Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uoltersin Bakıda görüşməsi faktı Azərbaycanın qlobal dünyada sülhün əldən olunmasına töhfə verdiyinin bariz nümunəsidir.
Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Rusiya Silahlı Qüvvələrinin baş Qərargah rəisi Gerasimovun Bakıda NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Komandanı Uolterslə görüşünü şərh edərkən deyib.
Mütəxəssis əlavə edib ki, bu günə qədər dünyada sülhün əldə edilməsi məqsədilə Bakıda bir sıra generallar arasında görüşlər keçirilib: “İndi də Bakının görüşün ünvanı kimi seçilməsi Azərbaycanın təhlükəsizlik adasına çevrilməsi, güc mərkəzləri arasında neytrallığını qoruyub saxlaya bilməsi ilə əlaqədardır. Azərbaycan Rusiya ilə yaxın və effektiv əməkdaşlıq edir, eyni zamanda NATO hərbi bloku ilə münasibətlərimiz geniş və dərindir. Dünyada gərginliyin müşahidə edildiyi bir ərəfədə güc mərkəzləri arasında bir sıra qalmaqallı məsələlərin Bakıda müzakirə edilməsi Azərbaycanın üstünlüyüdür. Məhz biz onlara şərait yaradırıq, meydan təklif edirik. Hər iki tərəfdə anlayır ki, belə şəraitdə görüşün Bakıda baş tutması onların maraqlarına tam uyğundur. Bu həm də ölkəmizin beynəlxalq aləmdə artan rolunun bariz nümunəsidir”.
Fikrət Sadıqov əlavə edib ki, belə gərgin bir atmosferdə güc mərkəzləri arasında görüşün Bakıda keçirilməsi, beynəlxalq sülhün əldə olunması üçün aparılan danışıqların ölkəmizdə baş tutması Azərbaycanın dividentidir: “Burada əsas odur ki, generallar görüşürlər, müzakirələr aparırlar, dialoq içindədir. Bu onlar arasında münasibətlərin yumşalmasına aparan yoldur. Təbii ki, güc mərkəzləri bir-birilə normal münasibətlərdə olması Azərbaycanın xeyrinədir və biz bundan faydalana bilərik. Çünki bizim regionumuzda da münasibətlər gərgindir. Mən ABŞ-İran münasibətlərini nəzərdə tuturam. İranla bağlı hərbi gərginlik artır. Təbii ki, güc mərkəzləri arasında münasibətlər yumşalsa və gərginlik azalsa, bunun bizə xeyri olacaq”.
Siyasi şərhçi əlavə edib ki, faktiki olaraq Azərbaycan dünyada sülhün yaranması və gərginliyin azalması kimi müsbət ideyalara xidmət edərək qlobal aləmdə sülhün yaranmasına öz xeyrini verir: “Biz müəyyən dərəcədə vasitəçilik rolu oynayan oyunçuya çevrilmişik. Faktiki iki güc mərkəzi arasında Bakı vasitəçiyə çevrilib. Biz onların barışması üçün barışdırıcı rol oynayırıq. Əgər bu görüşün Bakıda keçirilməsi haqda qərar verilirsə, deməli, onlar Azərbaycana etimad göstərir, inamla yanaşırlar. Anlayırlar ki, Bakıda qəbul edilən qərarlar bütün tərəflərin maraqlarına cavab verə bilər. Azərbaycan bu prosesdə ciddi rol oynayan oyunçuya çevrilir. Bu həm də Azərbaycanın apardığı effektiv siyasətin nəticəsidir”.