsm dövlətin olsun. Bu, mənin Azərbaycanı tanıtmaq, sevmək və sevdirmək cəhdlərimdən biridir”.

Aydın Mirzəzadə deyir ki, rəssamlarımız tez-tez tarixi mövzulara müraciət etsə yaxşı olar:

“Bu gün Avropanın, eyni zamanda Rusiyanın tarixinin ayrı-ayrı dövrləri rəsm əsərlərində öz əksini tapır. Rus rəssamının məşhur bir əsəri var. Orada İrəvanın çar ordusu tərəfinfən alınması təsvir olunur və qala divarlarının arxasında onlarla məscid gümbəzi görünür. Bunun özü də bir daha təsdiqdir ki, İrəvan Azərbaycan şəhəri olub.

Azərbaycan Prezidenti İlham Əliyev bildirəndə ki, İrəvan, Zəngəzur Azərbaycan torpaqlarıdır və biz ora qayıdacağıq, bunun əsası var. Bu torpaqlarda Azərbaycan xalqının istəyi nəzərə alınmadan Ermənistan dövləti qurulub. Həmin torpağın bizimki olduğunu xatırlatmağa ehtiyac var”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər