21 Noyabr 2018 15:49
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarusun istər MDB, istərsə də KTMT üzvü olaraq, Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Ermənistanın da Belarus və digər üzv dövlətlər qarşısında öhdəlikləri mövcuddur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bildirən ekspertin sözlərinə görə, Belarus dəfələrlə bu ölkənin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirib:

“Belarusun mövqeyi bundan ibarətdir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Belarusun bu mövqeyi dünyanın əsas güc mərkəzi olan dövlətlərin mövqeyi ilə də üst-üstə düşür. ABŞ və ATƏT-in Minsk qrupuna üzv olan digər dövlətlər işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulayır. Lakin bir sıra hallarda Qarabağ münaqişəsinə ikili standartlarla yanaşırlar və məsələnin xalqların öz müqəddəratını təyini prinsipləri əsasında həll olunmasını iddia edirlər. Bu baxımdan, Belarusun mövqeyi Minsk qrupunda təmsil olunan digər dövlətlərin yanaşmasından fərqlidir.

Yeri gəlmişkən, Belarus Minsk qrupuna daxil olan dövlətlərdən biridir. Əlbəttə, Belarusun münaqişənin həllində Azərbaycanın yanında olması və səsləndirdiyi fikirlər Ermənistanı narahat etməyə bilməz. Təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşlərində Belarusun Azərbaycanı dəstəkləməsi, Ermənistanı məyus etmişdi. Bu mənada, nəinki Belarus, KTMT üzvü olan digər dövlətlər də, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini dəfələrlə vurğulayıb. Hətta Ermənistanın Rusiyanın vassalı və forpostu olmasına baxmayaraq, Şimal qonşumuz da Azərbaycanla ikitərəfli münasibətləri nəzərə alaraq, zaman-zaman tərəflər arasında bitərəf mövqedə dayandığını nümayiş etdirir”.

E.Manafov hesab edir ki, Nikol Paşinyanın tələbindən sonra Belarus rəhbərliyinin Ermənistan qarşısında hesabat verəcəyini düşünmək məntiqli deyil:

“Paşinyanın bu bəyanatına Belarus və digər KTMT üzvlərinin siyasi rəhbərlərinə qarşı mesajı kimi baxmaq olar. Digər yandan, Belarus Ermənistandan fərqli olaraq, sosial-iqtisadi problemlərini həll etmək iqtidarında olan, Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına sinə gərmiş dövlətdir. Bu sanksiyaların çox kiçik hissəsi Ermənistana tətbiq edilsəydi, Ermənistan çoxdan sıradan çıxmışdı. Buna görə də düşünürəm ki, Paşinyanın başqa dövlətlərlə təhdid və təzyiq dilində daşıması, Ermənistanın özünə zərər verə bilər”.

Qeyd edək ki, Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenkodan Ermənistanla bağlı səsləndirdiyi fikirlərə görə izahat tələb edəcəyini bildirmişdi.

Lukaşenkonun “Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə dövlət deyil”, açıqlaması rəsmi İrəvanın narazılığına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər