Teleqraf.com bir neçə gün əvvəl həbsdən buraxılan Karlar Cəmiyyətinin sədr müavini, Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tukanovla müsahibəni təqdim edir.
- Musa müəllim, nə zaman həbsdən azad edildiniz?
- İyunun 7-də məhkəmə mənimlə bağlı qərar verdi. Hazırda evimdəyəm.
- Siz, azadlığa buraxılmısınız, yoxsa cəzanız şərti həbslə əvəzlənib?
- Məhkəmə barəmdə olan hökmü şərti azadlıqla əvəz edib. Mənim barəmdə iki il müddətinə şərti azadlıqdan mərhumetmə qərarı verilib.
- Siz, hüquqşünassınız. Niyə həbs edilmişdiniz?
- Bilirsinizmi, tanımadığım iki insan üzümə durdular. Bu ağır bir məsələdir.
- Karlar Cəmiyyətində yeyinti olmamışdı?
- Təsəvvür edin ki, məhkəmədə zərərçəkən şəxsin özü çıxış etdi, bildirdi ki, ona heç bir zərər dəyməyib. Bu faktdır.
- Bundan sonra da Karlar Cəmiyyətində sədrin birinci müavini vəzifəsində qalırsınız?
- İstintaq müddətində vəzifədən kənar saxlanmışam. Amma ümumilikdə vəzifədən birmənalı çıxarılmamışam. Ancaq indi düşünürəm ki, bu cəmiyyətlə əlaqələrimi dayandırım, yəni yenidən ora qayıtmayım. Ora qayıtmaq fikrim yoxdur. İndi səhhətimlə məşğulam.
- Səhhətinizlə bağlı problemlər yaranıb?
- Yox, səhhətimdə problem yoxdur.
- Həbsxanada gününüzü necə keçirirdiniz?
- Şərait normal idi. Vaxtında yemək verilirdi. Bizi incidən olmadı. Ancaq buna baxmayaraq, yaş öz sözünü deyir. Təsəvvür edin ki, səkkiz ay müddətində bir otaqda əyləşdim. Bir yana çıxmırdım. Odur ki, səhhətimlə bir qədər maraqlanmaq niyyətim var.
- Səkkiz ay uzun vaxtdır. Yəqin ki, düşünmək üçün kifayət qədər imkanınız olub...
- Bəli, düşünmək üçün vaxtım çox idi. Ümumən insan həyatı elə orada başa düşür.
- Düşünüb hansı qərara gəlmisiniz?
- Açığı, xüsusi ideyalarım, fikirlərim yoxdur. Yəni hansısa addım atmaqla bağlı qərar verməmişəm. Hələlik planım bir qədər istirahət etmək, özümə gəlməkdir. Ondan sonra görək, neynəyəcəyik. İçəridə olanda əsas fikrim məhkəmə idi. Şükür ki, evimdəyəm.
- Siyasi istiqamət necə olacaq?
- Bu barədə də konkret qərarım yoxdur. Faktiki 8 aydır ki, mənim fəaliyyətim dayanıb. Düzdür, partiya fəaliyyət göstərir, öz yerində qalıb. Əgər səhhətim imkan versə, partiyada davam edə bilərəm.
- Partiyadan getmək məsələsi də var?
- Bəli. Səhhətim yol verməsə, partiyadan gedəcəm. Hələlik partiya üzvləri ilə də görüşüb məsləhətləşmək lazımdır.
- İndiyə qədər görüşməmisiniz?
- Yox. Nə Karlar Cəmiyyətində, nə də partiyada olmamışam, heç kimlə görüşməmişəm. Düzdür, telefonla zəng edib məni təbrik ediblər, əlaqələrimiz var. Lakin toplanıb müzakirələr aparmamışıq. Həbsdən çıxdıqdan sonra rayonda oldum, vəfat edən əzizlərimin məzarını ziyarət etdim, evə gəlib-gedənlər olur.
- Karlar Cəmiyyətindən, partiyadan getsəniz, nə işlə məşğul olacaqsınız?
- Hələlik düşünür və fikirləşirik.
- Siyasətlə bağlı “Siz siyasətlə məşğul olmasanız, siyasət sizinlə məşğul olacaq” deyimi var...
-Tamamilə doğru ifadədir. Hələlik konkret söz deyə bilmərəm. Yekun qərarımı verməmişəm.