31 Yanvar 2018 14:03
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

RAND Korporasiyasının bu il nəşr etdirdiyi “Keçmiş Sovet İttifaqında din, münaqişə və sabitlik” (“Religion, conflict and stability in the former Soviet Union”) kitabının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dinin roluna həsr edilmiş və müəllifi Artyom Tonoyan olan fəslini oxudum. RAND-dan bu cür aşağı səviyyəli yazı və belə müəlliflər kollektivi ilə nəşr gözləmirdim.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.

O qeyd edib ki, ermənilər öz fikirlərini Qərbin liberal intellektual dairələrinə bu yolla yeridirlər:

“Məqalənin müəllifi Minnesota Universitetində çalışır. Əvvəlki təhsilini Dallasdakı Baptist Universitetində, PhD dərəcəsini isə Baylor Universitetində alıb. Hər ikisi sırf xristian fundamentalistlərin dayaqları olan universitetlərdir. Xristian fundamentalistlər uzun illərdir ABŞ-da liberal təhsil ocaqlarının və təhsil sisteminin dominantlığına qarşı mübarizə aparmaq üçün alternativ təhsil ocaqları və qurumları yaratmağa çalışırlar. Bu, başqa mövzudur. Demək istədiyim odur ki, həmin dairələrə bağlı olan erməni müəllifin önə çıxması və belə məqalə yazması təsadüfi deyil”.

F.Çıraqov bildirib ki, ümumiyyətlə, son illərdə Qərbdə artan sağ və xristian fundamentalizmi fonunda ermənilər Ermənistan-Azərbyacan, Dağlıq Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi təqdim etməyə çalışırlar:

“Hətta 2016-cı il Aprel döyüşləri zamanı ermənilər və Rusiya mətbuatı ardıcıl, intensiv və sistemli şəkildə cəbhə bölgəsinə İŞİD döyüşçülərinin gətirilməsi ilə bağlı kütləvi dezinformasiyalar yaymağa başlamışdı. O zaman həmkarım Kamal Qasımovla birgə nüfuzlu “The National İnterest” jurnalında bu ittihamların əsassızlığı barədə məqaləmiz dərc olundu. Bizə bu cür ittihamlar yeni deyil. Hələ Mixail Qorbaçov 20 yanvar 1990-cı ildə törədilən qırğınlara bəraət qazandırmaq üçün beynəlxalq ictimaiyyətə bildirmişdi ki, Bakıya ordu birləşmələrini müsəlman fundamentalistlərin qarşısını almaq üçün yeritmək məcburiyyətində qalıb. Yeri gəlmişkən, Artyom Tonoyan da fürsət düşdükcə həmin iddianı yazısında məharətlə yada salır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər