20 Dekabr 2018 19:14
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İranın Azərbaycandakı sabiq səfiri, hazırda İran mediasında analitik yazılarla çıxış edən Əfşar Süleymani ilə müsahibəni təqdim edir:

- Əfşar bəy, ABŞ-ın öz ordusunu Suriyadan çıxarmasına dair gözləniləməz qərarını necə qarşıladınız?
- Əgər, ordunun Suriyadan çıxarılması qərarı doğru olsa, yaxşı hadisə sayılmalıdır. Nəzərə alın ki, bundan əvvəl də Tramp ordunun Suriyadan çıxarılacağını demişdi, amma çıxarılmadı. Hər halda Suriyada ABŞ ordusunun olması qanunsuz idi, bu ordunu heç kim Suriyaya dəvət etməmişdi. İndi ordunun oradan çıxarılması müsbət hadisədir.

Ancaq mümkündür ki, bu dəfə də çıxarmasınlar. İndi deyirlər ki, 2 min nəfərlik hərbçini 60-100 gün müddətinə çıxaracaqlar. 100 gün zaman baxımından çoxdur və bu müddətdə nələrin baş verəcəyini deyə bilmərik. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi bir neçə gün əvvəl elan etmişdi ki, ABŞ Suriyada bu ölkənin ərazi bütövlüyünü təmin etmək və İranı buradan çıxarmaq üçün qalacaq. Ancaq bu bəyanata rəğmən, Tramp elan etdi ki, ordunu çıxarır. Görünür ki, bu qərarın verilməsinə ortada olan başqa məqamlar səbəb olub. Görünməyən məsələlər, arxa planda məxfi razılaşmalar ola bilər. Bununla paralel Türkiyə Fəratın şərqinə ordu daxil etmək istəyir.

Bu günə qədər Vaşinqton YPG/ PYD-ni dəstəkləyirdi. Əslində orada təzadlı məsələlər çoxdur, İsrailin narazılıqları var, Rusiya, İran, Türkiyə məsələləri var. Bunlar çox mürəkkəb məsələlərdir. Yəni bunların hamısı çoxlu suallar və şübhələr yaradır. Bunlara cavab tapmaq lazımdır. ABŞ-ın qəfil qərarı, bunun səbəbi və ordusunun Suriyadan çıxmasından sonra nələrin baş verə biləcəyi kimi suallar açıq qalır.

- Sizcə, ABŞ oradan çıxdıqdan sonra Suriyada nələr yaşana bilər?
- Fikrimcə, çox hadisələr yaşana bilər. Suriyanın çox hissəsi azad edilib, Bəşər Əsəd nəzarətini gücləndirib və s. Ancaq ortada İdlib məsələsi var, kürlərlə bağlı məqam var, Suriya-Türkiyə sərhəddində olan problemlər var. Məncə, bundan sonra İran, Türkiyə və Rusiyanın təmsilçiliyi ilə yaradılan Astana prosesi aktivləşə bilər. İran prezidenti Ruhani dünən Türkiyədə səfərdə olub və ola bilsin ki, bu mövzu da müzakirə edilib. ABŞ Suriyadan çıxacağını elan edib, hələlik çıxmayıb. Ancaq ABŞ-ın Suriyadan çıxması Astana prosesinə müsbət təsir göstərə bilər.

Bundan əvvəl Cenevrədə danışıqlar gedirdi, Suriyanın yeni konstitusiyanın yaradılması müzakirə olunurdu. Amma son toplantıda ABŞ israrla 5 nəfəri ora daxil etməyə çalışırdı, amma İran, Rusiya və Türkiyə bunu qəbul etmədi. Yanvarda bu istiqamətdə danışıqlar davam edəcək. Hər halda ABŞ-ın oradan çıxması müsbət ab-hava yaradacaq, Suriyanın yeni konstitusiyasının hazırlanması tezləşə bilər. Bundan sonra Suriya probleminin siyasi yollarla həlli güclənə, seçkilər, parlament məsələləri ardıcıl həllini tapa bilər. İlk növbədə konstitusiya qəbul edilməlidir. Qeyd edim ki, Əsəd hakimiyyəti konstitusiyanı saxlamaq, çoxlu dəyişikliklər etmək istəmir.

Məncə, Əsəd sonda yeni konstitusiyanın yaradılmasına razı olmağa məcbur olacaq. Amma burada incəliklər də var. Bütün bunlar o halda baş verə bilər ki, arxa qapıda ABŞ-Rusiya, Türkiyə-ABŞ gizli razılaşması olmasın.

