“Türkiyə-Rusiya münasibətləri İdlib məsələsi ətrafında gərginləşə bilər. ABŞ bu məqamı çoxdan gözləyir və gərginləşən münasibətlərdən istifadə etməyə çalışacağı istisna deyil”.
Bunu Teleqeraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspert qeyd edib ki, Ankaraya gələn rusiyalı rəsmilər Türkiyəni yola gətirə bilməyərək, Moskvaya əliboş qayıtdılar:
“ABŞ bundan sonra vəziyyətə nəzarəti ələ götürmək üçün Türkiyənin onun müttəfiqi olduğunu xatırladaraq, dəstək məqsədilə Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini Ankaraya göndərdi. Cefri Ankarada olarkən Türkiyənin yanında olacaqlarını və dəstək verəcəklərini bəyan etdi. Görünən budur ki, ABŞ yenə də oyunun başına keçmək niyyətindədir.
Əlbəttə Türkiyə üçün Rusiya və İran tərəfindən dəstəklənən Bəşər Əsədə qalib gəlmək çətindir. Buna görə də, ABŞ yaranmış vəziyyətdən istifadə edərək Ankaraya dəstək mesajları verməyə başlayıb. Amma Türkiyənin bu oyuna gələcəyəni inanmıram. Çünki ABŞ və Rusiya Suriya məsələsində fikir ayrılığında olsalar da, pərdəarxasında anlaşdıqları məlumdur”.
Ramiyə Məmmədova hesab edir ki, hazırda aparılan danışıqlar və görüşlər Türkiyə üçün vaxtın itirilməsinə hesablanıb:
“Gedən proseslər Əsədin hakimiyyətdən yola salınması məsələsini arxa plana atıb. Yəni Rusiya Suriyanı Qərbə güzəştə getmək niyyətinə deyil, bu məqsədlə Əsədi Türkiyədən qorumaq istəyir.
Hesab edirəm ki, Türkiyə məsələni alternativ yollarla həll etməyə çalışacaq. Təhlükəsizlik bölgəsinə nəzarəti ələ alıb qaçqınları öz ərazilərindən uzaq saxlamağa cəhd edəcək”.