İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
01:14
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, İlham Əliyevi salamlayan Vladimir Putin deyib:
“Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.
İlham Əliyev də öz növbəsində Putinə təşəkkür edib:
“Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən də bizim yeni görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.
Ona görə bir daha Sizi görməyə çox şadam. Əminəm ki, bu görüşümüz də dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək”.
***
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.