15 İyun 2020 17:32
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın rəhbər heyətinin toplantısından yayılan növbəti videoya baxdım və doğrusu, təəccüblənmədim. Bunlar neftin ucuzlaşması, maya dəyərindən də aşağı – 14 dollara düşməsini xüsusi şadyanalıqla qeyd edirlər, bir-birlərinə gözaydınlığı verirlər...

Gültəkin Hacıbəylinin özünə əl qatması və cani-dildən, məxsusi sevinməsi də diqqətimdən yayınmadı. Adam özü özünü rentgen kimi göstərir. Bir insanın mahiyyəti ilə davranışı nə qədər üst-üstə düşərmiş; bir insan özünü nə qədər dəqiq ifadə edə bilərmiş?!.

Nə aydın oldu bu görüntüdən?

Bu “şadyanalığın” siyasi mübarizəyə, hakimiyyətə qarşı savaşa heç bir aidiyyəti yoxdur. Bunun bir adı ümidsizliyin, çarəsizliyin son həddi, digər adı ölkəyə, dövlətə, eyni zamanda xalqa, millətə nifrətin miqyasıdır. “Siyasi mübarizə”də ümidləri nəyə qalıb? Neftin qiyməti ucuzlaşacaq, su qiymətinə olacaq, əhalinin gəlirləri kəskin azalacaq və narazılıq yaranacaq, bunlar da bu narazılıqdan istifadə edəcəklər...

Dərrakəyə bax... Düşüncə, strategiya, siyasi-iqtisadi analiz qabiliyyəti heçmi yoxdur?

Eynilə 2008-ci ildə, qlobal iqtisadi böhranda necə “ümidlənmişdilərsə”, indi də eyni ümidə və daha doğrusu, ümidsizliyə kökləniblər...

Özləri çox gözəl bilir ki, Prezident İlham Əliyev 2008-ci ildə tamamilə fərqli bir iqtisadi strategiya ilə ölkəni vəziyyətdən çıxartdı, hətta o səviyyədə ki, qlobal iqtisadi böhran Azərbaycanda ümumiyyətlə, hiss olunmadı. Hazırda da koronavirus pandemiyasına, neftin qiymətlərinin aşağı düşməsinə, dünyanın ən aparıcı dövlətlərində belə yaşanan iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycan bu xəstəliklə, iqtisadi təzyiqlərlə ən uğurlu mübarizə aparan ölkələr sırasındadır. Üstəlik, Azərbaycanın valyuta ehtiyatları bu il mart ayına olan statistikaya görə, tarixinin ən yüksək həddinə çatıb – 52 milyard dolları keçib. Bu, ölkəni bütün iqtisadi təzyiqlərdən qorumaq üçün ən azı 8 il kifayət edir. Halbuki dünya iqtisadi artımının gələn ildən bərpa olunacağı haqda beynəlxalq analitik mərkəzlərin rəsmi hesabatları var və eniş artıq başa çatmaq üzrədir.

Yəni adi hesablamalardır, bunun üçün iqtisadçı-alim olmağa heç bir ehtiyac yoxdur.

Dərhal onu da əlavə edək ki, artıq neftin qiyməti də 40 dollar civarındadı. Azərbaycan nefti isə 42 dollar həddindədir.

Neft – dünya iqtisadiyyatında mühüm yer tutur və onun qiymətinin aşağı olması supergüclərin belə maraqlarında deyil. Demək, mütləq iqtisadi formul tapılacaq və müvəqqəti dalğalanmaların iqtisadiyyatı məhv etməsinin qarşısı alınacaq.

Digər tərəfdən, Azərbaycanın neft asılılığından qurtarmaq üçün fəaliyyət istiqamətləri də ortadadır və bunun üçün geniş islahatlar həyata keçirilir. Əlbəttə, bir neft ölkəsinin (ən yaxşı və optimal nümunə Rusiya iqtisadiyyatıdır) ixracını şaxələndirməsi asan proses deyil, çünki az qala onillərə dayanan tərəfdaşlar, müqavilələr, öhdəliklər var. Rusiyadan daha sürətli şəkildə Azərbaycanda ixracın və istehsalın şaxələndirilməsi, ölkənin turizm və nəqliyyat sektorundakı ciddi inkişaf göz önündədir. Yəni neftin ucuzlaşmasından doğan sevincin MŞ-ya siyasi divident gətirəcəyini gözləmək siyasi savadsızlıq, iqtisadi korafəhmlikdir - ən yaxşı halda.

Yanaşmanın özü isə çox eybəcərdir. Bunların istəyi etirazın artmasıdır: xalq var-yoxdan çıxsın, iqtisadiyyat bərbad olsun, neft su qiymətinə düşsün, pandemiya Azərbaycana dəhşətli zərbə vursun; zəlzələ olsun, daşqın baş versin, sunami yaransın, Xəzər Kürə qarışsın, göydən yerə daş yağsın – başımıza təbii fəlakətlər gəlsin, təki Azərbaycan hakimiyyətinin nüfuzu zədələnsin, təki hakimiyyət zəifləsin!

Düşüncə yoxdur, ağıl yoxdur, strategiya mövcud deyil. İqtisadiyyatı dağılan, müflisləşən, bərbad vəziyyətə düşən ölkədə siz gəlib nə edəcəksiniz? 1992-də gəlib nə edə bildiniz ki?.. O xalq etirazlarını 3-cə aya ən sərt formada öz üzərinizə yönəltmədinizmi? Vəziyyəti o səviyyəyə gətirmədinizmi ki, Milli Qəhrəman adını verdiyiniz qiyamçı polkovnikin erməniyə yönələsi silahları dövlətə çevirməsini bütövlükdə xalq dəstəklədi? Ölkəni darmadağın etmədinizmi? İqtisadi-siyasi xaos səbəbindən ölkə param-parça olmaq təhlükəsi ilə qarşılaşmadımı? Heydər Əliyev gəlməsə və bu ölkəni xilas etməsə, xalqı yox, özünüzü düşünün: indi harada idiniz? Ümumiyyətlə, mövcud idinizmi?

Xalqdan üzr istəyirəm ki, sizə “düşünün” deyirəm: çünki düşünmək üçün lazım olan orqanı siz çoxdan “xaos və qisas” ehtirasına təslim etmisiniz.

Sizi 10 milyon insanın taleyi düşündürmür; Sizi Qarabağın taleyi narahat etmir...

Azərbaycanın iqtisadi baxımdan zəifləməsinə sevinmək – Ordumuzun zəifləməsinə sevinmək deməkdir. Qarabağın itirilməsinə sevinməkdir; Azərbaycanın etirazlar burulğanına düşməsini arzulamaq – Paşinyana xidmət etmək deməkdir; Azərbaycanın siyasi zərbələr almasını istəmək – bu xalqa, millətə, dövlətimizə qənim kəsilmək deməkdir. Yalnız ermənilər Azərbaycan üçün bunları arzulaya bilər...

Gürcüstanda “məxməri inqilabı” görüb, məxməri qalstuk, Ukraynada Maydanı görüb, “sarı şərf” taxmaq, Ərəb dünyasını cəhənnəmə çevirən “Ərəb baharına” baxıb, Qərbdən Azərbaycanı bombalamağı tələb etmək, ABŞ və Avropada polisə qarşı etirazları görüb, Azərbaycanda polis-vətəndaş qarşıdurmasını körükləmək yalnız sizin və ermənilərin hədəfi olub.

İlham Əliyev ermənilərin və sizin arzunuzu hər zaman ürəyinizdə qoyub, inşallah, bu pandemiyadan da, qlobal iqtisadi böhrandan da ən az itkiylə çıxan ölkə olarıq.

Hakimiyyətə isə “ay can-ay can, neft su qiymətinə oldu” deyən əbləhlər yox, iqtisadi islahatlarda yanlışlıqları göstərən, ölkənin daha uğurlu inkişafı üçün təkliflər irəli sürən, neft ucuzlaşanda alternativ iqtisadi strategiya ortaya qoyan, dövlətin və dövlətçiliyin yanında olan, xalqı sevən, xalqın rifahı üçün çalışan və iqtidara real alternativ olduğunu göstərən insanlar iddia edə bilər...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər