Artıq Qərbdə də Avropanın çoxvektorlu sistem böhranı yaşadığı etiraf olunur. 1993-cü ildən bəri Avropa İttifaqı üzvlərinin sayı 12-dən 28-ə qədər artsa da, 2010-cu ildən başlayaraq, onun bir çox problemlərlə üzləşdiyi daha çox müzakirə olunur. Burada separatizm meylləri, milliyyətçiliyin radikal məzmun alması, işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli proqramlar isə hələ ki, yoxdur. Üstəlik, xarici siyasətdə də ciddi problemlər ortaya çıxmağa başlayıb.
Mütəxəssislər bu məsələyə bütövlükdə dünyada gedən geosiyasi proseslər kontekstində nəzər yetirirlər. Şübhəsiz ki, Avropa qlobal miqyasda ciddi təsir gücünə malik olan məkandır. Onun iqtisadi, mədəni, elmi və hərbi gücü hamılıqla etiraf olunur. Lakin hətta böyük güclər üçün dəçətin mərhələlər var. Çoxsaylı risk faktorları müəyyən fəsadlar yarada bilər. Aİ ilə əlaqədar isə müxtəlif ssenarilər irəli sürülür.
Aİ daxilində maliyyə-iqtisadi böhran davam etdiyi bir vaxtda Avropa solçuları onun perspektivinə inanmırlar. Onlar daha müstəqil və suveren olmağa üstünlük verirlər. Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya, Yunanıstan kimi ölkələrdə bir çox siyasətçilər Aİ-də inteqrasiya əleyhinə çıxırlar. Rəsmi Londonun təşkilatdan çıxmaq istəyi isə yenilik deyil.
Zaman-zaman bu tendensiyanın daha geniş miqyas alması və bir sıra dövlətlərdə aparıcı mövqeyə çıxması istisna deyil. Bu səbəbdən Aİ-də parçalanma ssenarisinin reallaşması mümkündür. Neoliberal dəyərlərə əsaslanan geosiyasi kurs artıq əvvəlki səmərəni vermir. Avropa özünü sonsuza qədər genişləndirə, bütün ölkələri Aİ-yə, yaxud NATO-ya daxil edə bilməz. Bunun perspektivsizliyini məhz Krım məsələsi nümayiş etdirdi. Rusiya sübut etdi ki, coğrafi sərhədləri Qərbin razılığı olmadan dəyişə bilər. Deməli, Avropa özünün genişlənmə kursunda bunu nəzərə almalıdır.
Yuxarıda göstərilən məqamlara Avropa daxilində miqrasiya və milliyyətçilik problemlərinin getdikcə kəskinləşdiyini də əlavə etmək olar. Sirr deyil ki, son illər təşkilata üzv olan dövlətlərdə milliyyətçilik radikal məzmun almaqdadır. Bu da bütövlükdə həm daxili siyasətdə çətinliklər yaradır, həm də Brüsselin vahid xarici siyasət yeritmək imkanlarına mənfi təsir göstərir. Maliyyə-iqtisadi böhran, işsizlik, avronun qarşılaşdığı çətinliklər və digər məsələlər Aİ-nin əl-qolunu daha da bağlayır.
Beləliklə, bir vaxtlar genişlənən, əvvəlcə bazarların açılmasına, tənzimlənmənin asanlaşdırılmasına, böyümə üçün yeni imkanların yaradılmasına fokuslanan Aİ zaman keçdikcə "transfer ittifaqına" çevrildi. Zəngin və inkişaf etmiş ölkələrdən yoxsul ölkələrə vəsait axını başladı. Zəngin və kasıb Avropa arasındakı uçurum kəskin miqrasiya problemi yaratdı.
Foreign Affairs jurnalının məlumatına görə, 2004-2014-cü illərdə 2 milyondan artıq polyak Almaniya və Böyük Britaniyaya, 2 milyona yaxın rumıniyalı isə İtliya və İspaniyaya köç etdi. Yaxın və Orta Şərqdəki münaqişələr isə miqrasiya böhranını daha da dərinləşdirdi. Təkcə 2015-ci ildə Avropaya, əsasən Yaxın Şərq ölkələrindən 1 milyondan çox qaçqın gəldi.
