Azərbaycanın işağl olunmuş ərazilərinə səfərlərin sayı son vaxtlar artıb. Bundan əvvəl Nikol Paşiynanın həyat yoldaşı Anna Paşinyan “Qadınlar sülh uğrunda” adı altında bir xeyli rusiyalı qadını, o cümlədən hətta parlament üzvlərini və elm addamlarını Dağlıq Qarabağa aparmışdı.
Belçika parlamentinin və Avropa Parlamentinin üzvü Jan Jak Flaonun Dağlıq Qarabağa səfəri ilə bağlı Teleqraf.com-a açıqlama verən politoloq Qabil Hüseynli belə deyib.
O qeyd edib ki, bundan öncə Fransadan bir sıra bələdiyyələrin nümayəndələri erməni lobbisinin köməkliyi ilə Qarabağa gətirildi və orada bir sıra şəhərlərlə, o cümlədən Şuşa şəhəri ilə bu bələdiyyələr arasında sənədlər imzalandı”.
Q.Hüseynli qeyd edib ki, bu səfərlər münaqişənin həllinə kömək etmir, əksinə onu daha da dərinləşdirir:
“Bir tərəfdən problemin həlli istiqamətində nikbin proqnozlar verilir. Məsələn, Azərbaycanın ərazi bütövlüyü məsələsi qabardılır. Ümumiyyətlə, postsovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi irəli sürülür və bu, yeganə düzgün yol kimi dəyərləndirilir. Bunu BMT, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da deyir. Ayrı-ayrı ölkələrə gəldikdə isə onlar bələdiyyələrin müstəqil olduğunu əsas gətirərək onların Dağlıq Qarabağa getməsini əngəlləmir. Fransanın özünü götürək. Bu ölkə ATƏT-in Minsk Qrupunun üzvü ola-ola bir neçə bələdiyyə başçısının Dağlıq Qarabağa getməsini əngəlləmədi, sonra isə bəyanat verdi ki, bələdiyyələr müstəqildir.
Bütün bunlar onu göstərir ki, ikili standartlar hələ həm beynəlxalq təşkilatlarda, həm də Avropa qitəsində aradan qaldırılmayıb. Bu isə problemin həlli yolunda ciddi əngəllər yaratmaqla yanaşı ermənilərin danışıqlar masası arxasında destruktiv davranmasına şərait yaradır”.