ABŞ və Türkiyə arasında əldə olunacaq Menbiç razılaşması Suriyanın gəlcək taleyinin müəyyən olunmasında böyük rol oynayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Politoloq vurğulayıb ki, Türkiyə son 1 ildə Suriyada gedən proseslərdə aktiv rol oynayır: “Türkiyənin Suriya məsələsində tutduğu möqe Ankara-Vaşinqton münasibətləri baxımından da əhəmiyyətlidir. Suriya məsələsinə dair Türkiyə və ABŞ arasındakı əsas problem Vaşinqtonun bölgədəki kürd silahlı birləşmələrinə verdiyi dəstəkdən qaynaqlanırdı. Bununla bağlı razılığa gələ bilmirdilər. İndi görünür, hansısa şərtlər üzərində anlaşmağa yaxındırlar. ABŞ Yaxın Şərqdə Türkiyəsiz hərəkət edə bilməyəcəyini başa düşməyə başlayıb”.
Vüqar Zifəroğlunun sözlərinə görə, ABŞ İran və Rusiyanın Suriyada kifayət qədər möhkəmləndiyini nəzərə alır: “Əgər Bəşər Əsəd öz hakimiyyətini qoruyub saxlaya bilirsə, bunu İran və Rusiyadan aldığı dəstək hesabına təmin edir. Bu iki qüvvə ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməsində maraqlı deyil. Buna görə də, ABŞ NATO-dakı əsas müttəfiqlərindən biri olan Türkiyəyə üz tutmaq məcburiyyətində qalmalıydı.
Amma Suriya məsələsində ABŞ-ın Türkiyənin maraqlarını hansı formada nəzərə alınacağını indi demək mümkün deyil. Proseslər müsbətə doğru inkişaf edir, lakin hələlik nəticələr barədə fikir söyləmək çətindir.
İraq təcrübəsi də göstərir ki, zaman-zaman ABŞ geosiyasi məsələlərdə Türkiyəyə yaxınlaşsa da, müəyyən dövrlərdə məsafəni qorumağa çalışıb. Bütün hallarda ABŞ-ın Türkiyə qarşısından geri çəkilərək, bir masa arxasında oturacağı gözlənilən idi”.