Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələrinin Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlaması haqda danışarkən deyib.
“Birinci məqsəd hərbi qüvvələrin koordinasiyalı fəaliyyəti, şəxsi heyətin döyüş hazırlığı təcrübəsidir. İkinci məqsəd hərbi-diplomatik təsir, güc nümayişidir. Yəni qonşu ölkələrə mesaj göndərilir ki, biz güclüyük və hazırıq. Adətən, hərbi təlimlərə xarici ölkələrin hərbi attaşeləri də dəvət olunur ki, onlar vəziyyəti öz gözləri ilə görsün və qiymət versinlər. İndi müşahidə etdiyimiz yaz təlimlərinin arxasında sözsüz ki, güc nümayişi məqsədi dururr. Əvvəla, apreldə gözlənilirdi ki, döyüşlər başlaya bilər. Çünki cəbhə xəttində Azərbaycan tərəfi vaxtaşırı təxribatlarla qarşılaşırdı. Təlimlər isə faktiki göstərir ki, biz bu təxribatların qarşısını almaqa hazırıq. Erməni tərəfinin işğal edilən ərazilərimizdə təlim keçirməsi isə bir növ bizə psixoloji təsir göstərməyə xidmət edir”, - ekspert bildirib.
Ekspert A.İsazadə qeyd edib ki, Rusiya hər iki tərəfi sakitləşdirmək və “Qarabağın taleyi bizdən asılıdır” mesajını vermək üçün hərbi hava donanmasının Cənub Hərbi Dairəsinin arsenalından istifadə edərək, təlimlər keçirir.
O deyib ki, əslində regionda hərbi gərginlik mövcuddur: “Düzdür, ötən ilə nisbətən hərbi gərginlik bir qədər azalıb. Amma ümumilikdə 50-60 faiz gərginlik qalır”.
Xatırladaq ki, aprel ayında cəbhə xəttində durum gərgin olub. Ermənistan hərbi qüvvələri işğal edilən Ağdam şəhərində hərbi təlimlər həyata keçirib. Bundan dərhal sonra Azərbaycan Silahlı Qüvvələri də hərbi təlimlərə start verib və hazırda təlimlər davam edir.
Bu gün isə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.
CAVAD