“Tramp ABŞ-Rusiya münasibətlərini dostluq formatına çevirə bilmədi. Düşünürəm ki, Bayden seçkidə qalib gəlsə, Kremllə təmaslarda bir sıra səhvlərə yol verən Obama tipli siyasətdən çox Moskva üçün daha sərt Klinton siyasətinə qayıdış görəcəyik”.
İngilis politoloq Edvard Lukas belə düşünür. Teleqraf.com onun Polşanın “Defence 24” nəşrinə müsahibəsini təqdim edir.
- Sizcə, koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər üzündən Rusiyanın çöküşlə üzləşmək ehtimalı varmı?
- İnsanlar 1991-ci ildən Rusiyanın dağılması haqqında danışırlar. Bunlar real ola bilər, amma hazırda dramatik proqnozlardan çəkinərəm. Vladimir Putin rejimi ciddi iqtisadi problemlərlə üzləşsə də sabitdir. Keçmişdə bir çox çətin sınaqların öhdəsindən gələ bilib. Əlbəttə, aşağı neft qiymətləri Rusiya büdcəsinin vəziyyətinə təsir göstərir, “Şimal Axını-2” layihəsində problemlər var və pandemiyanın özü Putin üçün mənfi amildir. Rusiyanın baş ağrısı olduğunu deyə bilərik, amma bu, infarkt deyil...
- Onun “baş ağrısı” Belarus kimi ölkələrə Rusiyanın orbitini tərk etməyə imkan verə bilərmi?
- Düşünürəm ki, hazırda Belarusda manevr üçün əvvəlkindən daha geniş sahə var. İndi bu ölkənin Qərbdən neft tədarük etməsi son dərəcə diqqətəlayiqdir. Putinin bir problemi var: Minskə artan təzyiq Belarus müxalifətini gücləndirir. Eyni zamanda ölkə daxilində çətinliklərlə qarşılaşdıqda Gürcüstan, Suriya və ya Ukrayna ssenarilərinə bənzər addımlar atacağı riski var.
Bu, həmişə nəzərə alınmalıdır, amma inanıram ki, indi bu cür hərəkətlərə əl atması ehtimalı azdır. Düşünürəm ki, Putinin evdə kifayət qədər işi var, əgər gözlənilməz bir şey olsa, bu, ilin ikinci yarısında ola bilər.
- Putin diqqəti öz ölkəsinin problemlərindən yayındırmaq üçün təcavüz taktikasına müraciət etsə necə?..
- O, əvvəllər də bunu etmişdi, lakin təcavüzün müxtəlif formaları var. Rusiya mətbuatına baxsanız görərsiniz ki, indi Praqadakı sovet hərbi abidələrinin taleyinə çox diqqət yetirirlər. Marşal Konevin abidəsini sökməyə qərar verən Praqa meri artıq “beynəlxalq nifrət simvolu” adını alıb. Bu, Rusiyada indi çox maraq doğuran mövzudur; Çexiya Sovet İttifaqının onun azadlığı uğrunda mübarizəsini heçə sayan “nankor ölkə” nümunəsinə çevrilib.
Bu cür addımlar Kremldən böyük xərc tələb etmir: hər hansı çex siyasətçisi haqqında xoşagəlməz sözlər söyləmək kifayətdir. Diqqəti yayındırmaq üçün bir vasitə kimi bu cür taktikalar yaxşı işləyir, ancaq xüsusi həyəcan üçün heç bir səbəb yoxdur. İstisna budur ki, Praqanın meri polisin himayəsindədir.
- Sizcə, Çin Rusiyanın zəifliyindən faydalanaraq özünü xammal bazasına çevirəcəkmi?
- Pandemiya zamanı Rusiyanın Çinin mövqelərinə keçməsi çox vacib hadisə idi. Məncə, bu, çox böyük əhəmiyyət kəsb edir, çünki rus təbliğat maşınının çinlilərə bənzər bir mövqe tutduğunu, Amerikanı günahlandırdığını və beynəlxalq aləmdə Çini müdafiə etdiyini görürük.
Düşünürəm ki, Rusiya və Çin arasında ortaq anti-Qərb və anti-Amerika cəbhəsinin yaranmasının şahidi olduq. Belə bir strategiyanın uzunmüddətli olacağını bilmirəm, çünki əslində ruslar çinlilərdən çox qorxurlar.
- Siz təbliğatdan danışırsınız, ayrı-ayrı ölkələr koronavirus mövzusunda saxta xəbərlər yaratmaq və onlardan öz məqsədləri üçün istifadə etmək fikrinə düşə bilərmi?
- “Saxta xəbərlər” ifadəsini ehtiyatla istifadə etməyə üstünlük verirəm, düşünmürəm ki, bu, bizə hansısa şəkildə kömək edir. İnanıram ki, bir-birinə düşmən olan dövlətlərin daha genişmiqyaslı əməliyyatlarının bir hissəsi olan informasiya burulğanına düşmüşük. Rusiya, Çin, İran - bu siyahıda ən vacib üç ölkədir.
Məncə, Rusiya və Çin pandemiyanın başlanğıcından bəri bu sahədə fəaliyyətə başlasalar da, yalnız informasiya mövzularına diqqət yetirmək düzgün deyil. ÜST və digər beynəlxalq təşkilatlarda diplomatik taktikalardan istifadə etdilər; humanitar yardım tədarükü; Avropa Birliyi, NATO və ya ABŞ-ın pandemiyanın öhdəsindən gələ bilmədiyini ifadə edən anti-Qərb tezisləri; təbliğat vasitələrini təşviq etmək və çaxnaşma yaratmaq. Baş verənlərə daha geniş bir strategiyanın elementlərindən biri kimi baxmaq lazımdır.
- Rusiya və Çinin NATO və ya Avropa Birliyini zəiflətmək üçün pandemiyadan istifadə etmək şansı barədə nə deyərsiz?
- Əlbəttə, bu, artıq baş verir. Prezident Vuçiç Avropa Birliyinin heç bir şey etmədiyini və Pekinin Belqradın yeganə dostu olduğunu elan edəndə Serbiyada Çinin nüfuzunun nə qədər geniş olduğuna şahidlik etdik. Çin bununla Balkan yarımadasının qərbindəki təsir dairəsini gücləndirmək üçün proqramının nə olduğunu göstərdi. Bizim üçün bu bir xəbərdarlıq, həyəcan siqnalı olmalıdır.
Habelə Çin və Rusiyanın İtaliyada genişmiqyaslı əməliyyatlarını gördük. Bir çox hadisələr baş verir, infeksiya həm Pekin, həm də Moskva üçün yeni imkanlar açdı.
- Bəzi ekspertlər deyirlər ki, Kreml yaranmış vəziyyətdən yararlana və Avropanın sanksiyalarının ləğv edilməsinə nail ola bilər.
- Ruslar sanksiyaları azaltmaq üçün, əlbəttə, hər fürsətdən istifadə edəcəklər. Pandemiyadan sonrakı dövrdə bu mövzunu iqtisadi yardım faktoru ilə gündəmə gətirəcəklər və deyə bilərlər ki, əgər beynəlxalq iqtisadi dəstək mexanizmlərini həyata keçirmək istəyirsinizsə, sanksiyaları qaldırın. Ancaq bu yolun nəyəsə səbəb olacağına şübhə edirəm.
Rusiyanın təzyiqi ilə sanksiyaların ləğv ediləcəyi 2014-cü ildən deyilir. Macarıstan və İtaliyanın təzyiqlərinə və ya Almaniya daxilindəki fikir ayrılıqlarına baxmayaraq, Avropa Kansler Angela Merkelə və Almaniya hökumətinə bu kursa ciddi riayət etdiklərinə görə minnətdar olmalıdır.
- Merkel dövrü 2021-ci ildə başa çata bilər.
- Almaniyada yeni bir hökumət meydana çıxsa, nə baş verəcəyi çox maraqlıdır. Avropadakı ağırlıq mərkəzi dəyişə bilər, bu ehtimal azdır, ancaq mövcuddur. Merkelin varisinin kim olacağını hələ bilmirik.
- ABŞ-da keçiriləcək prezident seçkiləri haqqında. Demokratların qələbəsi ABŞ-Rusiya münasibətlərində yeni bir başlanğıca səbəb ola bilərmi?
- Prezident Tramp ABŞ-Rusiya münasibətlərini dostluq formatına çevirə bilmədi. Amma ABŞ-ın rəsmi qurumları yenidən başlamağa çəkinmirlər. Düşünürəm ki, Bayden seçkidə qalib gələrsə, Kremllə təmaslarda bir sıra səhvlərə yol verən Obama tipli siyasətdən çox, Moskva üçün daha sərt olan Klinton siyasətinə qayıdış görəcəyik.