“Türkiyənin Rusiyadan “S-400” sistemləri alması, beynəlxalq ictimaiyyət arasında fikir ayrılığının yaranmasına yol açdı. Əlbəttə, vaxtilə ABŞ-ın Ankaraya “Patriot” sistemləri satmaqdan imtina etməsi Türkiyənin Rusiyaya üz tutmasına gətirib çıxard. Bura ABŞ-ın Türkiyədə “F-35” qırıcılarının pulunu alıb sonradan satmaqdan imtina etməsi də daxildir. Nəticədə Türkiyə bu silahlardan daha güclü sayılan sistemlərə sahib oldu”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, Türkiyə bundan sonra bir addım ABŞ-dan uzaqlaşdığı kimi, bir addım Rusiyaya yaxınlaşıb:
“Lakin hesab edirəm ki, vəziyyət ABŞ-la müttəfiq münasibətlərinə zərər verəcək həddə deyil, yəni Vaşinqton bölgədəki ən etibarlı müttəfiqini itirmək istəməyəcək. Bu, bir nonsesdir. Hesab edirəm ki, dünyanın ən güclü silahlarından birinə sahib olan Türkiyə bununla yanaşı, öz təhlükəsizliyinin təmin edilməsi üçün yaxşı fürsətlər əldə etdi.
Əlbəttə, baş verənlərə görə Ərdoğana etiraz edənlər də var. Çünki bir neçə il əvvələ qədər ABŞ-ın düşmən elan etdiyi Rusiyadan silah almaq Türkiyə üçün mümkünsüz idi. Lakin bütün təhdid və təzyiqlərə baxmayaraq, Ərdoğan bu cəsarətli addımı atmağı bacardı. Bunun mənfi tərəflərinin olacağı istisna deyil, Türkiyəyə yeni sanksiyaların tətbiq olunacağı məsələsi gündəmə gələcək”.
Ramiyə Məmmədova qeyd edib ki, ABŞ-la yanaşı Avropa İttifaqı da Türkiyəyə sanksiya tətbiq etmək niyyətini gizlətmir:
“Türkiyənin Cənubi Kipr sahillərində təbii qaz axtarışları Avropa İttifaqını narahat etməyə başlayıb. Görünən budur ki, bir müsəlman və türk ölkəsinin inkişafından, güclənməsindən narahat olan beynəlxalq ictimaiyyət Türkiyəyə qarşı birləşməyə hazırdır. Bu gün Türkiyə sözün həqiqi mənasında beynəlxalq aləmin əsas hədəfinə çevrilib, qarşıda bu ölkəni çətin günlərin gözlədiyini düşünürəm.
Əlbəttə, türk hökuməti vəziyyətdən çıxış yolu axtarır, lakin hələlik bunun müsbət nəticələri yoxdur. Ölkə iqtisadiyyatı ağır vəziyyətdədir. Buna görə də, Ərdoğanın daxildəki rəqibləri üzərində üstünlüyünü təmin edərək hakimiyyətdə qalması, daha çox aparacağı iqtisadi siyasətlə bağlı olacağını düşünürəm. Müxalif qüvvələr hələlik iqtisadi faktorlardan istifadə edə bilirlər. Lakin Ərdoğan daxili və xarici təzyiqlərə baxmayaraq, sanki geri çəkilmək niyyətində deyil”.