Serj Sərkisyan dövründə müxalifətdə olan Nikol Paşinyan şiddətlə Avrasiya İqtisadi İttifaqı strukturlarına inteqrasiyaya qarşı çıxırdı, indi isə o, dekabrın 6-da Sankt-Peterburqda təşkil olunacaq Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edəcək. Bu zaman ortaya belə bir sual çıxır; görəsən nə dəyişdi ki, Paşinyan üçün bu ittifaq dünyada ən yaxşı təşkilata çevrildi?
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O hesab edir ki, N.Paşinyan iclasda iştirak etməklə regionda baş verən proseslərdən kənarda qalmamağa çalışır. Həmçinin, MDB dövlətlərinin, xüsusilə Rusiyanın Azərbaycanla münasibətlərini qısqanclıq və narahatlıqla izləyir:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 8-də Astana keçirilən sammiti bir daha sübüt etdi ki, üzv olmamasına, Ermənistanın təxribatlarına və bütün cəhdlərinə rəğmən üzv ölkələr tərəfindən Azərbaycanın maraqları hər zaman təmin edilib. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsidir. Artıq bütün MDB ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə kifayətlənmir, həm də Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunması istiqamətində rəsmi Bakının səylərini dəstəkləyirlər. Həmçinin, birlik ölkələri Azərbaycanla siyasi, iqtisadi, hərbi, mədəni, diplomatik əlaqələrin qurulmasında daha çox maraqlıdırlar nəinki işğalçılıq siyasəti yürüdən Ermənistanla. Bütün bunları görən Paşinyan hər vəchlə Ermənistanın regionda təcrid olunmamasına, mövqeyinin qorunub saxlanılmasına və təmin edilməsinə çalışır. Lakin onun bütün cəhdlərinin boşa çıxdığını və uğursuzluqla nəticələndiyini söyləyə bilərik”.
E.Aşırlı hesab edir ki, N.Paşinyan bu səfərdən də əliboş qayıdacaq:
“Düşünürəm ki, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik, KTMT-yə yeni baş katibin təyin edilməsi məsələsinə də öz təsirini göstərəcək. Baş katibin təyinatına dair son qərarın xüsusilə də iki ölkə arasındakı əlaqələrin gərgin olduğu bir vaxtda Sankt-Peterburqda verilməsinin özü də ayrı bir məna kəsb edir”.