23 Aprel 2020 20:07
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyanatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin şərhində bildirilir.

Qeyd olunur ki, 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkənin nazirləri, eləcə də 3 ölkənin həmsədrləri, habelə Xarici İşlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!

Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.

Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı, 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan Xarici İşlər naziri bir neçə saat sonra videokonfransda iştirak edib müzakirələrə qatılmazdı.

Ermənistan Xarici İşlər nazirinin özünün də razılaşdırdığı kimi əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər