Liviyada vəziyyət Türkiyə məsələyə qarışandan sonra tam dəyişdi, qələbə marşını Tripolidə keçirmək istəyən qiyamçı general Xəlifə Haftar artıq müdafiə mövqeyindədir. Qərbi Liviya, Vətiyyə hərbi bazası, strateji mövqedəki Tarxuna şəhəri azad edildi. Tripolinin 90 km cənubunda yerləşən Tarxuna şəhəri uzun müddətdir paytaxta qarşı hücumlarda qərargah rolunu oynayırdı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, Tarxunanın azad edilməsi Liviya müharibəsində psixoloji üstünlüyündə Sərrac hökumətinin tərəfinə keçməsi deməkdir: "Tayfalar da sıra ilə Fəyaz Sərracın tərəfinə keçirlər. Liviyada artıq situasiya BMT tərəfindən tanınmış və Türkiyənin dəstəklədiyi Tripolidə yerləşən Milli Razılıq Hökumətinin xeyrinədir. Tarxunanın əldən getməsi Liviya müharibəsinin 70-80% bitməsi anlamına gəlir".
Politoloqun fikrincə, Haftarın tam məğubiyyətindən sonra Liviya mərkəzləşdirilmiş dövlətə çevriləcək:
“Qaz ehtiyatları və hərbi məsələlərdə Liviya ilə Türkiyə arasında strateji anlaşma var. Liviya cəbhəsində Rusiya məğlubiyyətə uğramaqdadır. Rusiyanın muzdlulardan ibarət “Vaqner” və digər muzdlular qrupunu bölgədən çıxarmaq üçün 15 hərbi təyyarə göndərdiyi bildirilir. Bununla belə, Putin sonadək müqavimət göstərib nə isə qoparmağa çalışacaq. Amma Ərdoğan əldə olunan uğuru çətin ki Kremllə bölüşsün. Ola bilsin hansısa anlaşma əldə edilsin, amma bu, Rusiyanın xeyrinə olmayacaq”.
Əhəd Məmmədli bildirib ki, Xəlifə Haftarın tam məğlubiyyəti Rusiyanın müdaxiləsi və müqavimətindən asılıdır:
“Qiyamçı general Türkiyəyə guya müqəddəs müharibə də elan etdi, lakin vəziyyəti dəyişə bilmədi. Hesab edirəm ki, 2020-ci ilin sonuna qədər Liviyadakı ərazilərin böyük əksəriyyəti Sərracın nəzarətində olacaq”.