Azərbaycanda ən vacib məsələlərdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır. Bizdə belə məhsullara 18 faiz ƏDV tətbiq edir. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rağmən tamamilə ortadan qaldırılır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, qonşu Gürcüstanda belə vergi ümumiyyətlə yoxdur:
“Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda isə bütün kitab mağazalarının kirayə haqqı azaldılıb. Çünki bu dövlətdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, buna ehtiyac duymuruq?
Adam aldığı kağıza vergi ödəyir, ardınca bu kağızdan hazırlanan kitaba vergi ödəyir.
Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9% gömrük rüsumu alınır. Ölkədə kitab statistikası da ümumiyyətlə, yoxdur.
Nə qədər kitab nəşr olunur, tiraj nə qədərdir, nə qədər tərcümə ədəbiyyatı var, nə qədər kitab satılır, nə qədər kitab xaricdən gətirilir, bütün bunlar rəqəmlərdə ifadə olunmur. Halbuki bu statistikaya görə, xaricdə konkret ölkənin mütaliə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər”.
Fazil Mustafa əlavə edib ki, nəşriyyat kitabı satışa verən andan elektron qaydada vergi tutulur:
“Halbuki kitab satılmadığı halda vergini ödəyən nəşriyyat əvvəlcədən zərərə düşmüş olur. Kitab üzərindən ƏDV mütləq götürülməlidir. Bu kitabın satış qiymətinə ən azı 20 % öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Fikrimcə, normal dini ədəbiyyat üzərindəki ifrat qadağa aradan qaldırılmalıdır”.