Android telefonlara məxsus zərərli tətbiq, ABŞ-ın təhlükəsizlik şirkəti Zscaler tərəfindən aşkar edilib.
Yetkinlik yaşına çatmış insanlar üçün nəzərdə tutulmuş Adult Player proqramı pornoqrafiya təklif edib, lakin əvəzində telefonun ön kamerası vasitəsilə istifadəçilərin şəkillərini çəkib.
Proqram daha sonra o telefonu kilidləyərək ekranda istifadəçidən 500 dollar tələb edib. Bir təhlükəsizlik eksperti BBC-ə bildirib ki, bu, kibercinayətkarlıqda gəlirli və böyüyən bir sahə hesab edilir.
İnsanlardan şəxsi məlumatlarının paylaşılacağı hədəsiylə pul tələb edən telefon proqramları “ransomware” (fidyə) kimi tanınır. Avqust ayında İntel Security şirkəti bildirib ki, bu cür tətbiqlər 2014-cü illə müqayisədə 127 faiz artıb və əsasən masaüstü kompyuter və notbuk istifadəçilərinə təsir edir.
“Artımın əsas səbəblərindən biri asan qazanc mənbəyi olmasıdır,” Avropadakı İntel Security şirkətinin baş texnoloqu Raj Samani bildirib. Zscaler təhlükəsizlik şirkəti bildirib ki, Adult Player tətbiqini yükləmiş hər kəs telefonunu “təhlükəsiz rejimdə” yenidən başlatmalıdır.
Bu rejim əməliyyat sistemini üçüncü tərəf olmadan yükləyir və istifadəçilərə zərərli proqramları silmək imkanı yaradır.