19 Mart 2018 00:11
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlər səsvermə gününə 23 gün qalmış, yəni martın 19-da təşviqata başlaya bilərlər.

Bu müddət ərzində namizədlər pulsuz efir vaxtından, habelə qanunda nəzərdə tutulmuş digər vasitələrdən istifadə edə bilərlər.

Təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - aprelin 10-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.

Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər