Teleqraf.com-un suallarını məşhur hərbi jurnalist, bir zamanlar Azərbaycanda rəhbəri olduğu “Avrasiya” qəzeti ilə tanınan İrfan Sapmaz cavablandırıb. Hazırda Vaşinqtonda yaşayan İrfan Sapmaz ABŞ-da ağdərili polisin afroamerikalı Corc Floydun öldürməsi fonunda yaşanan iğtişaşlarla bağlı müşahidələrini bölüşüb. Müsahibəni təqdim edirik:
- Hazırda ABŞ-da vəziyyət necədir? Nümayişlərin pik həddə olduğu şəhərlərdə komendant saatının elan edilməsi iğtişaşları yatıra biləcəkmi?
- ABŞ-da vəziyyət olduqca ciddidir. 70 min xüsusi təyinatlı paytaxt Vaşinqton da daxil olmaqla bir çox şəhərlərdə küçədədir. Yaşadığım paytaxtda da durum gərgindir. Gün ərzində Ağ Evdən bu nümayişləri izləmişəm, Konqresə qədər yürüşlər olub. Artıq bir neçə şəhərdə komendant saatının tətbiqinə başlanılıb. ABŞ Prezidenti Donald Tramp dünən bir hissəsi yandırılan tarixi kilsənin qarşısına gəlib İncillə poz verdi. Bu, kilsəyə hücumun qarşılıqsız qalmayacağına dair dünyaya mesaj idi. Bütövlükdə ölkədə situasiya çox mürəkkəbdir. 4 minə yaxın şəxs həbs olunub. 30 əyalətdə, 50 şəhərdə nümayişlər davam edir. Gecə Vaşinqtonda küçəyə çıxmaq qadağan olunsa da, çox adam buna ciddi yanaşmır. İlk dəfə Ağ Evin çölündə ətrafı işıqlandıran işıqlar söndürüldü.
- Versiyalara görə, irqçilik əleyhinə olan şəxslər dinc aksiya keçirir, qarışıqlıq yaradanların arxasında güclər dayanıb. Əslində nə baş verir?
- Küçələrdə ağlar və qaralar arasında iqrçiliyi boykot edən sülhsevər insanlar da var. Lakin bir çox şəhərlərdə vandalizm oldu, bu hadisədən istifadə edib müxtəlif mağazaları yağmalayan, avtomobilləri yandıran, ölkədə təzyiqi daha da yüksəldən çoxlu sayda vandallar var.
- İndiyədək illərdir minlərlə qaradəriliyə qarşı zorakılıq tətbiq olunub. Koronavirus pandemiyasının geniş vüsət aldığı dövrdə nədən bu cür qızğın aksiya başladıldı?
- Bildiyimiz kimi, afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılmışdı. Ağdərili polis Floydun qoluna qandal vuraraq onu yerə yıxıb 9 dəqiqə boyu dizi ilə boynunu sıxmışdı. Floyd nəfəs ala bilmədiyinə görə qışqırsa da, polis məhəl qoymayıb. Nəticədə koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da ağdərili və qaradililər arasında nifrət yenidən qızışdı.
Hərbi jurnalist kimi dünyada bir sıra bu kimi prosesləri, o cümlədən Ukrayna, Gürcüstandakı hadisələri, “Ərəb baharı”nı canlı izləmişəm, bunlar hamısı təşkil olunmuş hadisələr idi. Ağ Ev önündə də müşahidələrim onu deməyə əsas verir ki, bu iğtişaşların arxasında da, şübhəsiz, təşkilatlanma var.
O ki qaldı bu nümayişlərin arxasında nələrin dayandığına, bir məqama diqqət çəkmək istəyirəm. Əslində çox bəsit bir şeydir, bir çox insanın diqqətindən yayınır. Burada Rusiya, Çin və digər ölkələrin adı çəkilir. Önəmli bir məsələ var. Koronavirus pandemiyasına görə aksiya iştirakçılarının hamısının üzü, gözü qapalıdır. Heç kəs ağzı açıq gəzmək istəmir, qapanma, şəxsiyyəti gizlətmə müşahidə olunur. Bəli, texnologiya ilə insanın üzünü tanıma sistemi mövcuddur. Ağ Evin qarşısında yüzlərlə kamera, üz tanıma sistemi var, həmin bölgəyə daxil olanda vücudun temperaturundan tutmuş, keçirdiyin həyəcan hissinə, əynindəki geyimlərə qədər nəzarət olunur. Hazırda isə üzlər, gözlər, başlar bağlıdır. Oğrular talanlar edir, bu oyunu davam etmək istəyənlər oğruları xüsusilə yönləndirirlər ki, diqqət çəksinlər. Koronavirus bu hadisə üçün böyük zəmin hazırladı. İnsanlar koronavirsdan qorxsaydılar, küçələrə bu cür axın etməzdilər.
- Floydun öldürülməsi olayı bəhanədir, ona qarşı zorakılıq olmasaydı da, başqa bir hadisə düşünəcəkdilər?
- Bəli, onun öldürülməsi ilə diqqəti onun üzərinə yönəltdilər. 230 ildir qurulan ölkədə həmişə ağ-qara problemi olub. Hadisə bunun üzərində cərəyan etdi. Böyük oyun oynanılır. Arxasında Çin, Rusiya, Cənubi Koreya və başqa ölkələr ola bilər. İstanbulda Gəzi hadisələrində olduğu kimi, ABŞ-da da nümayişlərin keçirildiyi yerlərdə pulsuz su, yemək paylanır. ABŞ-da heç kim biri digərinə havayı 1 dollar belə verməz. Söhbət kapitalist bölgədən gedir.
Tvitterdə yazılır ki, həbs olunsanız, bu vəkillərə zəng edin, telefon nömrələri yazılır, polis sizi saxlasa, sadəcə şəxsiyyət vəsiqənizi və sürücülük vəsiqənizi göstərin, əlavə heç nə deməyin. Bir sözlə, insanlar yönləndirilir. Sizin arxamızdayıq kimi mesajlar ötürülür. 230 milyonluq ölkədə böyük güclər var. Qarşıdan prezident seçkiləri gəlir. Ölkə daxilində də, Demokratlar, CİA , FBİ, Pentaqon içində Trampı həzm etməyən qruplar var. Provakasiya üçün hansısa hadisə ortaya atılır. Provakatorlar Floydun öldürülməsi olayı olmasaydı, başqa bir hadisəni ortaya çıxarardılar. Bu hadisədən dərhal sonra 4 polis işdən çıxarıldı. Nümayişçilər arasında da ABŞ-ı sevən, azadlığı üçün çalışan şəxslər var. Amma bir çox qruplar suyun axınını başqa istiqamətə yönləndirmək istəyirlər.
- Yeri gəlmişkən, polisin nümayişçilərin qarşısında diz çökdüyünə dair görüntülər də maraqla qarşılandı...
- Hadisələrin genişləndiyini müşahidə edən ABŞ prosesdən az ziyanla çıxmaq istəyir. ABŞ-da polis şefləri hadisəni yumşaltmaq üçün sağ dizləri üzərində çöküb əllərini hava qaldırır, “sizinlə birlikdəyik” mesajı verirlər. Bununla qarşı tərəfi yumşaltmağa çalışırlar. ABŞ polisi olduqca sərtdir, amma aralarında səmimiləri də çoxdur. Bu nümayişçilərlə birgə yürüş edirlər, gəlin, bu nümayişləri sülh çərçivəsində edək deyib özləri də qoşulurlar.
- Sizcə, koronavirusun yayılmasına görə liderlik edən ABŞ-da vəziyyət necə davam edəcək?
- ABŞ-da koronavirusdan ölənlərin sayı 106 mini keçib. Nümayişlərin genişlənməsi fonunda koronavirusa yoluxmaların sürtlənəcəyinə dair narahatlıqlar var. Mən özüm bütün nümayişlərə qatıldım, maskadan istifadə edirəm, aksiya iştirakçıları da maska taxır, amma insanlar bir-birinə çox yaxın dayanır. Açığı, mən də qorxuram, ümid edirəm infeksiyaya yoluxmamışam. Jurnalistik, Vaşinqtonda bu cür hadisələr yaşanır, mən də çıxıb küçədə izlədim.
- Bu aksiyalar prezident seçkilərinə hazırlaşan Donald Trampın şanslarına necə təsir göstərəcək?
- Bəli, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Diqqət bu seçkilərə yönəlib. Respublikaçılar Partiyasının namizədi kimi Tramp sərt tədbirlər görməkdən çəkinir, amma ölkədə qanunların qoruyucusu kimi lazımi addımları atacağını bəyan edib. Vali və qubernatorlara mesaj göndərib, onlardan dərhal mühüm tədbirlər görməyi istəyib. Əks halda Baş Qərargah rəisinə əmr veriləcəyi, bütün nəzarətin ordunun əlinə keçəcəyi mesajını verdi. Son xəbərlərə görə 70 min xüsusi təyinatlı küçələrdə nəzarəti həyata keçirir. Bu, son dərəcə təhlükəlidir. Çünki ABŞ xalqı xüsusi təyinatlıların küçələrdən olmasından olduqca narahatdır. Bunlar təhlükəsizliyi təmin edərkən ən sərt tədbirlər görən hərbçilərdir. Vəziyyət son dərəcədə gərgindir.
- Siz də qeyd etdiniz, mediada Trampın gizli səs yazısının yayıldığı və qubernatorlara aksiya iştirakçılarına daha sərt davranmalı olduğuna dair təlimat verdiyi yazılır. ABŞ prezidentinin davranışı baş verənlərə adekvatdırmı?
- Trampın iğtişaşların qarşısını almaq, soyğunları dayandırmaq üçün sərt tədbirlər görəcəyi əslində gizli sayılmır. Vandal hərəkətlər davam edərsə, atəşə əl atılacağı barədə açıq danışıb. Tramp və ailəsinin Ağ Evin altında gizli otaqda qaldığı barədə məlumatlar yayılıb. “CNN İnternational” mənbələrə istinadla bu barədə xəbər yazıb. Bununla situasiya daha da gərildi. Doğrusu, müşahidələrimə görə, nümayişlər fonunda prezident və ailəsi üçün təhlükə görmürəm. Ağ Ev qarşısında dəmir baryerlər qurulub, təhlükəsiz bölgə yaradılıb. Aksiya iştirakçıları spreylərlə təhlükəsizlik kameralarını boyayırlar, su atırlar. Güc strukturları isə vəziyyəti sakitləşdirməyə çalışırlar, gizli xidmətin atlı əməkdaşları, hərbçilər vasitəsilə hərdən hərəkətlilik müşahidə olunur. ABŞ-da hər kəs silahlıdır, polislər də qorxur. ABŞ-da 40 milyon zənci yaşayır, proses əksinə gedərsə, ölkə qan gölünə çevrilər.