Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou təşkil edilib.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
İlk dəfə təşkil edilən bu meqa-şoudan əvvəl mətbuat konfransı keçirilib. Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə, rejissor İlham Qasımov, Cırtdan rolunu canlandıran aktyor İlham Süleymanlı və Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlı jurnalistlərin suallarını cavablandırıblar.
Sonra 40 artist zalda uşaqları müxtəlif səpkili oyunlarla əyləndirib. Ümumi olaraq oyunda 80 aktyor və rəqqas iştirak edib.
Şounun süjet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmmədlə Əjdahanın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.
Şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. Şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlıdır. Bir sözlə, bənzərsiz, rəngarəng və yaddaqalan şou Yeni ildə tamaşaçıların zövqünü oxşayacaq və insanlar bu şoudan böyük zövq alacaqlar. Şou yanvarın 6-dək davam edəcək və ümumilikdə 17 seans olacaq. Xeyriyyə məqsədi daşıyan şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüləcək.
Bu təşəbbüs bir daha sübut edir ki, humanistlik və xeyirxahlıq dəyərlərini fəaliyyətində əsas meyar kimi müəyyən edən Heydər Əliyev Fondu gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir.
Layihə xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstəyin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Bundan əvvəl Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib.