ABŞ-ın “eBay” şirkəti mayın 18-də ilk virtual reallıq mağazasını istifadəyə verib. Layihə Avstraliyanın “Myer” pərakəndə satış şirkəti ilə birgə yaradılıb.
“ICTnews” yazır ki, virtual mağazaya virtual eynəklər vasitəsilə daxil olmağa imkan verən "eBay Virtual Reality Department Store” əlavəsi "Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulub. Xüsusi qurğuları olmayan alıcılar üçün “Myer” və “eBay” 20 min pulsuz "Google Cardboard” virtual reallıq eynəyi təqdim edir.
Bildirilir ki, həmçinin virtual alış-veriş üçün istifadəçiyə hərəkətlərini baxışla idarə etməyə imkan verən xüsusi "eBay Sight Search” texnologiyası hazırlanıb. Müəyyən əşyanı seçmək üçün ona bir neçə saniyə diqqətlə baxmaq tələb olunur.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə alqoritm alıcılara onların əvvəlki alış-verişlərinə əsaslanaraq məhsullar təklif edəcək.
Hazırda “3D” formatında yalnız 100 ən populyar mala baxmaq mümkündür. Daha 12,5 min əşya ilə “2D” standartında tanış olmaq olar.
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
“eBay”, həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir.