Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.
Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, o, birinci əl işini 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırlayıb.
4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidir. Arzu Səlimov bildirib ki, bu işlə 2 ilə yaxındır məşğul olur:
“Stəkan-nəlbəki maketinə 20 qutua işlədib, iki günə bitirmişəm. Su qablarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm”.
Əsl sənəti bərbərlik olan Arzu deyir ki, maket hazırlamaqla boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.
A.Səlimov bildirir ki, bəzi insanlar hazırladığı maketləri almaq üçün ona pul da təklif ediblər. Lakin o, bu vaxtadək zəhmətinin məhsulu olan əl işlərini satmaq barədə düşünməyib, amma bəzi maketləri yaxınlarına hədiyyə edib:
“İndiyə qədər kibrit çöpündən 10-a yaxın ev düzəltmişəm. Onlardan pay verdiklərim də olub. Kauçuk qabından düzəltdiklərimi arada dost, tanış, qohumlara vermişəm. Evdə qalan bunlardır”.
Arzu Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.