16 Dekabr 2017 09:41
5 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim cavablandırır:

- Cənab səfir, Azərbaycan və Fələstin arasındakı ikitərəfli münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Siyasi baxımdan Fələstin və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Biz müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda əməkdaşlıq edirik. Azərbaycanda çoxlu sayda fələstinli tələbə təhsil alır. Eyni zamanda mədəniyyət sahəsində əlaqələrimiz mövcuddur. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində bir sıra çətinliklərdən keçib. Hazırda gənc, müstəqil və inkişaf edən dövlət kimi Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıyıq. Bu təcrübəni öyrənmək üçün Fələstindən müxtəlif işçi qrupları Bakıya gəlirlər.

- Azərbaycanda fələstinli tələbələrin təhsil aldığını söylədiniz. Bu gün Azərbaycandakı ali təhsil müəssisələrində ərəb dilində təhsil alan tələbələr var. Onların səfirliyə və yaxud Fələsətinlə tanışlığa cəlb edilməsi üçün nə kimi addımlar atırsınız?

- Fələstin səfirliyinin qapısı tələbələr, vətəndaşlar, jurnalistlər, bir sözlə, hamı üçün açıqdır. İstənilən zaman səfirliyimizə gəlib onları maraqlandıran məsələ ilə bağlı müraciət edə bilərlər. Amma Fələstinə getmək elə də asan proses deyil, bununla bağlı heç bir köməklik göstərə bilmirik, çünki Fələstin dövlətinin sərhədlərinə birbaşa İsrail dövləti nəzarət edir. Fələstini ziyarət üçün İsrail vızası alınmalıdır, ancaq düşünmürəm ki, İsrail Fələstinə getməklə bağlı müraciətə müsbət cavab versin. Çünki azərbaycanlıların Fələstinə səfər edib oradakı vəziyyəti öz gözləri ilə görməsi İsrailə sərf etmir. Hətta mən artıq 7 ildir ki, Fələstin dövlətinin Azərbaycandakı səfiriyəm, amma öz ölkəmə getmək üçün İsrail dövlətindən icazə almalıyam. Bu, işğalın yaratdığı acı reallıqdır.

- Azərbaycan və Fələstin uzun illərdir hərbi münaqişələrdən əziyyət çəkir. Sizcə, münaqişələrin ortaq cəhətləri varmı və onların həll yolu nədən ibarətdir?

- Hər bir mövzuda fikir ayrılığı və oxşarlıqlar olur. İnsanlar da belədir, o ki qaldı dövlətlərə və regionlara, Azərbaycan və Fələstinin oxşar cəhəti işğal faktorunun olmasıdır. Azərbaycan tam suveren, müstəqil, öz sərhədlərinə nəzarət edən, iqtisadi cəhətdən güclü və digər bir çox sahələrdə daim inkişafda olan bir dövlətdir, sadəcə, əziz bir hissəsi, 20 faizi işğal olunub. Fələstinə baxdıqda isə torpaqlarımız bütövlükdə işğal altındadır, dövlət müəssisələri fəaliyyət göstərsə də, İsrail birbaşa fələstinlilərin bütün həyat aspektlərinə nəzarət edir. 1948-ci ildə - İsrail dövləti yaranandan bəri 6 milyon fələstinli öz torpağından zorla çıxarılıb və qonşu ölkələrə, yaxud dünyanın müxtəlif tərəflərinə yayıldılar. Digər 6 milyon əhali isə İsrail işğalı altında yaşamağa məcburdur. Ölkələrimizin üzləşdiyi işğalda əsas fərq bunlardır, Allaha şükür, Azərbaycan tam müstəqildir, Fələstin dövləti isə hələ müstəqil deyil. Azərbaycanda stabillik var, gənclər, ailələr rahat yaşayır, maşına və ya ictimai nəqliyyata əyləşib dənizkənarı bulvara, digər görməli yerlərə tam rahat, sərbəst gedə bilirlər. Fələstin vətəndaşının bir yerdən başqa yerə getməsi isə heç də asan deyil, hətta küçələr arasında İsrailin qurduğu, hündürlüyü 10 metrə çatan ayırıcı divarlar var. Nərdivan kimi vasitələrlə insanlar bu divarları aşır və bəzən bu da bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Bu, Fələstin vətəndaşının günaşırı qarşılaşdığı problemlərdir. Hətta Fələstin öz təbii sərvəti olan sudan belə rahat yararlana bilmir, bizim torpağımızdan çıxarılan suyun 80 faizini İsrail tərəfi mənimsəyir, yalnız 20 faizini bizə verir.

- Azərbaycan və Fələstin haqqında BMT-də qəbul edilən qətnamələr yerinə yetirilmir. Beynəlxalq ictimaiyyət isə işğalçıya təzyiq göstərməkdən boyun qaçırır. Elə isə nə etməli?

- Beynəlxalq qanunvericilik, humanitar qərarlar dəyişmir, BMT-nin qətnamələrindəki bütün müddəalar Dağlıq Qarabağ mövzusunda Azərbaycan tərəfinin, Fələstin-İsrail mövzusunda da bizim xeyrimizədir. Beynəlxalq sistemin etibarlı olması üçün bu qərar və qətnamələr tətbiq olunmalıdır. Biz, əlbəttə, münaqişələrin həll edilməsi üçün qanuni və sülh yolları ilə mübarizəni davam etməli, eyni zamanda səbrli olmalıyıq. Bizim lehimizə olan, təsdiqlənmiş beynəlxalq qanunvericiliyi bir kənara qoyub başqa yollarla məsələni həll etməyə çalışmaq ağıllı və uzaqgörən addım olmaz. Başa düşürəm ki, Dağlıq Qarabağ münaqişəsinin 25 ildir həll olunmaması Azərbaycan tərəfinin səbrini tükəndirir, eyni zamanda müasir bəşəriyyət tarixinin ən uzun işğalı olan Fələstin problemindən 50 ildən də çox vaxt keçməsinə baxmayaraq və bu problemlə bağlı 70-dən çox qətnamə qəbul edilsə də, heç onun 1 faizi belə yerinə yetirilməyib. Amma gec-tez bu qətnamələrin yerinə yetirilməsinə nail olacağıq, sadəcə bu bizdən səbr, dayanıqlılıq, müəyyən zaman tələb edir. Ümidi itirmək lazım deyil, əsas odur ki, biz qanunun yolu ilə gedirik və elə bir məqam, şərait yaranacaq ki, beynəlxalq dairələr məsələnin tam həlli ilə bağlı təzyiq göstərəcək. Eyni zamanda, lobbi fəaliyyəti çox önəmlidir. Bu gün gənclər aktiv olmalı, maariflənməyə xüsusi diqqət ayırmalıdırlar. Sosial şəbəkələrin bu qədər geniş yayıldığı və əlçatan olduğu dövrdə fürsətlər çoxdur, əgər bir neçə dili də bilirsinizsə, həqiqətlərinizi yüzlərlə, minlərlə əcnəbiyə çatdıra bilərsiniz. Buna görə də gənclər bir neçə xarici dili öyrənməyə həvəs göstərsinlər, aktiv olsunlar və qarşı tərəfi düzgün informasiyalarla təmin etsinlər.

- Fələstinin lobbiçilik fəaliyyətini necə dəyərləndirirsiniz?

- Əlbəttə, lobbi fəaliyyətimiz bundan daha yaxşı ola bilər və olmalıdır. Amma mən deyə bilmərəm ki, Fələstinin lobbiçilik fəaliyyəti çox zəifdir, yox, bu sahədə kifayət qədər işləyirik. Dünyada Fələstinin bəzi həmrəylik hərəkatları var ki, problemlər yaranan kimi bu təşkilatlar dərhal reaksiya verir və dəstək göstərirlər. Məsələn, dünyada Fələstin dövlətinə qarşı İsrail dövlətinin işğalının sona çatması üçün onu cəzalandırmağı və təzyiq göstərməyi tələb edən qeyri-hökumət dünyəvi Fələstin xalq hərəkatları vardır. Bu hərəkatlar rəsmi qurumlarla əlaqədə olmasalar da, Fələstin probleminə dəstək və Fələstin xalqının həmrəyliyinin qorunmasında fəal rol oynayırlar. Qarşı tərəfin lobbiçilik fəaliyyəti yetərincə güclüdür, onsuz da bu gün İsrailin gəlib çıxdığı vəziyyət nəhəng bir dövlətin verdiyi görünməz və böyük dəstəyin nəticəsidir. Onlar təbliğatla məşğul olarkən, Fələstin hələ bilmirdi ki, lobbiçilik nədir, necə həyata keçirilir. Yəni belə bir gücə qarşı mübarizə aparmaq çox cəhd və daha güclü lobbiçilik tələb edir.

- Hansısa münaqişə ilə bağlı həqiqətləri kütləyə çatdırmaq və inandırmaq diplomatik cameəni inandırmaqdan nisbətən asandır. Bunu necə izah etmək olar: diplomatların ölkə maraqlarından çıxış etməsi, yoxsa soyuqqanlı olması ilə?

- Burada bir neçə amil rol oynaya bilər. Diplomat ola bilsin iş və həyati təcrübəsində çoxlu sayda hadisələr görsün və ona hansısa bir faciə barədə danışanda ona dərhal reaksiya verməsin. Təmsil olunduğu dövlətin mövqe və maraqlarından çıxış edərək bəhs edilən dövlət barədə soyuqqanlılıq nümayiş etdirə bilər. Yaxud hansısa diplomat məsələyə neytral qala, adi insanın təsirləndiyi məsələdən o, təsirlənməyə bilər. Diplomatlar siyasi məsələlərdən xəbərdar və tarixə yaxşı bələd olduqlarına görə onlar daha soyuqqanlı yanaşır. Diplomata foto göstərib hansısa informasiya çatdıranda o, dərhal reaksiya verməyə bilər, problem haqda məlumatı azdırsa, onu araşdırandan sonra münasibətini bildirəcək.

- Bayrağınız barədə də məlumat almaq istərdik. Səhv etmirəmsə, İordaniya bayrağı ilə oxşardır. Qara rəng, adətən, hüznü ifadə edir. Fələstin bayrağı rəngləri ilə hansı mesajları verir?

- Təxminən 100 il öncə Fələstin bayrağı qəbul edilərkən regionda baş verən hadisələrə əsaslanıblar. İordaniyanın bayrağı da bu formadadır, təkcə qırmızı üçbucaqda olan bir ulduza görə fərqlənir və bu da yenə bölgədəki hadisələrin təsirindəndir. Bayrağın tarixi və mənası barədə danışmaq uzun vaxt alardı, amma ümumi fikir belədir ki, yaşıl rəng – islamı və eyni zamanda tolerantlığı, ağ – insanların kədər və hüznsüz rahat yaşamasını əks etdirir. Hər bir xalqın həyatında qara günlər, müəyyən qətliamlar və s. olur, qara rəng də həmin günlərə işarədir. Həmçinin, Fələstin mədəniyyətində, xüsusilə, qadınların geyimində də ən çox istifadə edilən rənglər qara, qırmızı və yaşıldır. Yəqin ki, bayrağı dizayn edənlər mədəniyyətimizdən də bəhrələniblər.

- Dünyanın əsas müzakirə mövzusu ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarı ilə bağlıdır. Bu qərarı necə qarşıladınız?

- Qüdsün İsrailin paytaxtı elan olunması beynəlxalq qanunvericiliyi və həqiqəti dəyişməyəcək. ABŞ-ın belə bir qərarı verməsi Birləşmiş Ştatların BMT qarşısında götürdüyü öhdəliklərə və Fələstin tərəfi ilə bağlanmış ikitərəfli memorandum və müqavilələrə tamamilə ziddir. ABŞ qeyri-qanuni elanla özünün imzaladığı müqavilələrə zidd getdi. İki tərəf arasında vasitəçi olmaq əvəzinə tərəf olmağı, ekstremist, müstəmləkəçi, hökuməti təmsil edən Benyamin Netanyahunun yanında olmağı seçdi. Birləşmiş Ştatlar dünya liderləri, beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə qəbul olunmuş qətnamələri pozdu. Tramp qeyri-qanuni addımı ilə yeni bir presedent yaratdı, təhlükəli bir məsələ gündəmə gəldi. Bu hal gələcəkdə beynəlxalq qanuna əməl etmək istəməyən dövlətlərə başqa bir dövlətin bir hissəsini işğal edib özünə birləşdirib qanuni elan etməsinə yaşıl işıq yandıra bilər. ABŞ bizim problemin nizamlanmasında qətiyyən vasitəçi ola bilməz. Bunu qəbul etməyəcəyik. Çünki ABŞ artıq sülh prosesinə dağıdıcı zərbə vurdu. Qüds şəhəri bütün dünya müsəlmanları, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Belə bir şəhərin digər tərəfə hədiyyə verilməsi qeyri-məqbuldur. Bu qərarla dünyada 1 milyard 700 milyondan artıq müsəlmanın, o cümlədən 1.9 milyard xristianın hislərinə hörmətsizlik etmiş oldu. Bilirsiniz ki, Qüdsdə qiyamət kilsəsi var, bu şəhər bütün din tərəfdarları üçün müqəddəsdir. Haqlı olaraq dünya liderləri də bu qərara qəti etiraz etdilər. ABŞ beynəlxalq qanunvericiliyin təməl prinsiplərini pozmaqla zülmkar qüvvələrə qapı açmış oldu.

- Fələstin tərəfi bundan sonra nə etməyi düşünür. Prezident Mahmud Abbas müharibənin olacağını istisna etməyib. ABŞ-ın bu addımı Fələstin-İsrail sülh danışıqlarına nə kimi təsir göstərəcək?

- Biz qərarın siyasi olduğunu bildiyimizə görə, dərhal BMT-yə şikayət məktubu göndərdik. ABŞ-ın özünün BMT qarşısında öhdəlikləri və beynəlxalq qanunvericilikdə payı var, biz Birləşmiş Ştatların bu qərardan geri dönməsi üçün müraciət etdik. Bu, mümkün olmazsa, bütün mümkün sülh variantlarından istifadə edəcəyik. Müharibədən söhbət getmir. Biz heç vaxt hərb yolunu seçməmişik, sivil mübarizə aparmışıq. Bu günədək kifayət qədər çox dövlət Fələstini tanıyıb. Müqavimətimizin tempini artırmaqla, daha çox səy göstərərək digər dövlətləri Fələstini tanımağa dəvət edəcəyik. Birləşmiş Ştatlar qərarını geri götürənədək vasitəçi ola bilməz. Bunun əvəzində digər dünya dövlətlərini bu problemin nizamlanmasına cəlb edərək onun çözümünə çalışacağıq. Dünya dövlətləri yekdilliklə bu qərarı qəbul etmir, məhz buna görə də digər gücə sahib dövlətlərlə nəticə əldə etməyə nail olmağa çalışacağıq.

- Qəzza zolağına “Həmas”ın və qarşılıqlı olaraq İsrail hərbi təyyarələrinin hava zərbələri endirdiyi barədə xarici KİV-lərdə müxtəlif informasiyalar yayılır. Yəqin Qəzza zolağında vəziyyətin necə olduğuna dair daha dəqiq informasiyaya maliksiniz. Oradakı hazırki durum necədir?

- Ümumilikdə Qəzza zolağında humanitar vəziyyət faciəvidir. Keçmiş müharibə dövründə oradakı bir çox infrastruktur dağıdılıb, az bir hissəsi təmir edilib. BMT-nin rəyinə görə, Qəzzadakı vəziyyət bu şəkildə davam edərsə, 2020-ci ildə artıq orada yaşam səviyyəsi sıfıra enəcək, çünki insani durum getdikcə ağırlaşır və orada yaşamaq getdikcə çətinləşir.

- Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlığı Təşkilatının Qüdsün statusu ilə bağlı sammiti oldu. Müsəlman ölkələri ilə yanaşı, xristian dövlətləri də məsələ ilə bağlı sərt bəyanat səsləndirdilər və ABŞ-ı qınadılar. Ümumilikdə Fələstin islam və xristan dünyasının reaksiyasından razıdır?

- Təbii ki, dünyanın bu cür reaksiyası bizim üçün çox vacibdir. Dünya xalqları bilir ki, bu, gələcəkdə böyük təhlükələrə gətirib çıxara bilər, dünyanın özünün stabilliyi üçün qeyri-məqbul vəziyyətdir. Biz verilən reaksiyalara görə sevinirik. Hesab etmirəm ki, Donald Tramp qərarından geri dönəcək. Bunun müqabilində biz də dayanmamalıyıq, Fələstin dövlətinin daha çox imtiyazlara sahib olması, Fələstinin tanınması, eləcə də digər böyük güclərin bu münaqişənin nizamlanmasına cəlb olunması üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu qeyri-qanuni qərar BMT qətnamələrini, dünya həqiqətlərini dəyişməyəcək. Dünyanın reaksiyası qaneedicidir. Buddizm ölkəsi Yaponiya belə bu qərara etiraz elədi. Bir sözlə, dünya yekdilliklə Trampa qarşı çıxdı.


Müəllif: Elçin Murad, Nərgiz

Oxşar xəbərlər