London Times qəzetinin yazdığına görə, bundan sonra Avropa Birliyinin əhalisi yalnız miqrasiya hesabına artır. Almaniya politoloqları yaxın 30 ildə Almaniyanın əhalisinin 15 milyon nəfər azalacağını proqnozlaşdırırlar.
Beynəlxalq miqrasiya təşkilatının rəhbəri Davos İqtisadi Forumundakı son müsahibəsində, miqrantların sayının nəinki münaqişələr, (Suriyadakı müharibə, Liviyadakı gərginlik) eyni zamanda yeni amillər səbəbiylə artdığını söylədi ki, bunlardan biri də iqlim dəyişikliyidır.
Bir çox AB ölkələrində əmək bərabərsizliyi, eləcə də xərclər əmək haqqından daha sürətlə artıb. "Nyu York Tayms" qəzetinə görə, son 10-15 ildə bir ingilis işçinin orta əmək haqqı 10% -dən çox azalıb.
Almaniya Avropanın əsas iqtisadi lokomotivi olsa da, hazırda burada iqtisadiyyatın böyümə sürəti azalır. Bundan əlavə, iqtisadçılar Brexit-in istənilən formada Almaniyanın inkişafına mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar.
Avropa ölkələri elitaları hesab edir ki, Brüssel Avropa xalqlarının maraqlarını müdafiə edə bilmir və ABŞ-ın əlində itaətkar bir kuklaya çevrilib. Son sorğulara görə, Fransa vətəndaşlarının yalnız 38% Aİ-yə müsbət yanaşır.
Beləliklə, Avropada mərkəzdənqaçma meyli artır. Bu, təkcə Brexit ilə deyil, həm də Şotlandiya, Kataloniya və bir sıra digər Avropa bölgələri üçün xarakterik olan, getdikcə artan separatçılıq meylləri ilə əlaqədardır.
Bütün bu proseslərə paralel olaraq, 2010-cu ildən etibarən yeni bir güc mərkəzinin qurulması istiqamətində ardıcıl cəhdlər diqqətdən yayınmır. Söhbət Avrasiya İqtisadi İttifaqından gedir.
Qərbin bu ittifaqın yaradılmasından narahatlığını hələ Amerikanın dövlət katibi olarkən, Hillari Klinton ifadə etmişdi. O, bu narahatlığını 2012-ci ildə Dublində jurnalistlərə müsahibə verərkən bildirmişdi.
“Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası müşahidə edilir. Əlbəttə, bu fərqli bir ad daşıyacaq. Onu Gömrük ittifaqı, Avrasiya ittifaqı adlandıracaqlar və eyni ruhda fəaliyyətini davam etdirəcək. Lakin gəlin özümüzü aldatmayaq. Biz bilirik, bu prosesin məqsədi nədir və çalışırıq ki, onu ləngitmək və qarşısını almaq üçün yollar tapaq”, - Klinton bildirmişdi.
Aİİ yaradıcılarının bildirdiyinə görə isə bu qurum iqtisadi əməkdaşlığın yeni mərhələsidir. İnteqrasiyanın əvvəlki mərhələlərindən fərqli olaraq, Aİİ mümkün ən güclü iqtisadi inteqrasiya olan ümumi ticarət, pul və büdcə siyasəti yaratmaq məqsədi daşıyır.
Aİİ hərtərəfli modernizasiya, milli iqtisadiyyatın rəqabətədavamlılığını artırmaq və üzv dövlətlərin əhalisinin həyat səviyyəsini yüksəltmək üçün stabil inkişaf şərtləri yaratmaq iddiasındadır.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-də Rusiya, Belarus, Qazaxıstanın təsis etdiyi təşkilata həmin il Qırğızıstan və Ermənistan da qoşulublar. Bəzi ekspertlər hesab edirlər ki, bu qurumun daha da genişlənməsi perspektivi var. 2018-ci ildən etibarən Moldova da Aİİ-yə müşahidəçi dövlət kimi qoşulub. AAİ ilə Vyetnam, İran, Çin, Kuba, Serbiya və Sinqapur arasında azad iqtisadi ticarət barədə razılaşmalar imzalanıb. Hazırda Misir, Tailand, Monqolustan, Hindistanla belə razilaşmaların əldə olunması yönündə danışıqlar aparılır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun bildirdiyinə görə, 50-yə yaxın ölkə Aİİ ilə əməkdaşlığa maraq göstərir.
Bəzi siyasi müşahidəçilər hesab edir ki, 2008-2009-cu illdərdə Avropa bazarında baş verənlər, 2010-2012-ci illərdə müvəqqəti canlanma və 2013-2016-ci illərdə iqtisadi böhranın ikinci dalğasının başlanması Qərbi Avropa dövlətlərinin necə çətin bir vəziyyətə düşdüyünü ortaya qoydu. Onlar dünyanın maliyyə mərkəzləri olsalar da, vacib qərarlar daha çox BRİKS ölkələri tərəfindən müstəqil şəkildə qəbul olunmağa başladı. Bu zaman lider ölkələrin böyük dövlət borcları yığıldı, büdcə kəsiri, korporativ borclanma, açıq və gizli işsizlik yarandı. Bu zaman Avropa bütün bu "xəstəlik"ləri aradan qaldırmaq üçün bazarları dağıtmaq və yerli prosesləri köhnə qlobal mərkəzlərə tabe etdirməyə çalışdılar. Bütün bunları qloballaşmanın yeni qayğıları siyahısına yazmaq olardı. Lakin qloballaşma burada dalan dirəndi və Avrasiya məkanında yeni inteqrasiya proseslərinə tamam başqa məna verməyə başladı. Beləliklə, əvvəlcə Avropa ilə kontaktlara açıq olan Avrasiya İqtisadi İttifaqı Qərb üçün düşmənə çevrildi.
Bəzi politoloqlar hesab edir ki, Avropa İttifaqı və Avropa İqtisadi İttifaqı arasında mübarizə davamlı olacaq. Bu iki ittifaqdan biri qalib gəlməlidir. Məhz qalib tərəf özünün hazırkı təsir dairəsindən kənarda, eləcə də qarşı tərəfin təsir sferasında prosesləri müəyyən edən güc mərkəzi olacaq.
Rusiyalı politoloq Vasiliy Koltaşovun fikrincə, hazırda Avropa İttifaqı “tarixin tükənmiş məhsulu” təsiri bağışlayır: “Onun əlamətləri hakimiyyətlərin xalqa yadlaşması və bu hakimiyyətlərin möhkəmlənən qeyri-bərabərliyidir. Avropa İttifaqı daxilində borc asılılığının güclənməsi müşahidə olunur ki, bu da daha çox Avropa Mərkəzi Bankı emissiyalarının artırılmasından yaranır. Bundan başqa ildən-ilə Avropa İttifaqının əsas və digər ölkələrindəki həyat səviyyəsi arasında fərqlərin artması faktoru da var. Bu fərq Yunanıstan, İspaniya və Portuqaliya hesabına daha da artıb. Digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqı tam yetişməmiş proqramdır, ittifaqın üzvlərinin hansı istiqamətə doğru hərəkət edəcəyi aydın deyil. Əməkdaşlıq var, lakin konfliktlər də mövcuddur. Əsas problem isə proteksionist gömrük strategiyasını necə realaşdırmaqdır.
Avrasiya İqtisadi İttifaqının güclü tərəfi isə hələlik onun açılmayan potensialıdır. Bu layihə depressiya kimi bir mərhələdədir ki, bunu təkcə durğunluq kimi deyil, irəliyə doğru can atmaq istəyi kimi də dəyərləndirməık olar. Depressiya yalnız psixologiyada bədbəxtliyə bərabər hesab olunur, iqtisadiyyatda isə o yeni inkişafa təkan verir. Və burada əsas sual haraya və necə genişlənmək sualıdır. Coğrafi genişlənmə Avropa İttifaqı ilə mübarizə anlamına gılir, layihənin mahiyyətcə inkişafı isə inteqrasiyanın dərinləşməsi deməkdir. Və güman ki, Avrasiya inteqrasiyası bu vəziyytdən geriyə deyil, irəliyə doğru hərəkət edəcək”.