18 Dekabr 2021 23:26
3 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq Bank “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini dünən sənətsevərlərə və oxuculara təqdim edib.

Teleqraf.com-un məlumatına görə, böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub.

Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub.

Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olur. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İllər sonra sevdiyi sənətə - rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanır, maraqlı əsərlər yaradır.

Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyayamalik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. İstedadlı rəssam Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. 2014-cü il mayın 7-də Bakıda dünyadan köçüb.

Rəssamın yaratdığı bir-birindən maraqlı əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur.

Tədbirdə çıxış edənlər mərhum rəssam haqqında xatirlərini bölüşüb, “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini bir daha qeyd edib, Xalq Bankın xeyriyyəçilik missiyasını yüksək qiymətləndiriblər.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum Şamo Abasovu öz dəsti-xətti olan fırça ustası adlandırıb: “Çox heyif, Şamo bu həyatdan tez köçdü, hər kəsə mehriban, dostyana hisslərlə yanaşırdı. O, hər zaman öz sözünü deməyi bacaran sənətkar idi. Belə insanların yeri hər zaman görünür. Şamonu Azərbaycanın ən gözəl rəssamlarından biri sayıram. Rəsmlərinə baxan kimi bilirsən ki, bu, onun əsəridir. Çox az yaşasa da Şamo mesajlarını insanlara rəsmləri ilə çatdıra, öz işini axıra kimi görə bildi. Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində hazırlanan albom dünya səviyyəsində kataloqdur. Onun sənəti hər zaman yaşayacaq".

Xalq rəssamı Hüseyn Haqverdiyev tələbə yoldaşı və həmkarı Şamo Abasovu minnətdarlıqla yad edib: “Bu gün mənim üçün olduqca həyəcanlı bir gündür. Şamo haqda yalnız xoş xatirələrim var, biz onunla Leninqradda təhsil almışıq, unudulmaz günlər yaşamışıq. O, pedaqoqların və tələbələrin sevimlisi idi. O, dostlarına, sənətsevərlərə zəngin bir irs qoyub getdi”.

Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da xatirələrini bölüşüb: “Bu, "Xalq Əmanəti" layihəsi çərçivəsində rəssamalara aid nəşr olunan 13-cü kitabdır. Şamo Abasov rəngkarlıq sənətində çox böyük bir iz qoymuş sənətkardır. Dəst-xətti ilə seçilən rəssam idi. Onun böyük irsi qalıb, əsərləri həm Azərbaycan, həm də dünya kolleksiyalarında qorunub saxlanılır. Çalışdıq ki, bu kataloqda onun həyat və yaradıcılığı barədə şəxsi kolleksiya, muzeylər və xaricdə qorunub saxlanılan əsərləri toplayaq. Bu mənada bu kitab Şamo Abasov haqqında gözəl mənbədir".

Şirin Məlikova Şamo Abasovu şəxsən tanıdığı üçün çox xoşbəxt olduğunu söyləyib: " Dəfərlərlə onun emalatxanasında olmuşam, yaradıcılığı, incəsənət haqqında uzun söhbətlər edirdik. Bəzi əsərlərini göstərəndə bir dəfə dedi ki, bu əsərlər haqqında indi yazma, mən bu dünyanı tərk edəndən sonra yazarsan. Bu fikirlər məni o zaman çox sarsıtdı. O zamanlar Qarabağla bağlı əsərləri heç yerdə sərgilənməmişdi. Qarabağ mövzusu onun yaradıcılığında çox önəmli yer tuturdu. Şamo Cəbrayılda anadan olmuşdu. Atasının Cəbrayılda saldığı bağ onun cənnəti olmuşdu. Qarabağ işğal olunanda o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirdi. Yaratdığı "Qarabağın göz yaşları" adlı silsilə əsərləri vətən itkisi ilə bağlı ağrısını əks etdirir. O, bu əsərləri heç kəslə bölüşmürdü, kimsəyə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə dünyada şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Çətin və ağır il idi. Əvvəlcə pandemiya, sonra müharibə oldu, Azərbaycan tarixində ən parlaq səhifələr yaşandı.

Biz Ali Baş komandanımızın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitab üzərində işləyirdik, bir gözümüz ağlayırdı, hər gün cənab prezidentin azad olunan torpaqlarımız haqqında verdiyi xəbərləri eşitdikcə çox sevinirdik, qarışıq hisslər yaşayırdıq, bir tərəfdən şəhidlərimizə rəhmət diləyirdik, torpaqlarımız azad olunduqca sevinc göz yaşları tökürdük. Kitabın mətni yazılanda Cəbrayıl azad olundu. Bu, mənim üçün çox simvolik oldu. Düşünürəm ki, Şamo da bizim kimi sevindi, ruhu bu xəbərdən şad oldu. Bunu hiss etdim. Mütləq "Cənnət bağı" Qarabağda salınacaq. Bizi erkən tərk elədi, amma onun əsərləri illərlə, hətta əsrlərlə yaşayacaq. Şamonun həyat yoldaşı İradə xanıma heyran qaldım, kitabın ərsəyə gəlməsində böyük dəstək verdi. Onları çox dərin hisslər birləşdirirdi. Maraqlı odur ki, Şamo bu həyatı tərk edəndən sonra belə onun yanındadır. Şamonun əsərlərinə İradə xanım öz övladları kimi yanaşır ”.

Mərhum rəssamın oğlu Turqut Abasov ailəsinin minnətdarlığını ifadə edib: “Ailəmizin adından kitabın ərsəyə gəlməsinə görə Xalq Banka, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Atamın yaradıcılıq dünyası ilə bu albom vasitəsilə yaxından tanış olmaq mümkündür. Əsərlərində həyatdan xüsusi fraqment və ştrixləri müxtəlif personajlarla təqdim edirdi, onun yaradıcılığənın sehrinə düşməmək olmur”.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Rəssamın əsərlərinin ekspozisiyası dekabrın 18-dən başlayaraq “Xalq Bank”ın əsas binasında (Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər