Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusunun alması geosiyasi seçimi müəyyən edən amillərdəndir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Karavayev deyib.
Onun sözlərinə görə, Çin və bu təşkilata üzv digər dövlətlər də Azərbaycanın ŞƏT-ə qoşulmasına maraq göstərirlər:
“Əlbəttə, rəsmi Bakı Avropa İttifaqı – Fransa və Almaniya kimi Qərb dövlətləri ilə də isti münasibətlərini saxlayır, amma Şanxay Əməkdaşlıq Təşkilatı ilə işbirliyi geosiyasi seçim baxımından əhəmiyyətlidir. Hazırda Avrasiya bölgəsinin ən böyük oyunçuları Rusiya, Çin, Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələridir”.
Politoloq ŞƏT-də Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarının Çin və Rusiya olduğunu bildirib: “Hər iki ölkə Avropada ticari və iqtisadi sahələrin vektorunu müəyyən edirlər. Hesab edirəm ki, Çin və Rusiyanın Avropadakı ağırlığı bir qədər də artacaq”.
Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ŞƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Çinə səfər edib.