Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Bu gün Azərbaycan paytaxtının nadir arxitektura nümunələrindən birində - Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransı işinə başladı.
40-dan artıq ölkədən, 8 beynəlxalq təşkilatdan Bakıya toplaşmış nümayəndələrin qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir beynəlxalq münasibətlərin ən aktual problemlərindən biri ilə bağlı dərin məzmunlu nitq söylədi.
Prezident İlham Əliyevin nitqi bu gün dünyada qarşıdurmanın, münaqişələrin, gərginliyin tüğyan etdiyi bir zamanda beynəlxalq aləmə həmrəylik, qarşılıqlı anlaşma, dialoq mədəniyyəti nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan "İslam Həmrəyliyi ili"ndə, eləcə də əvvəlki illərdə həyata keçirdiyi onlarla beynəlxalq tədbirlərlə, forumlarla, sammit və konfranslarla, atdığı addımlarla beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi".