19 Dekabr 2018 14:03
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, ABŞ-ın Türkiyəyə münasibətdə son dövrlərdə çox ciddi səhvləri oldu və bu səhvlərin bir qismi hələ də davam edir. Amerikalıların səhvləri nəticəsində Türkiyə bir sıra müstəqil addımlar atmağa məcbur oldu.

ABŞ Dövlət Departamentinin Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” raketdən müdafiə sistemləri satılmasına razılıq verməsini Teleqraf.com-a şərh edən politoloq Eldar Namazov belə deyib.

O qeyd edib ki, artıq bu səhvlərin bir qismi etiraf olunub, bir qisminə isə hələlik aydınlıq gətirilməyib:

“Həmin səhvlərdən biri də ondan ibarətdir ki, Türkiyə vaxtilə “Patriot” sistemlərini ABŞ-dan almaq istəyəndə Vaşinqton buna razılıq vermədi. Türkiyə Rusiya ilə S-400 raketdən müdafiə sistemlərinin alınmasına dair danışıqlara başlamağa məcbur oldu. Bu danışıqlar bir müddət davam etdi və razılığa gəlindi. Artıq gələn ilin əvvəlində o proses başlamalıdır. Yəni, Rusiya öz S-400 raket sistemlərini Türkiyəyə təhvil verməlidir. Məndə olan məlumata görə, artıq Türkiyə tərəfindən ilkin ödəmələr də həyata keçirilib. ABŞ artıq öz səhvini başa düşüb və indi “Patriot” sistemlərini Türkiyəyə satmağa qərar verir. Bu, bir tərəfdən buraxılan səhvin etirafıdır. Yəni, ABŞ bu sistemi Türkiyəyə satmağa razılıq verəcəkdisə, bunu əvvəldən verəydi və S-400 sistemləri almaqla bağlı Türkiyədə heç bir maraq, niyyət də olmazdı. ABŞ neçə illər bu yanlış mövqedən çıxış edib, Türkiyəni Rusiya ilə danışıqlara başlamağa, S-400-lərlə bağlı müqavilə imzalamağa, ilkin ödəmələr etməyə məcbur edib. Artıq Rusiya bu razılaşmaya uyğun olaraq, gələn ilin əvvəllərində özünün S-400 raketlərini Türkiyəyə göndərməyə hazır olduğu zaman ABŞ öz qərarını 180 dərəcə dəyişir və indi elan edir ki, onlar “Patriot” sistemlərini Türkiyəyə satmağa hazırdırlar”.

E.Namazov hesab edir ki, bu, bir tərəfdən ABŞ-ın vaxtilə səhv addım atmasının etirafı, digər tərəfdən provokativ bir addımdır:

“Çünki Dövlət Departamenti bunu bəyan edir, ancaq Konqresin axıradək dirənib-dirənməyəcəyi hələ bəlli deyil. Ermənipərəst qüvvələrin Konqresdə bu razılığı pozmağa çalışıb-çalışmayacaqları da bilinmir. Ona görə də mən güman edirəm ki, Türkiyə artıq verdiyi qərardan dönməyəcək. Ola bilsin ki, gələcəkdə “Patriot” sistemlərini də alsın. Bu da mümkündür. Ancaq eyni zamanda ABŞ yanlış adımlar atırsa və bu yanlışları vaxtında düzəltmirsə, onda bu artıq Türkiyənin günahı deyil”.

Politoloq onu da bildirib ki, ABŞ-ın Türkiyəyə münasibətdə buna bənzər digər səhv yanaşması Suriyada gedən proseslərlə bağlıdır:

“ABŞ bir tərəfdən Türkiyəyə “müttəfiqik” deyir. Digər tərəfdən, Türkiyənin ərazi bütövlüyünü pozmağa, Türkiyəni parçalamağa çağırış edən, ona qarşı terror aktları törədən kürd silahlı qüvvələrinə dəstək verir. Bax, ABŞ tərəfindən bu cür yanlış addımlar son dövrlərdə ABŞ-Türkiyə münasibətlərinə çox böyük xələl gətirib. Güman edirəm ki, bu məsələdə bizim mövqeyimiz həmişə Türkiyənin yanında olmaqdan ibarət olmalıdır. Çünki Türkiyə bu yanlış addımlara cavab olaraq müəyyən tədbirlər görür. Öz milli maraqlarını uca tutan hər bir dövlət yanlış addımlara məhz belə yanaşmalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər