10 Noyabr 2019 15:46
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaqla faşist və ya terrorist ermənilərin adlarının əbədiləşdirilməsi, heykəllərinin ucadılması və beləliklə, onların qəhrəmanlaşdırılması haqqında məqalə yayılıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin eksperti Vasif Hüseynovun həmmüəllifi olduqları məqalədə irqçi ideologiyaları gücləndirən və cəmiyyətə təhlükəli mesajlar verən bu cür əməllər tənqid olunur.

Mərkəzdən bildiriblər ki, müəlliflər ziddiyyətli tarixi şəxslərin, yerli əhaliyə amansız qəddarlıq nümayiş etdirmiş müstəmləkə liderlərinin, faşistlərlə əlbir olub günahsız insanların qətlinə səbəb olmuş müharibə cinayətkarlarının və s. adlarının bu və ya digər şəkildə əbədiləşdirilməsinə qarşı dünyanın bir çox ölkələrində geniş vüsət almış etiraz aksiyalarına diqqət çəkirlər. Bildirilir ki, bu heykəllər keçmişi tərənnüm edir, ziddiyyətli şəxsləri və ya siyasəti yaddaşlarda canlı saxlayır, insanların düşüncələrinə və həyata baxışlarına xüsusi şüuraltı təsir etməklə həm də indiki zaman və gələcək üçün mesajlar ötürür.

Məqalədə qeyd edilir ki, baxmayaraq bu mübahisələr Cənubi Qafqaz üçün yeni deyil, lakin MDB-nin Aşqabaddakı Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sonra yenidən aktuallıq qazanıb və geniş müzakirələrə səbəb olub. Həmin Sammitdə Prezident İlham Əliyev Ermənistanda nasistlərlə birlikdə minlərlə insanın qətlində iştirak etmiş Qaregin Njdeyə paytaxt Yerevanda abidə qoyulmasını sərt tənqid edib və bunu müharibə qurbanlarının xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Müəlliflər Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin tənqidindən sonra utanmadan Njdeni müdafiə etməsini pisləyiblər. Məqalədə ermənilərin ali irq olduğunu iddia edən tseghakronism adlı təhlükəli ideologiyanın yaradıcısı olan Njdenin qəhrəmanlaşdırılması və müasir dövrdə onun irqçi düşüncələrinin yaşadılması və yayılması Cənubi Qafqazda sülh üçün ciddi bir mane kimi qiymətləndirilib.

Məqalədə təəssüflə qeyd olunur ki, Qaregin Njde ermənilər tərəfindən xatirəsi əbədiləşdirilən yeganə müharibə cinayətkarı deyil. Ermənilər, həmçinin dünyanın müxtəlif yerlərində türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının liderlərinə də ölkənin müxtəlif yerlərində abidələr ucaldıb və onları qəhrəman kimi təqdim edib. Məsələn, ASALA-nın aparıcı fiqurlarından olan Monte Melkonyana nəinki abidələr qoyulub, həmçinin onun adı təhsil müəssisələrinə və fondlara verilib və beləliklə, yeni nəslin onu tanımasına və rəğbət bəsləməsinə şərait yaradılıb.

Məqalədə Gürcüstanın Cavaxetiya bölgəsində Xocalı qətliamında iştirak etmiş erməni hərbçi Mixail Avagyana abidə qoyulması da tənqid olunub. Ekspertlər diqqəti xüsusi olaraq o fakta çəkir ki, bu abidənin sırf azərbaycanlıların matəm günü - 20 Yanvarda açılması ermənilərin xalqımıza qarşı kin və nifrətinin göstəricisidir.

Müəlliflər bildirirlər ki, müharibə cinayətkarlarının, faşistlərin və terrorçuların bu şəkildə milli qəhrəman elan edilməsi nəinki ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülhün bərpa edilməsi təşəbbüslərinə mane olur, eyni zamanda, bu qanlı əməllərə haqq qazandırır və yeni nəsillərə onları örnək kimi təbliğ edir. Dünyada ziddiyyətli şəxslərin şərəfinə ucaldılmış abidələrin dağıdılması aksiyasından nümunə götürərək ermənilərin də bu cinayətkarların adının əbədiləşdirilməsinə son qoyması tövsiyə olunur. Vurğulanır ki, bu, Ermənistan və onun türk qonşuları arasındakı münasibətlərin normallaşması, münaqişələrin həlli və bölgədə sülhün bərpa edilməsi üçün faydalı başlanğıc olardı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər