İndi ən böyük dövlətlər belə açıq deyirlər ki, pandemiyadan sonrakı dünya əvvəlki dünya olmayacaq. Fikrimcə, bunun izahı belədir ki, II Dünya Müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sisteminə, beynəlxalq hüquq və normalara yenidən baxılacaq, onlar təftiş ediləcək və yenidən qurulacaq. Dünyanın qloballaşması, informasiya texnologiyalarının inkişafı, o cümlədən biotexnologiyaların inkişafı nəzərə alınacaq. Maliyyə iqtisadi sistem yenidən qurulacaq. Geopolitik, giostrateji və gioekonomik, mədəni münasibətlərə yenidən baxılacaq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azad Demokratlar Partiyasının sədri, siyasi təhlilçi Sülhəddin Əkbər pandemiyadan sonrakı dünya düzəni haqqında danışarkən belə deyib.
Onun fikrincə, bu proseslər dərhal olmayacaq:
“Fikrimcə, pandemiyadan sonra yaranan vəziyyət yeni dünya düzənini qurmaq niyyətində olan güclər tərəfindən müzakirə ediləcək. Aydındır ki, indidən dünya dövlətlərinin böyük əksəriyyəti diktə olunan yeni şərtlərə razı olacaq. Söhbət əsasən, böyük masada olan böyük oyunçulardan gedir. Onlar pandemiyadan sonra yaranan durumla razılaşacaqlar, ya yox? Əsas sual budur. Söhbət Avropa Birliyindən ayrılıb öz sistemini qurmaq istəyən Böyük Britaniyadan, Avropa Birliyinin bəzi üzvlərindən, Rusiyadan və Çindən gedir”.
S.Əkbərə görə, bu prosesdə Amerika təbii ki, əsas oyunçudur:
“Məncə, söhbət ABŞ, onun "dərin dövləti"nin diktəsindən gedir. Burada incə bir nüansa da diqqət etmək lazımdır. Qənaətimcə, həlledici nöqtə ABŞ "dərin dövləti"ndə olan parçalanmanın necə nəticələnəcəyidir və bu amil proseslərə ciddi təsir edəcək. Əgər, burada ikibaşlığa son qoyulacaqsa və vahid mövqedən çıxış ediləcəksə, fikrimcə, pandemiyadan sonra yeni dünya düzəni ilə bağlı quruculuq prosesi süətlənəcək. Çünki ABŞ öz strateji potensialını tam olaraq ortaya qoya biləcək. Bu halda belə əzici strateji gücün təsiri altında böyük güclərin bir hissəsi razı qalacaq. Razı qalmayanlar təklənəcək, təcrid ediləcək. Düzdür, bu, vaxt aparacaq və sonunda onlar bununla hesablaşmalı olacaq. Yox, əgər pandemiyadan sonradı dövrdə, ələlxüsus, ABŞ "dərin dövləti"ndə bu il gözlənilən prezident seçkilərindən sonra da ikibaşlıq davam edərsə, bu zaman proses bir qədər zaman aparacaq. Çünki ABŞ hakimiyyətində müşahidə edilən ikibaşlı qrupların hər birinin öz baxışları olmaqla yanaşı, onlar həm də böyük güclərlə oynayırlar”.