18 Dekabr 2018 16:00
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan iri addımlarla NATO-ya doğru gedir. Hətta, artıq Gürcüstanda əsasən ABŞ təyyarələrinin istifadə edəcəyi hərbi aeroportun inşasına dair saziş bağlanıb. Aydın məsələdir ki, bu artıq NATO-nun Cənubi Qafqazda yavaş-yavaş möhkəmlənməsi deməkdir”.

Bunu Teleqraf.com-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Komsomolskaya pravda” qəzetinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirən hərbi ekspert Azad İsazadə deyib.

A.İsazadə qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə Qərbyönlü, anti-Rusiya şüarları ilə gəlib:

“Xatirinizdədirsə, hətta ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın sonlarında regiona səfəri çərçivəsində İrəvanda olarkən Ermənistana silah satmağa hazır olduqlarını da bildirmişdi. Yəni, Rusiya bu sazişlə özünü bəri başdan sığortalamaq istəyir ki, gələcəkdə Moskva üçün hansısa xoşagəlməz hal baş verməsin. Çünki söhbət üçüncü ölkədən gedirsə, ilk növbədə NATO ölkələri və ABŞ hərbçilərinin Ermənistanda yerləşdirilməyəcəyinə təminat verilməsindən gedir. Rusiya indidən bu təminatı Ermənsitandan almaq istəyir”.

Rusiya ilə Ermənistan arasında kifayət qədər güclü hərbi-strateji əlaqələrin olmasına, o cümlədən Gümrüdə 102-ci hərbi bazanın yerləşməsinə rəğmən etimadsızlıq mühitinin mövcudluğundan xəbər verən belə bir sənədin hazırlanmasının hansı səbəblərdən qaynaqlandığına aydınlıq gətirən A.İsazadə deyib:

“Rusiya Ermənistan sarıdan arxayın deyil. Bu, birmənalıdır. Söhbət xalqdan getmir. Söhbət indi hakimiyyətdə olan siyasi qüvvələrdən gedir. Həmçinin, ilk növbədə Ermənistan inqilabı adlanan prosesdən sonra rus bazasının bağlanmasına dair periodik olaraq səslənən fikirlərdən gedir. Sözsüz ki, rəsmilər yox, mətbuat və siyasi şərhçilər dövri olaraq bu fikri gündəmə gətirirlər. Rusiya bazasının ətrafında daim hansısa qalmaqallar yaşanır. Gah hərbçilər kimisə döyür, gah yerli əhalidən kimsə hərbçilərə hücum edir və s.

Bu cür qalmaqallar olur. Belə yazılar və açıqlamalar da rusların Gümrüdən çıxarılması ilə bağlı ictimai rəyə propoqanda-informasiya dəstəyi, habelə sanki bir yoxlama xarakteri daşıyır. Həmçinin, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına dair də fikirlər səslənir. İlk növbədə Rusiya istəməz ki, onun ordusunun yerləşdiyi ölkədə hansısa üçüncü ölkənin ordusu olsun. Digər tərəfdən Ermənistan başa düşür ki, Azərbaycanla təkbətək qalmaq onun üçün təhlükəlidir. Ruslardan imtina etsələr hansısa üçüncü ölkənin ordusunu bura gətirməyə çalışacaqlar. Bu baxımdan bəli, Rusiya Ermənistandan arxayın deyil və öz mövqelərini gücləndirməyə çalışır”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” qəzetinə müsahibəsində Moskva ilə İrəvan arasında Ermənistanda xarici hərbçilərin olmayacağına təminat verən sənəd hazırlandığını bildirib. O, sənədin hazırlanması işinin başa çatdırılmaq üzrə olduğunu vurğulayıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər