Təəccüb doğuran məqam bu addımın Rusiya-Azərbaycan münasibətləri fonunda atılmasıdır. Çünki iki ölkə arasındakı əlaqələr daim ən yüksək səviyyədə olub. Bakı və Moskva istər iqtisadi, istər siyasi, istər hərbi və digər sferalarda sıx əməkdaşlıq ediblər və bu münasibətlər hazırda da davam edir. İkitərəfli münasibətlərlə yanaşı, Rusiya üçün taleyüklü məsələlərdə Azərbaycan həmişə öz dəstəyini nümayiş etdirib.
- Qərbin Rusiyaya sanksiya tətbiq etməsinə baxmayaraq, rəsmi Bakı bu prosesə qoşulmadı və rus xalqına əlindən gələn dəstəyi göstərdi.
- Təyyarə böhranına görə pozulan Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına da Azərbaycan rəhbərliyinin rolu ciddi təsir etdi. Halbuki, Ankara ilə düşmən münasibətlər Moskvanın geosiyasi müstəvidə əlini zəiflədirdi.
Təkcə bu iki məsələ Azərbaycanın ən vacib məqamlarda Rusiyaya tərəfdaşlıq nöqteyi-nəzərindən yanaşdığını sübut edir.
Bununla yanaşı, Azərbaycan dövləti rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atır.
İki ölkə arasındakı münasibətlər iki ölkənin liderləri arasındakı dostluq münasibətləri ilə də möhkəmlənir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin siyasi və diplomatik münasibətlərlə yanaşı, şəxsi dostluq münasibətləri iki ölkənin qarşılıqlı əməkdaşlığının inkişafına səbəb olub.
Lakin bütün bunların fonunda ÜAK-ın ləğvi məsələsinin gündəmə gəlməsi ilk sualı gündəmə gətirir: “Doğrudanmı, ÜAK-ın ləğvi - Bakı-Moskva münasibətlərinin ruhuna zidd olan addımın atılması Rusiya dövlətinin istəyidir?”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Publika.az-a bildirib ki, ÜAK-ın ləğvi məsələsinin gündəmə gəlməsi Rusiya dövlətinin istəyi ola bilməz:
“Rusiya və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Azərbaycan Rusiyaya münasibətdə həmişə strateji tərəfdaşlığa sadiq qalıb, heç vaxt arxadan zərbə vurmayıb. Hələ ulu öndər Heydər Əliyevin vaxtında Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlanılıb, indi də Prezident İlham Əliyev bu kursu davam etdirir. Bu baxımdan, ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi bizi təəccübləndirir və narahat edir. Rusiya-Azərbaycan münasibətləri fonunda bu addım xoş deyil. İnanmıram ki, bu məsələ Rusiya dövlətinin birbaşa təşəbbüsüdür. Belə təəssürat yaranır ki, Rusiya dövləti azərbaycanlılara qarşıdır. Lakin situasiyanı belə izah etmək doğru olmaz. Münasibətlərin səviyyəsi bu fikri inkar edir”.
A.Həsrət qeyd edib ki, mayın 15-də iki ölkənin münasibətlərinə xələl gətirəcək qərarın verilməyəcəyinə ümid edir:
“Ümid edirəm ki, Rusiya dövləti bu xoşagəlməz prosesin qarşısını alacaq. Çünki bu, birbaşa Rusiyanın dövlət maraqlarına qarşı atılmış addımdır”.
Burada ikinci sual ortaya çıxır: “ÜAK-ın ləğvində, dolayısı ilə Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsində kimlər maraqlı ola bilər?”
A.Həsrət deyir ki, burada üçüncü qüvvələr rol oynayır.
Onun fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı bəzi dairələri narahat etməyə bilmir:
“Xüsusilə ermənilər bundan qıcıqlanırlar. Bu baxımdan, ÜAK-ın ləğvi məsələsinin qaldırılmasının arxasında Rusiyadakı erməni diasporu və erməni lobbisinin rol oynadığını deyə bilərik”.
Rusiya-Azərbaycan münasibətləri, iki ölkə liderinin şəxsi münasibətləri və proseslərin inkişafını analiz etdikdə bütün gözlər erməni lobbisinin üzərinə yönəlir. Rusiyada ermənilərin maraqlarını müdafiə edən ictimai-siyasi şəxslər dövlət qurumlarında da mövcuddur. Zaman-zaman Azərbaycana qarşı Rusiya dövlətinin rəsmi mövqeyi olmayan əks fikirlərin səslənməsi də bunu deməyə əsas verir. Görünən budur ki, Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. ÜAK-ın ləğvi məsələsinin qaldırılması da sübut edir ki, Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Erməni maraqlarından çıxış edən bu qrupların məqsədi nədir?
1. ÜAK-ın qeydiyyatının ləğv edilməsi hər şeydən öncə Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Halbuki, son zamanlar Azərbaycan diasporunun güclənməsi bu ölkədəki erməni diasporunun mövqelərinin zəifləməsinə səbəb olmuşdu. Bu isə Rusiya ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edənlərin sayının artması ilə müşahidə olunurdu. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan diasporunun fəaliyyətini zəiflədə, əvəzində erməni diasporunun önünün açılmasına səbəb ola bilər.
2. ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər. Bununla, Rusiyanın Ermənistanın maraqlarının təmini güclənə bilər. Ötən il baş verən “aprel müharibəsi”ndə Ermənistanın gözlədiyinin əksinə olaraq, Rusiyanın neytrallıq nümayiş etdirməsi sübut etdi ki, Bakı-Moskva münasibətləri düşmənlərin istədiyi səviyyədə deyil. Bu, Ermənistan üçün ciddi zərbə oldu.
3. Bakı-Moskva münasibətlərində soyuqluq yaranması Rusiya-Türkiyə münasibətlərinə də mənfi təsir göstərə bilər. Rusiya-Türkiyə yaxınlaşmasını istəməyən əsas ölkə Ermənistandır. Çünki bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ədalətli mövqeyinə uyğun həllinə təsir edə bilər. Lakin Ermənistanla yanaşı, Moskva-Ankara münasibətlərinin soyuqlaşmasında Qərb dairələri də maraqlıdır. Hesab etmək olar ki, Qərbdəki erməni lobbisi ilə Rusiyadakı erməni lobbisi müştərək fəaliyyət göstərir və ÜAK-a qarşı addımla daha uzaq hədəflərə nail olmağı düşünürlər.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da Publika.az-a açıqlamasında Qərbdəki erməni lobbisi ilə Rusiyadakı erməni lobbisinin birgə hərəkət etməsi ehtimalını istisna etmir.
“ÜAK məsələsinin arxasında Rusiya dövləti dayanmır. Burada üçüncü qüvvələr, yəni Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyənlər var. Bu qüvvələr Rusiyadakı ermənilər və onlara dəstək verən dövlət qurumlarındakı şəxslərdir. İki ölkə arasındakı münasibətlərdən qıcıqlanan qüvvələrdən biri Qərbdir. Xüsusilə Azərbaycan Moskvaya qarşı sanksiyalara qoşulmamaqla, anti-Rusiya kampaniyasına böyük zərbə vurdu. Hesab etmək olar ki, Qərbdə erməni maraqlarına işləyənlərlə Rusiyadakı qüvvələr bu məsələdə birgə hərəkət edirlər”, - deyə o bildirib.
M.Zülfüqarlı qeyd edib ki, Rusiya dövlət strukturlarında mərkəzi hakimiyyətin əleyhinə hərəkət edənlər də var:
“Vaxtilə təyyarə böhranı göstərdi ki, Türkiyə dövlətinin iradəsindən kənar addım atılıb, daha sonra bunun FETÖ tərəfindən edildiyi ortaya çıxdı. Hesab edirəm ki, Rusiyanın dövlət strukturlarında dövlətin iradəsindən kənar çıxış edənlər var v ə ÜAK məsələsini qaldıranlar da onlardır”.
Ekspert bu dairələrin Bakı və Moskva arasındakı münasibətlərə xələl gətirməklə yanaşı, Rusiyanın dövlət maraqlarını da zərbə altına qoyduqlarını diqqətə çatdırıb.
Rusiyanın dövlət maraqlarına endirilən zərbə:
- Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. ÜAK-ın qeydiyyatı ləğv edilərsə, bu, Rusiyanın ictimai nüfuzuna, rus cəmiyyətinin quruluşuna ciddi zərbə olacaq.
- Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə kölgə salacaq. Xüsusilə Azərbaycan və Ermənistana münasibətdə daim balans saxlamağa üstünlük verən Rusiyanın anti-Azərbaycan mövqeyindən çıxış etdiyi ortaya çıxacaq. Beləliklə, ən böyük zərəri Rusiyanın regiondakı maraqları görəcək.
- Rusiyanın son vaxtlar Ermənistana hərbi yardımları artıb. Bunun fonunda, Azərbaycana qarşı belə bir addımın atılması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır.
Məhz bu amillər mayın 15-də veriləcək qərarın Rusiya üçün də taleyüklü məsələ olduğunu sübut edir.