Həbsxana divarları nə qədər hündür olsa da, nə qədər ciddi qorunsa da məhkumlar arasından qacışa cəhd edənlər və azadlığa qovuşanlar həmişə olub.
Bədii ədəbiyyatda bunun ən bariz nümunəsi İf qalasından qaçan qraf Monte-Kristodur. Məşhur Amerika filmi “Şouşenkdən qaçış” filmi də bu mövzuya həsr olunub.
Rusiya kriminalitetini bir vaxtlar qorxu altında saxlayan killer Solonikin həbsxanadan qaçışını unutmayaq. O həbsxananın altından keçən kanalizasiya xətlərinin içi ilə, murdar suda yüzlərlə metr sürünərək aradan çıxa bilmişdi.
Normal adam o şəraitdə iydən, qoxudan çoxdan ölə bilərdi.
Publika.az bu gün dünya üzrə ən məşhur qaçılar haqda danışacaq.
Helikopter
Paskal Payet inkassator maşınını qarət etdiyi üçün həbsxanaya düşmüşdü. 2001-ci ildə məhkəmə onu 30 il müddətinə azadlıqdan məhrum etdi. Lakin Paskal kamera divarları arasında çürümək niyyətində deyildi. Həm də azadlıqda bandasının üzvləri vardı. Onlar hər zaman başçılarına kömək etməyə hazır idilər.
Uzun müddət qaçmaq planı hazırladılar. Nəhayət, 2007-ci ildə plan həyata keçdi.
Paskalın dostları Kann kurortunda helikopter kirayələdilər. Pilotun heç nədən xəbəri yox idi. Düşünürdü ki, turistlər səmadan dənizə tamaşa etmək istəyirlər. Lakin havada ikən pilotun başına tapança dayadılar. Pilot onların əmri ilə helikopteri düz həbsxananın damına endirdi.
Burada onları Paskal gözləyirdi.
Həbsxana nəzarətçiləri duyuq düşənədək helikopter havaya qalxdı. Cinayətkarlar pilota Aralıq dənizinin sahilində enməyi əmr etdilər. Sonra onu buraxdılar. Paskal və dostları aradan çıxdı. Polisin axtarışları indiyədək nəticə verməyib.
Taxta tapança
Ötən əsrin 30-cu illərində ABŞ-ın ən məşhur qanqsteri Con Dillincer idi. Ölkə ərazisində az bank vardı ki, Dilincer onu qarət etməsin. Nəhayət FTB məşhur qarətçini həbs edə bildi.
Polis idarəsinin sevinc dolu raportları qəzetlərin üz səhifəsini bəzəyirdi.
Həbsxanada qalmaq isə Dilincerin planlarına daxil deyildi. 1934-cü ilin 3 martında o çox adi bir üsulla qaça bildi. Dilincer kamerada taxtadan tapança yondu. Əsl tapançaya oxşaması üçün onu ayaqqabı kremi ilə qara rəngə boyadı.
Həmin bu silahı kameraya yemək gətirən nəzarətçinin başına dayadı. Onu məcbur etdi ki, qapını açsın. Sonra nəzarətçinin əl-qolunu bağlayıb onun silahını götürdü. Həbsxanadakı nəzarətçiləri bir-bir tərksilah edib, hamısını bir kameraya doldurdu. Sonra sakitcə həbsxananı tərk etdi.
Bu əsil biabırçılıq idi. O vaxtadək Dilincerin qaçdığı Kroun Poynt həbsxanası ən nümunəvi türmə sayılırdı. Hesab edilirdi ki, burdan qaçmaq mümkün deyil. Axı həbsxananı yüzlərlə nəzarətçi və qvardiya əsgəri qoruyurdu.
Dilincer Amerika cəmiyyətinin bir nömrəli düşməni elan edildi. Bir müddət sonra polislə atışmada öldürüldü. Ancaq bu qaçış Amerika tarixinə düşdü.
Furqon
Cilian Şotard Londonda etdiyi xuliqanlığa, keçə yürüşlərində çıxardığı hoqqalara görə həbs edilmişdi. Məhkəmə barəsində həbs qətimkan tədbiri seçmişdi.
2009-cu ildə həbsxana maşını –furqon onu və bir neçə məhbusu Pentovildə yerləşən həbsxanaya gətirdi. Maşın darvazadan içəri daxil oldu. Nəzarətçilər məhbusları bir-bir maşından düşürür, sıra iləonları inzibati binaya doğru aparırdılar. Şotard isə gözdən yayına bildi. Cəld onları həbsxanaya gətirən avtomobilin altına uzandı. Əlləri ilə maşının detallarından yapışdı. 15 dəqiqə sonra avtomobil həbsxanadan çıxdı.
Nəzarətçilər duyuq düşəndə Şotard artıq azadlıqda idi.
Sonradan o polis idarəsinə gələrək könüllü təslim oldu. Həbs müddəti çox uzun deyildi. Bu müddətə görə daim axtarışda olmaq, qaçmaq sadəcə ağılsızlıq olardı.