- Siz, ehtimal edirsiniz ki, ABŞ-ın Suriyadan çıxmasına Rusiya-ABŞ, Türkiyə-ABŞ məxfi razılaşmaları səbəb ola bilər?
- Bəli, belə ehtimallar var və mümkündür. Biz, fikrimizi deyirik. Heç kim inanmır ki, ABŞ qəfildən Suriyanı tərk edir və hər şeydən əlini çəkir. Sözsüz ki, ABŞ oradan çıxsa da, əlində alətlər olacaq və siyasi proseslərdə aktiv iştirak edəcək. İndiki mərhələdə ABŞ regiondan çıxmaqla daha çox Türkiyə üçün meydan açır.

Türkiyə Fəratın qərbinə daxil olmaq istəyir, onun Menbicdə və digər məntəqələrin yaxınlığında iştirakı var. Sözsüz ki, Türkiyə bir qədər güclənəcək. Hər halda Suriya mövzusunda İran, Türkiyə və Rusiya əməkdaşlığı var. Bu ölkələr arasında mövqe birliyi olsa da, Suriya probleminə dair fikir fərqlilikləri də az deyil. İndi qalır bu üç ölkənin problemləri necə həll edəcəyi. Həm də ortada İsrail məsələsi də var. ABŞ İsraildən əl çəkərək İsraili Yaxın Şərqdə tək buraxır?

Mən ABŞ-sın son gözlənilməz qərarı ilə bağlı iki ehtimal irəli sürürəm. Birincisi, adi şəkildə ABŞ Suriyadan çıxır. Yəni siyasi proseslərdə iştirak edir, sadəcə hərbi məsələlərdən çıxır. Daha sonra qalır üç ölkə və İsrail. Ola bilsin ki, bu məsələlər İran, Rusiya və Türkiyə arasında razılaşma yolu ilə həll olunur. Əgər normal razılaşmalar olsa, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Suriyadan təminat alsa, eləcə də İsrail təminat alsa, təbii ki, bu məsələ həllini tapar.

İkincisi, arxada Rusiya ilə Amerika arasında İranı Suriyada zəiflətmək barədə razılaşma var. Hətta ABŞ-la Türkiyə arasında da belə anlaşma ola bilər. İndi Türkiyə-Amerika münasibətləri nisbətən düzəlib, Vaşinqton Fətullah Gülənin geri qaytarılmasından danışır, Ankara keşiş Bransonu geri qaytardı, ABŞ Türkiyəyə “Patriot” sistemləri satır, Rusiya da S-400 satmaq istəyir. Bu məsələlər Türkiyə-Rusiya-Amerika arasında var. Bu da bir ehtimaldır.

Doğurdan da sülh və təhlükəsizlik yaranması məqsədi olsa, bu dövlətlər Suriya problemini həll edə bilərlər. Bunun üçün şəffaflıq lazımdır. Bu yolla Suriya probleminin həlli bütövlükdə regiona müsbət mənada ciddi təsir edə bilər.

- Trampın məlum qərarının İrana hansı təsirləri ola bilər?
- Əgər ABŞ-ın məqsədi doğurdanda Suriya da sülh və sabitliyin təmin edilməsi olsa, bunun hər yerə müsbət təsiri ola bilər. Əgər Suriyada norma ölkə qurulsa, hakimiyyət öz xalqına nəzarəti təmin etsə, bu halda İranın və ya Türkiyənin orada nə işi olar? Əgər Suriyada sabitlik yaranarsa, bu müstəqil ölkə xalqı ilə problemini daxildə özü həll edər. Belə halda başqa ölkələrin orada heç bir fəaliyyətinə ehtiyac qalmaz.

Yəmən məsələsinin həllinə dair addımlar atılır. Bunun davamı olaraq, Suriya probleminin həlli məsələsi də müsbət yoluna qoyularsa, fikrimcə, bütün bunlar ABŞ-İran münasibətlərinə də müsbət təsirlər göstərə bilər. Sonrakı mərhələdə siyasi proseslərdə iştirakla bağlı problem yaranmaz. Yox, əgər Suriya gedişlərində məqsəd İranı oradan çıxarmaq, zəiflətmək olsa, gizli razılaşmalar əldə edilsə, bu zaman İran-Rusiya, İran-Türkiyə münasibətləri korlanar, habelə Suriya probleminin həlli gecikər. Suriya böhranı həll edildikdən sonra, bu ölkənin yenidən qurulması məsələsi ortaya çıxacaq.

Suriya faktiki dağıdılıb, 100 milyardlarla pul lazımdır ki, ora sərmayə qoyulsun, abadlıq, sənaye, inşaat işləri aparılsın. Hər bir ölkə istəyir ki, bu prosesdə iştirak etsin. Fikrimcə, hər bir ölkə öz gücünə uyğun olaraq bu prosesdə iştirak edə bilər. ABŞ güclü dövlətdir, daha varlı şirkətləri var. Deməli, bu prosesdə daha çox iştirak edə bilər, Rusiya, İran, Türkiyə də gücü çatan qədər iştirak edər.

- ABŞ Suriyadan çıxdıqdan sonra hazırda Fəratın qərbində 30 min silahlı gücə malik YPG/PYD ərazidə müstəqil dövlət elan edə bilərmi?
- Suriyanın hazırlanacaq yeni konstitusiyasında bir çox şeylər nəzərə alınmalıdır. Türkiyənin bu ərazilərdən ona təhlükə yaranacağına dair nigarançılığı olmamalıdır. Yəni, Türkiyəyə qarantiya lazımdır. Suriyada proseslər başlayanda Bəşər Əsəd kürdlərə bir qədər sərbəstlik verdi. Ancaq əvvəl belə deyildi. Fikrimcə, Suriyanın yeni konstitusiyasında kürdlərə federal hüquqlar tanınmalıdır. Bu imkan onlara verilsə, özlərini idarə edə bilərlər, amma onlar Suriya dövlətinin nəzarətində olarlar. Federal sistemdə heç bir subyektin özünün silahlı qüvvələri və xarici siyasəti olmur.

- Kürdlər dövlət elan edə bilər?
- Əgər parçalanma məsələsi olsa və bu, ABŞ-ın planı kimi ortaya çıxsa, deməli söhbət Suriya böhranının həlli prosesindən getmir. Mən, bu kimi problemlərin baş verməməsi üçün deyirəm ki, yeni Suriya konstitusiyasında bir çox məqamlar nəzərə alınmalı, habelə qonşu dövlətlərin nigarançılığı aradan qaldırılmalıdır. Yəni kürdlər Suriyada federal ərazi kimi özlərini idarə etsinlər, amma hərbi qüvvə və xarici siyasət məsələlərində Suriya dövlətindən asılı olsunlar. Bu problemin həlli üçün ən normal çıxış yoludur.

Onsuz da indiyə qədər Suriyada kürdlər ayrılmaq məsələsini qaldırmayıb. Ancaq Türkiyənin narahatlığı var, deyir ki, YPG onun ərazisində olan PKK ilə əməkdaşlıq edir. Türkiyə düşünür ki, suriyalı kürdlər Türkiyədəki kürdlərlə birləşə, özlərinə Aralıq dənizi vasitəsilə yola aça və sonra da müstəqillik haqqında danışa bilərlər. Ümumən bu regionda kürdlər əsasən Türkiyə, İran, Suriya və İraqda yaşayır. Onların bir-birilə yaxınlıqları olsa da, çıxışları yoxdur. Ötən il Şimali İraqda kürdlər müstəqillik referendumu keçirdi, amma alınmadı. Çünki qonşu ölkələr bunu istəmədi. Eyni zamanda da onların çıxış yolu yoxdur. Nigarançılıq da odur ki, suriyalı kürdlər Aralıq dənizinə yol aça və sonradan müstəqillik haqqında tələblər irəli sürə bilərlər.

- Türk ordusu Fəratın şərqində və Menbic istiqamətində hərbi əməliyyatlar keçirə bilərmi?
- Türkiyə Fəratın şərqinə daxil olmaq niyyətini elan edib. Ancaq mümkündür ki, arxada razılaşma olsun. Yəni ABŞ desin ki, mən ərazini tərk edirəm, siz də hücum etməyin, YPG-də gedib öz yerində əyləşər. Əgər ABŞ kürdləri dəstəkləməsə, onlar Türkiyənin qarşısında durmaz və barışa gələrlər. Yox, əgər YPG elan etsə ki, biz buradayıq, müqavimət göstərəcəyik, bu zaman Türkiyə əməliyyata başlaya bilər. Xüsusilə də, artıq ABŞ əsgərləri oradan çıxıb və “yaşıl işıq” yandırılıbsa...

- Türkiyə Fəratın qərb hissələrini və Menbici tutsa, nələr olacaq?
- Türkiyə ora daxil olsa, bu, sülh prosesini uzada bilər. Bu zaman Türkiyənin orada qalması müzakirə mövzusu olacaq. Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə elan edir ki, Suriyaya daxil olacaq. Əgər türklər ora daxil olsa və YPG-nin olduğu əraziləri əldə etsə, bunun özü də problem yaradacaq.

Bu problemi kim həll edəcək? Bu məsələ Ankara-Tehran-Moskva formatında həll olunacaq, yoxsa BMT səviyyəsində? Bunun da həlli üçün yol tapılmalıdır. Fikrimcə, indi çalışılmalıdır ki, YPG öz yerində otursun və Türkiyənin əməliyyat keçirməsinə ehtiyac olmasın. ABŞ oradan çıxırsa, deməli Türkiyənin əməliyyat keçirmə ehtimalı azalır. Kürd silahlıları görəcək ki, vəziyyət ağırdır, ABŞ daha onları dəstəkləmir və s. Yox, əgər kürd silahlıları meydan oxumağa başlasa, bu zaman vəziyyət kəskinləşəcək, Türkiyə ordusu hərəkətə keçə və beləcə durum bir qədər də ağırlaşa bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər