Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitinin İrəvanda keçirilməsi əcaib və absurd xarakter daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Frankofoniyanın oktyabrın 11-12-də Ermənistanda keçiriləcək sammitinə münasibət bildirən Q.Hüseynli əlavə edib ki, Cənubi Qafqazdaki problemlərin mənşəyinə nəzər yetirdikdə ipin bir ucunun böyük dövlətlərin üzərinə çıxdığını görmək olar:
“Vaxtilə Fransa imperiyasının istismarı altında olan ölkələrin sammitinin İrəvanda keçirilməsi və Ermənistanın da bu qəbildən olan dövlətlər sırasına aid edilməsi başdan ayağa parodiyadır. Axı Ermənistanın Frankofoniyaya nə dəxli var? Əgər Fransa bu tədbiri keçirmək istəyirsə, onu ya Parisdə, ya da fransızdilli ölkələrin birində keçirsin. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistanın tərəfini tutması ilə məşhur olan bu ölkənin birdən-birə Cənubi Qafqazda sabitlik olmayan bir ölkədə belə qıcıqlandırıcı tədbir keçirməsinin nə anlama gəldiyini söyləməkdə çətinlik çəkirəm. Kasıb, ələbaxan bir ölkəyə belə bir tədbirin keçirilməsini həvalə etməyin nə anlamı var? Onsuz da bu qayəli, sivilizasiyalı bir tədbir deyil. Metropoliya ilə müstəmləkə ölkələrinin toplantısının keçirilməsi tarixin özünə də bir ironiyadır”.
Q.Hüseynli əlavə edib ki, Ermənistanın öz vətəndaşları acınacaqlı vəziyyətdədir:
“Belədə onun başında dayananların Fransanın və onun müstəmləkəsi olmuş ölkələrin iştirakı ilə keçirilən tədbirə necə ev sahibliyi edəcəyi mənim üçün sirr olaraq qalır. Ermənistan dilənçi bir ölkədir. Onun məqsədi tədbir adı ilə bu ölkələrdən ianə toplamaqdır. Həmçinin, həmin ölkələri investisiya yatırmaq üçün Ermənistana dəvət edəcəklər”.
Sammit zamanı Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatının üzvü olan müsəlman ölkələrindən Azərbaycan əleyhinə istifadə etmək cəhdlərindən də bəhs edən Q.Hüseynli qeyd edib ki, bu tədbir dünya nizamına qarşı çevrilmiş təxribatçı sammitdir:
“Onun Ermənistanda keçirilməsi bölgəyə heç nə verməyəcək. Ermənistan sammitdən istifadə edib özünün işğalçı mahiyyətini pərdələməyə çalışacaq. Hətta, Azərbaycanın ünvanına müəyyən böhtanlar yağdıra, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəfəng iddialar səsləndirə bilər. Ancaq ümid edirəm ki, onların bu təxribatçı əməllərinin qarşısı Azərbaycana dost olan Bolqarıstan, Vyetnam, Moldova, Rumıniya, həmçinin həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Misir, Tunis, Mərakeş və digər ölkələr tərəfindən alınacaq”.