Cümhuriyyət Xalq Partiyasının və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Mayın 7-də Ədliyyə nazirinin müavini Toğrul Musayevin partiyaların sədrləri ilə görüşü keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.
Partiya rəhbərləri Bədrəddin Quliyev və Əflan İbrahimov ölkə başçısının iradəsi ilə aparılan siyasi islahatları dəstəklədiklərini vurğulayaraq, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsi naminə siyasi qüvvələrin dövlətin yanında olmalarını xüsusi qeyd ediblər. Həmçinin, nazirlikdə ümummilli lider Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olublar.
Xatırladaq ki, bu yaxınlarda Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatından keçib.