“Sınaq şüşəsində ət” yetişdirməyə nail olan niderlandlı alimlər komandası yaxın beş ildə öz məhsullarının kommersiya satışını planlaşdırırlar.
Tədqiqatçılar bu məqsədlə hazırda 25 alim, laborant və administrativ personaldan ibarət “Mosa Meat” kompaniyasını qurublar. Yaxın gələcəkdə onlar hamburger üçün nəzərdə tutulmuş dadlı və ucuz ət hazırlamaq barədə düşünürlər.
Xatırladaq ki, iki il bundan əvvəl süni ətlə hazırlanmış ilk burger Londonda təqdim olunmuşdu. Süni ət professor Mark Post tərəfindən Niderlanddakı Maastrixt universitetinin nəzdində fəaliyyət göstərən laboratoriyada əldə olunmuşdu.
“Əminəm ki, bizim məhsulumuz növbəti beş ildə artıq bazara çıxacaq, - deyə alım bildirib. – Hazırkı baha qiymətə baxmayaraq, gələcəkdə yüksək tələbat və kütləvi istehsal süni ətin daha ucuz başa gəlməsinə səbəb olacaq”.
Alim tədqiqatı ətə artan tələbatı ödəmək məqsədi ilə apardığını iddia edir. Onun fikrincə, istehsal ənənəvi vasitələrlə həyata keçirilərsə, bunun üçün böyük həcmdə su və torpaq resurslarından istifadə olunmalıdır. Nəticədə atmosferə parnik effekti yaradan daha çox zərərli qazlar atıla bilər.
Gələcəkdə tədqiqatçılar 3D printerin köməyi ilə digər ət məhsullarının hazırlanması yollarını da tapmağa ümid edirlər.