3 Aprel 2018 14:35
3 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşə təhsil sisteminin genişləndirilməli, peşə təhsili ilə bağlı özəl müəssisələr yaradılmalıdır.

Bu sözləri millət vəkili Fazil Mustafa Peşə təhsili haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili özəl təhsil müəssisələrində xərclərin dövlət və vətəndaş arasında bölüşdürülməsini təklif edib:

“Həmin müəssisələrdə bir şagirdin təhsili 40 manata başa gəlirsə, onun 20 manatı vətəndaş, 20 manatı dövlət tərəfindən ödənilə bilər. Bu sahədə müasirləşməyə imkan yaratmaq lazımdır. Bəzən ali məktəblərdə belə tələbə 3-cü kursa çatanda artıq təhsil aldığı ixtisasın əhəmiyyətini itirdiyini görür. Ölkəmizdə qızların, qadınların peşə təhsili məsələsi aktualdır. Sahibkarları stimullaşdırmaq, vergidən azad emək lazımdır ki, peşə təhsili müəssisələri açsınlar. Qızlarımız bu müəsisələrdə peşə təhsili alsınlar. Bu gün qızlar 4 il özəl universitetdə oxuyur, lakin sonra aldığı təhsil üzrə işləmir, əmək bazarında yer tapmır. Bu qızlara peşə təhsili vermək lazımdır ki, sabah ailə yükünün yarısını bölüşə bilsin”.

14:35

İstehsalat təcrübəsində olan bəzi tələbələrə əmək haqqı veriləcək.

Bu sözləri Milli Məclisdə Peşə təhsili haqqında qanunun ikinci oxunuşu zamanı çıxış edən Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, birinci oxunuşda deputatlar, nazirliklərin nümayəndələri tərəfindən irəli sürülən təkliflərin bir çoxu nəzərə alınıb:

“İstehsalat təcrübəsi zamanı tələbələrə əmək haqqı verilməsi millət vəkilləri tərəfindən qaldırılmışdı. Biz də bu məsələ ətrafında müzakirə apardıq. Qanunda edilən düzəlişə görə, o halda istehsalat təcrübəsində olanlara əmək haqqı veriləcək ki, peşə təhsili təhsilalanla müəsisə arasında müqavilə imzalanacaq. Belə şəxslər ümumi müdavimlərin 1/3-dən azını təşkil edir. İşəgtürənlər də buna maraqlıdır, çünki onlar sonra həmin şəxsləri işə qəbul edir”.

***

Milli Məclisdə Peşə təhsili haqqında qanunun ikinci oxunuşda qəbulu üçün zaldakı deputatların sayı kifayət qədər olmayıb.

Spiker Oqtay Əsədov bu məsələyə irad bildirib, millət vəkillərini zala dəvət edib.

“Deyəsən boğazları quruyub, çay içməyə gediblər. Deputatları dəvət edin, gəlib səs versinlər. Burada 90-dan çox millət vəkili olmalıdır”.

***

Azərbaycan Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli qanunun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət etdiyini bildirib:

“Qanun layihəsi itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayət və inzaibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə istifadə ediləcək”.

Millət vəkili bildirib ki, qanun layihəsi məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat axtarış tədbirləri,miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə edə biləcək.

Qanun ətrafında müzakirələrdə iştirak edən millət vəkilləri qanunun cinayətkarların aşkar edilməsinə yüksək səviyyədə dəstək verəcəyini bildirib.

14:00

Azərbayca Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli qanunun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət etdiyini bildirib:

“Qanun itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətin başqa üsullarla müəyyən edilməsi mümkün olmadıqda, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmadıqda şəxsiyyətin müəyyənləşdirilməsi, cinayət və inzaibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə tətbiq ediləcək”.

Millət vəkili bildirib ki, məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat-axtarış, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə edə biləcək.

Qanun ətrafında müzakirələrdə iştirak edən millət vəkilləri qanunun cinayətkarların aşkar edilməsi işində böyük rol oynayacağını bildiriblər.

***

Tibbi sığorta ilə bağlı bir çox məsələlər insanları narahat edir. Əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta ilə bağlı məsələnin həllini gözləmək real deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, iki rayonda icbari tibbi sığorta ilə bağlı pilot layihənin nə zaman bitəcəyi bəlli deyil:

“Pilot layihənin də bir müddəti olmalıdır. Bu gün bir binanı sanki 5-10 nəfər tikir, digərləri ilə əmək müqaviləsi imzalanmır”.

Millət vəkili Tibb Universitetinə alternativ müəssisənin yaradılmasını da təklif edib: “Ölkədə tibb təhsilinin vəziyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Təklif edirəm ki, ayrıca bir təhsil müəssisəsi açılsın və Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin. Rəqabət mühiti yaransın ki, tibb təhsili inkişaf etsin”.

F.Mustafa icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində tətbiq edilməli olduğunu deyib:

“Başa düşürəm ki, sahibkarların problemləri var. Lakin dövlət də bu məsələyə dəstək göstərməlidir. Bayaq mən medallar haqqında çıxış edərkən millət vəkilləri etiraz etdi, lakin bir sıra filmlərdə rol almış Ənvər Həsənov əməkdar artistdir. Bütün toy müğənniləri də əməkdar artist və ya xalq artistidir. Bu gün Azərbaycan kinosunun korifeyinin heç bir titulu yoxdur, məcburi tibbi sığortası da yoxdursa, o, müalicə ala bilmir. Bizə bu mövzuda müraciətlər olur. İcbari tibbi sığorta ilə bağlı məsələni bütün ölkədə tətbiq etməliyik ki, vətəndaş bu sıxıntının içərisində ən azından bir az gec ölsün. Bu gün bu qurumlar anlamalıdır ki, vətəndaş tibb xərclərini ödəmək iqtidarında deyil. İmkanı olanlar Türkiyəyə, İrana gedir. Gedə bilməyənlər evində sakitcə ölür. Hər yanda dərmanların pulsuz olduğu yazılır, bir çox tibb müəssisələrində dərman tapılmır. Bu tək nazirliyin günahı deyil. Bu məsələni həll etmək lazımdır”.

Millət vəkili Əhliman Əmiraslanov Fazil Mustafanın tibb təhsili ilə bağlı fikirlərinə cavab verib:

“Bu fikirləri söyləyəndə bunu əsaslandırmağa çalışın. Tibb təhsilində alternativ müəssisə var. Bilmirsinizsə, öyrənin. Bir dəfə Tibb Universitetinə gedib kadr potensialı ilə maraqlanın. Xahiş edirəm, bilmədiyiniz mövzuda ehtiyatla danışın. Bu gün Ağdaş rayonunda da icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçiriləcək. Bu işlərin aparılması heç də ləng həyata keçirilmir”.

13:26

Mən nə əvvəlki iqtidar, nə də indiki iqtidar dövründə bir dəfə də olsun, əxlaqdan, qanundan kənar söz demişəm. Bu gün müxalifətdə olanlara ona görə müxalif olmuşam ki, onlar hazırkı hakimiyyətə yarınmağa çalışıblar. Bir nəfər mənə göstərin ki, iqtidarlın xeyrini görməyib? Parlamentdə oturub xeyir də görüblər.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Milləv vəkili onu da vurğulayıb ki, bugünkü müxalifət illərdir heç bir ideoloji mübarizə aparmır:

“Bu gün olublar qəhrəman, radikal müxalifət. Buna kim inanar? Bu gün hansı müxalifət partiya sədri bəyan edib ki, mən Azərbaycanda siyasi sabitliyi təmin edə bilərəm. Heç buna cürət də edə bilməzlər. 10 ildən artıqdır ki, heç ideoloji mübarizə də yoxdur. Heç kim deyə bilməz ki, onlardan biri hakimiyyətə gəlib prezident olsa, Azərbaycan Suriyanın halına düşməz. Ancaq söyüb, təhqir edirlər. Belə söyüşlər yaramaz. Xalqın, vətənin xeyrinə dediyimiz sözlərə baxmadan söyürlər”.

13.13

Maşın almaq istəyənlə iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “Banklar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, kimsə 50 min manatlıq avtomobil almaq istəyirsə, dövlətin borcunu ödəməlidir:

“Bu məsələdə insanların vəzityyəti nəzərə alınmalıdır. Elə insanlar var ki, yaslarını keçirmək üçün kredit götürür. Onları qınamaq olmaz. Bu milli dəyərlərə bağlı məsələdir. Onların da vəziyyəti nəzərə alınmalıdır. Maliyyə Nəzarət Şurası yaratdıq, iki il keçsə də, heç bir səs yoxdur. Banklarda rəhbərlik dəyişir, ancaq Milli Məclis qarşısında hesabat verərək, hansı dəyişikliklər etdiklərini ortaya qoymurlar. Valyutadəyişmə məntəqələrinin yenidən bərp edilməsi ilə bağlı qanun qəbul etdik, amma bu məsələ də kiminsə inhisarında olduğundan gerçəkləşmir. Sovet dövründə banklarda qalan pullar Prezidentin iradəsi ilə geri qaytarılır. Bu vaxta qədər 2 milyarddan artıq pul geri qaytarılıb. Amma hər şeyi dövlətdən gözləmək olmaz. Bu baxımdan hesab edirəm ki, növbəti dəfə Ziyad Səmədzadə bu istiqamətdə qanun lalyihələri irəli sürərkən, bu məsələ nəzərə alınmalıdır”.

12.56

Gəmiçiklikdə xidməti olanlara medal verməkdənsə, pul vermək lazımdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Gəmiçilik sahəsində xidmətlərinə görə” medalın təsisi ilə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, insanları medal almağa aludə etmək olmaz:

“Kim biz az aşağı dərəcəli medal alırsa, bunu ürəyinə salır. Bu qədər pulu nə üçün medallara sərf edirik. Medalların verilməsi sovet dövründən qalma ənənədir. Təkcə bu məsələ ilə bağlı fikir səsləndirmirəm. Məsələyə ümumi yanaşıram. Hər bir qurum özünün yaranması ilə bağlı tarix müəyyən edir. Nobel Bakıda neft kəşf edibsə, o bizim ağsaqqalımız olmayacaq ki? Yəni hər hansı qurumun yaranma günü yalnız Azərbaycanla bağlı olmalıdır. Hesab edirəm ki, bu ənənəyə bir də baxmalıyıq. Buna yanaşma dəyişsə, insanların medala bağlılığı azalar. Buna görə də bu gün Elmlər Akademiyasında elm yox, titul arxasınca gedirlər. Bu istiqmaətdə yeni düşüncəni qəbul etmək lazımdır. Bakıya qəhrəman adı vermək iddiası qaldırmışdıq. Bakı Moskvanın şəhəri kimi bu adı almalı idi?”

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə münasibət bildirib: “Hər şeyi maddi maraq prinsipinə çevirmək olmaz”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, bu məsələlər dövlətçiliyə hesablanıb: “Biz medalı pulla necə ifadə edə bilərik? Pul veriləcək xərclənəcək, gələcəyə nə qalacaq? Hesab edirəm ki, gələcəkdə Milli Məclsiə gələn fəxri qonaqları da təltif etmək üçün medallar hazırlamalıyıq. Bu dövlətin xalqa olan münasibətinin göstəricisidir”.

12:46

Bu gün Azərbaycan xaricdən maliyyələşən, sosial şəbəkələr vasitəsilə ölkəmizdə qarşı qarayaxma kampaniyası aparan şəxslərdən imtina etməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abiyev deyib.

A.Abiyev onu da vurğulayıb ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır:

“Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini yeyən, havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.

***

Avropa ölkələrində yaşayan bir qrup şəxsin Azərbaycan prezidentinə, xalqımıza qarşı söyüş və təhqirlərinə ictimaiyyətin reaksiyası, bu məsələdə həmrəylik vacibdir. Ona görə ki, həmin ölkələrdə bu fikirlərə qarşı mübarizə aparmaq üçün hüquqi prosedurlar yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əli Hüseynli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Ə.Hüseynli bildirib ki, hər kəs bu məsələyə münasibət bildirməlidir: "Ölkə prezidenti, hakimiyyət münayəndələrinə qarşı təhqir, həm də dövlətimizə, xalqımıza qarş təhqir və böhtandır. Azərbaycanlı olmaq üçün burada doğulmaq, azərbaycanlı ad və soyadı daşımaq kifayət deyil. Elə insanlar var ki, azərbaycanlı təfəkküründən uzaqdırlar. Biz həmrəyliyimizi, ölkəyə, prezidentə, dövlətə sədaqətimizi ortaya qoymalıyıq”.

Oqtay Əsədov isə bildirib ki, bu məsələyə münasibət bildirmək üçün Milli Məclisdə çıxış etmək mütləq deyil:
“Mətbuat, saytlar var, orada fikirlərinizi bildirə bilərsiniz. Aydındır ki, həmin insanlar Azərbaycan xalqının milli dəyərlərindən uzaqdırlar”.

***

12:31

Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki, onlarla bağlı müzakirəni Milli Məclisə çıxarmağa ehtiyac yoxdur. Sosial şəbəkədə ölkəmizə qarşı kampaniyanı aparanlar bir neçə nəfərdirlər. Heç kim onları inanmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bu mövzu ilə bağlı dəfələrlə mediada çıxış etdiyini əlavə edib:

“Mən mətbuatda çıxışımda demişəm ki, Azərbaycana, buradakı siyasətə qarşı mübarizə aparmaq istəyənlər buyurub ölkəmizə gəlib kişi kimi mübarizə apara bilərlər. Ölkəmizdə keçiriləcək prezident seçkisinə namizədlərin irəli sürülməsi müstəqil şəkildə aparılıb. Kimsə namizədliyini irəli sürməyibsə, biz nə edə bilərik? Azərbaycan kişisi bıçağı kürəyə deyil, ürəyə vurmağı bacarmalıdır. Mən müxalifətdə deyiləm, lakin yeri gələndə tənqidi fikirlərimi sərbəst şəkildə ifadə edirəm. Buna görə də bizə irad bildirilməyib. Çünki azad ölkədə yaşayırıq”.

12:27

Azərbaycan xaqlı müstəqillik əldə etdikdən sonra ictimai-siyasi, iqtisadi sahələrdə inkişaf gedib. Bu gün Azərbaycan dünyada sözünü deyən dövlət kimi tanınır, ən aparıcı ölkələrin siyasi liderləri ölkəmizdə aparılan siyasətə müsbət münasibət bildirir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan transmilli, irimiqyasllı layihələri ilə qitələri birləşdirir:

“Təsadüfi deyil ki, Bakıda keçirilən ən mötəbər görüşlərə dünyanın siyasi liderləri, mötəbər insanlar gəlir. Dövlətimizin apardığı siyasət bəzi qüvvələt tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycanın siyasətinə qarşı iyrənc fikirlər səsləndirirlər. Müxtəlif sosial şəbəkələrdə əsassız məlumatlar yayırlar. Onların ölkəmizə qarşı apardığı siyasəti bütün Azərbaycan xalqı pisləyir. Bizim xalqımızın ən böyük naliyyəti xalq və dövlət birliyinin təmin edilməsidir”.

12:17

Bir qrup şəxs Azərbaycan dövləti və prezidentinin əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur. Mühacir adı altında müxtəlif xarici ölkələrdə yaşayan bu şəxslər Azərbaycanın əleyhinə fikirlər səsləndirirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclsiin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, onlar erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərirlər:

“Bu vaxta qədər bir dəfə də olsun, Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən şəxəslər Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var. Təəssüf ki, onların Azərbaycan dövləti və xalqına qarşı apardıqları siyasət ermənilərin siyasətindən betərdir. Siyasi mübarizə aparmaq istəyənlərə heç bir məhdudiyyət yoxdur, düşmənin dəyirmanına su tökmək, erməni mediasında məşhurlaşmaq ancaq bu insanlara yaraşır. Vətənə, xalqa, orduya qarşı müxalif olmaq olmaz, azərbaycanlılara qarşı soyqırımı törətmiş xalqla əlbir olmaq olmaz”.

S.Novruzov millət vəkillərini bu məsələ ilə bağlı mövqe ortaya qoymağa çağırıb:

“Cəmiyyətin bu məsələdə mövqeyi yekdil olmalıdır. Xalqın seçdiyi insanlar bu ünsürlərə qarşı mövqeyini ortaya qoymalıdır. Hər kəs bir tərəfə çəkilsə, bunun axırı necə olacaq? Biz seçicilərimizi təmsil edirik, həmin insanlar da bizim seçicilərimizi təhqir edir. Biz nə üçün göz yumuruq, münasibəti bildirmirik? Xahiş edirəm ki, hər kəs gündəliklə yanaşı bu mövzuya da münasibət bildirsin. Tərifə görə çıxışa yazılsaydılar, mənə növbə çatmayacaqdı. Söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir”.

12.05

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 25 məsələ daxildir.

Bunlar “Hidrometeorologiya fəaliyyəti haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnama", "Banklar haqqında", "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatlar haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Valyuta tənzimi haqqında", "Yerin təki haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İcra haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Tibbi sığorta haqqında", "Fərdi məlumatlar haqqında" və s. qanunlarına o cümlədən Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" (ilk oxunuş) və "Peşə təhsili haqqında" (ikinci oxunuş) qanun layihələri də müzakirəyə çıxarılacaq.

10:20

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasda Azərbaycan ilə Əfqanıstan arasında hava əlaqəsi, eləcə də sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər təsdiq olunacaq.

Daha sonra iclasda Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İcra haqqında", "Tibbi sığorta haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

Peşə təhsil sisteminin genişləndirilməli, peşə təhsili ilə bağlı özəl müəssisələr yaradılmalıdır.

Bu sözləri millət vəkili Fazil Mustafa Peşə təhsili haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili özəl təhsil müəssisələrində xərclərin dövlət və vətəndaş arasında bölüşdürülməsini təklif edib:

“Həmin müəssisələrdə bir şagirdin təhsili 40 manata başa gəlirsə, onun 20 manatı vətəndaş, 20 manatı dövlət tərəfindən ödənilə bilər. Bu sahədə müasirləşməyə imkan yaratmaq lazımdır. Bəzən ali məktəblərdə belə tələbə 3-cü kursa çatanda artıq təhsil aldığı ixtisasın əhəmiyyətini itirdiyini görür. Ölkəmizdə qızların, qadınların peşə təhsili məsələsi aktualdır. Sahibkarları stimullaşdırmaq, vergidən azad emək lazımdır ki, peşə təhsili müəssisələri açsınlar. Qızlarımız bu müəsisələrdə peşə təhsili alsınlar. Bu gün qızlar 4 il özəl universitetdə oxuyur, lakin sonra aldığı təhsil üzrə işləmir, əmək bazarında yer tapmır.Bu qızları peşə təhsili vermək lazımdır ki, sabah ailə yükünün yarısını bölüşə bilsin”.


Müəllif: Gülxar

Oxşar xəbərlər