9 Yanvar 2018 09:41
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüşün Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil.

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, ordu generalı Kertis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov arasında bu ay Bakıda keçiriləcək görüşdən gözləntilərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən politoloq Qabil Hüseynli belə deyib.

O qeyd edib ki, Bakı uzun müddətdir beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir məkana çevrilib:

“Bakı həm regionun gözəl, həm də etimad göstərilən, təhlükəsizliyi yüksək səviyyədə təmin edilən şəhəridir. Bu səbəbdən də məhz ABŞ-ın təklifi ilə bu tədbir Bakıda keçirilir və Rusiya buna qətiyyən etiraz etmir. Çünki bu, Rusiyanın özünün də ürəyincədir”.

Politoloq bildirib ki, bu görüşün həyata keçirilməsi son vaxtlar NATO ilə Rusiya arasında yüksələn gərginliyin qarşısını almaq, onu daha konstruktiv məcraya yönəltmək məqsədi daşıyır:

“Əvvəlki görüşlərdə bir sıra prinsipial razılaşma əldə edilsə də, hər iki tərəfin bir-birindən şübhələri artmaqda davam edir. ABŞ hesab edir ki, Rusiya Avropa İttifaqını parçalamaq, keçmiş SSRİ-yə daxil olan bəzi ölkələri öz ərazisinə qatmaq niyyətindədir. Kremldə isə düşünürlər ki, NATO Rusiya sərhədlərinə doğru genişlənməkdədir, Gürcüstan və Ukraynanı öz sıralarına alsa, bu, Rusiya üçün çox qorxulu geopolitik situasiyanın yaranmasına gətirib çıxara bilər. Odur ki, tərəflərin bir-birinə deyəcəyi sözlər çoxdur. Bu görüşdə Rusiya sözsüz ki, NATO-nun Şərqə doğru genişlənməsi məsələsini gündəmə gətirəcək və bu barədə qarşı tərəfin arqumentlərini dinləyəcək. Amma NATO tərəfinin arqumentləri məncə, daha güclüdür. Onların Ukrayna, Gürcüstan məsələsində dair ciddi sualları var”.

Q.Hüseynli hesab edir ki, Rusiya vəziyyətin bu cür inkişafından narahatdır:

“Çünki ABŞ-ın sanksiyalarının güclənməsi, qarşıdan gələn prezident seçkiləri, iqtisadi göstəricilərin pisləşməkdə davam etməsi hərbi xərclərin azaldılması zərurətini ortaya qoyub. Bu mənada generalların görüşündə gündəmdə olan əsas məsələ yaxın və orta mənzilli nüvə raketlərinin aradan qaldırılmasına dair əvvəllər imzalanan sazişə hörmət göstərilməsi, beləliklə, sürətli silahlanmanın qarşısının alınması üçün müəyyən tədbirlərin görülməsi olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər