Teleqraf.com Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə müsahibəni təqdim edir:
- Bahar xanım, COVID-19 infeksiyası bəşəriyyəti cənginə alıb, özünüzü virusdan necə qoruyursunuz? Ətrafınızda və əməkdaşlarınız arasında bu infeksiyaya yoluxan var?
- Hamı kimi mən də bu qlobal bəla ilə müəyyən olunmuş sadə mübarizə üsullarından istifadə edərək məsafə saxlamaq, mütləq şəkildə maska taxmaq və gigiyena qaydalarına əməl etməklə qorunmağa çalışıram. Əməkdaşlar içərisində və ətrafımızda olanlar arasında yoluxanlar olsa da, vaxtında aşkarladığımız üçün bu problemləri arxada qoya bilmişik. Amma minlərlə soydaşımızın COVID-19-la bağlı üzləşdiyi sosial-iqtisadi çətinlikər, sağlamlığında yaranmış problemlər, bir qisminin isə bu virusa məğlub olması əlbəttə ki, hamı kimi məni də narahat edir. Ölkə Prezidenti başda olmaqla müvafiq qurumların bu sahədəki işini yüksək dəyərləndirir, həm iqtisadi, həm də vətəndaş itkilərimizi çox böyük təəssüflə qeyd edirəm.
Mübarizənin ön cəbhəsində olan soydaşlarımızın, xüsusilə tibb işçilərinin, polis orqanları əməkdaşlarının, könüllülərimizin fədakarlığını yüksək qiymətləndirirəm. Bütün dünya ölkələrinin birgə fəaliyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə beynəlxalq səylərin artırılmasına və birləşdirilməsinə yönəlmiş təşəbbüsləri nəticəsində insanlığın bu bəladan tezliklə qurtulmasını arzu edirəm.
- Rəhbərlik etdiyiniz Komitənin virus əleyhinə mübarizə sahəsində maarifləndirmə tədbirləri nədən ibarətdir?
- Pandemiyanın elan olunduğu və xüsusi karantin rejimi qaydalarının müəyyən edildiyi ilk günlərdən Komitə virusla mübarizə sahəsində maarifləndirmə işinə başladı. Ailələrin, xüsusilə uşaqların virusdan qorunması məqsədilə internet resurslarına çıxışı olmayan ailələrə Operativ Qərargahın təyin etdiyi qaydalardan ibarət maarifləndirmə materiallarının paylanması, həmin materialların icma üzvlərinin elektron poçt ünvanlarına göndərilməsi, "Ailəyə zəng" aksiyası çərçivəsində maarifləndirmə, Mərkəzlər tərəfindən sosial şəbəkə izləyicilərinin iştirakı ilə vebinarların təşkili, Mərkəzlərə edilmiş müraciətlər əsasında və Mərkəzlərin elektron bazasında olan həssas qrupa aid ailələrlə telefon vasitəsilə psixoloji konsultasiyaların aparılması kimi dəstək tədbirlərini qeyd edə bilərik. Bundan əlavə karantin müddətində yaranan problemlərin həllində yardımçı olmaq, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, onlarda ailə məsuliyyətini formalaşdırmaq məqsədilə “Ailəm” müsabiqəsi, “Ailə Könüllüləri” layihəsi, Komitənin saytında və sosial şəbəkələrdəki səhifələrində maarifləndirici yazılar, videolar paylaşıldı və vebinarlar keçirildi.
Koronavirusla mübarizə kampaniyası çərçivəsində Komitə tərəfindən görülən tədbirlərdən ötən dövr ərzində 9 minə yaxın insan bəhrələnib. Aksiya çərçivəsində Dövlət Gömrük Komitəsi və "Asan Könüllüləri" Təşkilatı və Qadın Resurs Mərkəzləri ilə birlikdə yaşlı və tənha vətəndaşlar da daxil olmaqla mindən çox ailəyə ərzaq yardımı edilib, 300-dən çox vətəndaşa psixoloji dəstək göstərilib, Komitə nəzdində fəaliyyət göstərən Mərkəzlərin könüllüləri tərəfindən 1500-ə yaxın insana tibbi maskalar paylanılıb, 600-ə yaxın uşağa onlayn məşğələ keçilib. Bunlara həmçinin “Ailələrə zəng” maarifləndirmə aksiyası vasitəsilə məlumatlandırılan, məlumat vərəqləri paylanılan ailələr daxildir. Komitə tərəfindən keçirilən "Ailədən ailəyə" dəstək aksiyası çərçivəsində 134 ailə tərəfindən həssas təbəqədən olan 725 ailəyə yardım göstərilib.
Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün aprelin 7-də Milli Hemotologiya və Transfiziologiya Mərkəzində keçirilən qanvermə aksiyasında 400 nəfər iştirak edib.
Hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF-lə birgə regional mərkəzlərin fəaliyyət göstərdiyi icmalarda yaşayan 366 aztəminatlı, risk qruplu ailələrə UADM əməkdaşları və Asan Könüllüləri ilə birgə ərzaq yardımı edilməkdədir.
- Sərt karantin rejiminin tətbiqi fonunda boşanmaların, ailədaxili zorakılıq hallarının artdığına dair müxtəlif statistikalar yayılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə araşdırma aparıbmı?
- Daxili İşlər Nazirliyindən təqdim olunmuş məlumatlara əsasən 2019-cu il üzrə 1026 qadın, 2020-ci ilin birinci rübü üzrə 247 (2019-cu ilin birinci rübü üzrə 229) qadın məişət zorakılığına məruz qalıb.
2020-ci ilin yanvar ayından bugünədək Komitəyə 98 (06.07.2020-ci il tarixə olan məlumat) məişət zorakılığı ilə bağlı fakt daxil olub, rayon icra hakimiyyətlərindən məişət zorakılığı ilə bağlı 50 cavab məktubu qeydə alınıb. Daxil olan müraciətlər əsasında sorğu aparılıb və nəticələr təhlil olunub. Aparılan təhlillər nəticəsində əldə olunan statistik göstəricilərə əsasən, qadınlara qarşı zorakılıq törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4 faizdir. Qadınların 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalır. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür.
Aparılan təhlillər və araşdırmalarla yanaşı, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, Komitənin İctimai Şurasının üzvü Mehriban Zeynalovanın müraciətini nəzərə alaraq, İctimai Birliyin sığınacağında yerləşdirilmiş, məişət zorakılığından zərərçəkmiş qadınların hüquqlarının müdafiəsi zamanı yaranan problemlərin həllinə dəstək məqsədilə aidiyyəti dövlət orqanlarının iştirakı ilə yaxın vaxtlarda onlayn görüşlərin keçirilməsi də nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanda Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi prosedura əsasən Nazirlər Kabinetinə göndərilib və hazırda razılaşdırılma mərhələsindədir.
- Beş aydır ölkəmizdə hökm sürən pandemiya ailədaxili münasibətlərə, eləcə də valideyn-uşaq əlaqələrinə nə kimi psixoloji təsir göstərib? Bu istiqamətdə Komitə hansı onlayn psixoloji dəstək proqramları həyata keçirib?
- Mərkəzlərin sosial işçi və psixoloqları tərəfindən aparılan müşahidələr göstərib ki, pandemiya dövründə valideyn-uşaq münasibətləri ilə bağlı məsələlərə diqqətin gücləndirilməsi istiqamətində fəaliyyətin artırılmasına ehtiyac var. Bunu nəzərə alaraq, Mərkəzlərin sosial işçiləri mütəmadi olaraq, valdeynlərin iştirakı ilə vebinarlar keçirirlər. Karantin müddətində Komitə tərəfindən həyata keçirilən psixoloji dəstək kampaniyası çərçivəsində ümumilikdə 303 nəfərə psixoloji dəstək göstərilib.
Karantin müddətində ailələrdə yaranan psixoloji problemlərin həlli məqsədilə psixoloqların iştirakı ilə “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” adlı onlayn görüş, “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaq məqsədilə “Ailəm” müsabiqəsi, gənclər arasında milli–mənəvi, ailə dəyərlərinin təbliği, onların ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması məqsədilə “Ailələrimizi tanıyaq” layihəsi həyata keçirilib.
Bundan əlavə, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamın icrası istiqamətində hazırda “Ailə Könüllüləri” layihəsi həyata keçirilir. Bu könüllülərin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək, silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərmək, həssas qrupa daxil, aztəminatlı, o cümlədən, gənc ailələrin qarşılaşıdığı çətinliklərin həllində köməklik göstərmələri üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək verməkdir.
Eləcə də, bu il 15 May Ailə Günü də karantin dövrünə təsadüf etdi və bu münasibətlə həmin gün müvafiq dövlət qurumlarının rəhbərləri və Milli Məclisin komitə sədrlərinin iştirakı ilə Komitənin Feysbuk səhifəsində "Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı video-konfrans keçirildi. Konfransda pandemiya ilə bağlı olaraq bugün Azərbaycan ailələrinin qarşılaşdığı problemlər, ailə dəyərləri və postpandemiya dövründə qarşıda duran məsələlər müzakirə olundu, təkliflər dinlənildi.
- Son zamanlar valideyn məsuliyyətsizliyi, diqqətsizliyi və uşaq hüquqlarının pozulması ilə müşahidə edilən video materiallar sosial şəbəkələrdə paylaşılır. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Bu istiqamətdə mütəmadi maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bu cür hadisələr təkrarlanır. Valideyn məsuliyyətsizliyi nəticəsində uşaq hüquqlarının pozulması ilə bağlı sosial şəbəkələrdə video-materialların paylaşılması aşkarlanarsa, fakt nəzarətə götürülərək, araşdırılır və dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə Komitə tərəfindən, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verilir və təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunur.
Belə halların qarşısını almaq məqsədilə vətəndaşların maariflənməsi istiqamətində görülmüş işlər sırasında Komitə tərəfindən mütəmadi olaraq, Bakı metropolitenində, digər ictimai nəqliyyat vasitələrində valideyn məsuliyyəti, uşaq hüquqları ilə bağlı elektron posterlər, bannerlər və digər maarifləndirici materialların yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, bu problemin həlli ilə əlaqədar iyulun 14-də Komitə tərəfindən Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və bir sıra digər qurumlarla birgə əməkdaşlıq çərçivəsində “Valideyn qayğısı-uşaqların təhlükəsizliyi” mövzusunda onlayn konfrans keçirilib.
Uşaqlar cəmiyyətin həssas təbəqəsi olaraq daim diqqətə, qayğıya ehtiyac duyur. Hər bir valideyn məsuliyyətini anlamalı və öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməlidir. Ölkəmizin Konstitusiyasında da vurğulandığı kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur.
- İnsan və vətəndaş hüquqları və azadlıqları, xüsusilə uşaq və qadın hüquqlarının müdafiəsi ölkəmizdə hansı səviyyədə təmin edilir?
- Bu sual çox genişdir. Qeyd etdiyiniz hər bir məqam ayrılıqda bir müzakirə mövzusudur. Qısa şəkildə onu deyə bilərəm ki, ölkəmiz qeyd etdiyiniz sahədə həm milli, həm də beynəlxalq miqyasda üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirərək müvafiq qanunvericilik aktlarını qəbul edib, normativ hüquqi baza yaradıb, eləcə də mükəmməl icra mexanizmləri və alətlərə malikdir.
Hazırda on illərin sınağından çıxmış hüquqi-demokratik, vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyimiz nailiyyətlərlə öyünməyə haqqımız var. Ölkəmiz inkişaf etdikcə, iqtisadi və hərbi qüdrətimiz artdıqca, demokratik cəmiyyət quruculuğunda təkmilləşməyə, vətəndaşların bütün hüquq və azadlıqlarının təminatı sahəsində tərəqqiyə və islahatlardan doğan dəyişikliklərə ehtiyac yaranır. Ən başlıcası isə Ermənistanın təcavüzü nəticəsində milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpa edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverənliyinin təmin olunmasının vacibliyi daha qabarıq şəkildə özünü büruzə verir. Bütün bunları isə Azərbaycan vətəndaşlarının mənəviyyatına, min illərə söykənən tarixi və mədəni irsimizə vurduğu zərbəni yalnız ərazilərimizdən işğalçı qoşunları son nəfərinədək qovmaqla, soydaşlarımızı öz yerinə-yurduna qaytarmaqla, Ermənistanın faşizmə söykənən işğalçı siyasətinin vurduğu yaraları sağaldaraq, insalıq əleyhinə və hərbi cinayətlər törədənləri mühakimə etdikdən sonra aradan qaldıra bilərik. Ona görə də düşünürəm ki, bu sahədə görəcəyimiz işlərimiz qabaqdadır.
- Gender bərabərliyinin məişətdə, təhsildə, səhiyyə, siyasi və iqtisadi qərarların qəbulu proseslərində təmin olunmasını necə qiymətləndirirsiniz?
- Gender amilinin ümumi siyasətə daxil edilməsi dövlətin öz strategiyaları və proqramlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” AR Qanununun qəbul edilməsi olub. Məhz bu Qanun ölkəmizdə gender bərabərlyinin təmin olunmasının əsas istiqamətlərini müəyyən edir.
Hazırda bütün nazirlik və digər dövlət təşkilatlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib ki, bu da bizə gender məsələləri ilə bağlı əldə olunmuş nailiyyətlərin monitorinqini asanlıqla aparmaq imkanı verir.
2019-cu ilin yanvar ayının 1-nə olan statistik məlumata görə Azərbaycan əhalisinin ümumi sayından 50,1%-i qadınlar təşkil edir. Məşğul əhalinin sayına nisbətdə məşğul qadınların xüsusi çəkisi 48,2% təşkil edir, onlardan 78,1%-i özəl sektorda, 21,9%-i isə dövlət sektorunda çalışır. Sahibkarlar arasında qadınların sayı 2012-ci ildə 73 469 nəfər idisə, bu rəqəm 2019-cu ildə artaraq 196 030-dək yüksəlib.
Hazırda təhsil və səhiyyə sahəsində çalışanların 70%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların isə 42 %-i qadınlardır. Bu vaxta qədər həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda orta və ali təhsil sahəsində gender bərabərliyinə nail olunub (15-24 yaşlı qadınlar və kişilər üzrə savadlılıq səviyyəsi 100% təşkil edir).
Azərbaycanda bütün təhsil pillələri üzrə gender bərabərsizliyinin aradan qaldırılması üzrə əsaslı nailiyyətlər əldə olunub. Orta-ixtisas təhsili müəssisələrində isə qızlar tələbələrin 65,7%-ni təşkil edir.
Ölkədə aparılan gender siyasətinin nəticəsi olaraq ictimai-siyasi həyatın bütün sahələrində xüsusilə qərarqəbuletmədə qadınların iştirakı artıb. Belə ki, 2005-ci ildə ölkədə keçirilən parlament seçkilərində qadın deputatlar 14 nəfər (11%), 2010-cu ildə 20 nəfər (16%)-ə, 2020-ci ildə 21 nəfər (17%) təşkil edib. Yerli özünüidarəetmə orqanlarında da qadınların təmsilçiliyi artmaqdadır. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə 26,5% , 2014-cü ildə 35 % , 2019-cu ildə isə 39 % olub. “AR milli iqtisadiyyat perspektivi üzrə” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritələrində qadınların əmək məhsuldarlığının artırılması və məşğulluqda gender bərabərliyinin təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Respublikamız BMT-nin 17 məqsədi və 169 hədəfi özündə birləşdirən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni məqsədlər növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. DİM-lərin 5-ci məqsədi gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların səlahiyyətlərini artırmağa həsr olunub.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkədə gender bərabərliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması və onun həlli istiqamətində gender əsaslı zorakılıq hallarının qarşısının alınması, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların təmin edilməsi, qadınların işdə irəli çəkilməsi, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Azərbaycan hökuməti gender bərabərliyi sahəsində beynəlxalq normalara uyğun olaraq inkişaf proqramlarının hazırlanmasını və həyata keçirilməsini öhdəlik olaraq qəbul edib. Məhz bu məqsədlə Komitə tərəfindən “Azərbaycan Respublikasının Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” nın layihəsi hazırlanıb.
- Təəssüf ki, hələ də ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi ənənəsi davam edir. Qız uşaqlarına nisbətdə oğlanların sayı artır. Bu vəziyyətin aradan qalxması üçün zaman-zaman həyəcan təbili çalınır. Problemin çözümünü nədə görürsünüz?
- Bəli, bu, bizi narahat edən məsələdir və Komitə mütəmadi olaraq bu istiqamətdə iş aparır. Bu məsələ ilə bağlı Komitə istər regionlarda, istərsə də Bakıda müxtəlif tədbirlər həyata keçirir, maarifləndirmə aparır. Bu il Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində əhalinin, xüsusilə regionlarda yaşayan risk qrupuna aid olan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin artırılması, gənc və yeniyetmələrin cinsi mədəniyyət sahəsində maarifləndirilməsinin gücləndirilməsi, arzuolunmaz hamiləliklərin artmasının, abortların sayının çoxalmasının, doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri daha da gücləndirilib. İnanırıq ki, yeni təsdiq edilən Tədbirlər Planını uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasında böyük rol oynayacaq.
- Cəmiyyətin ağrılı problemlərindən biridə erkən nikahlarla bağlıdır. Belə nikahların çoxu ənənəvi dini mərasimlər əsasında bağlanır. Erkən nikahların qarşısını almaq üçün hansı işlər görülür?
- Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri aktual ailə problemlərindən biri hesab edilir. Bu hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığında, sosial həyatında, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsində bir sıra problemlər yaranır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.
Məlumat üçün bildirim ki, Komitənin təşkilatçılığı ilə ötən həftə qeyd edilən maarifləndirmə Qaydalarının müzakirəsi məqsədilə onlayn video konfrans keçirilib. Onlayn konfransda Qaydalar üzrə fəaliyyəti həyata keçirən aidiyyəti qurumların nümayəndələri iştirak edib, birgə fəaliyyət istiqamətləri və hədəflər üzrə fikir mübadiləsi aparılıb.
- Uşaqlara dair 2020-2030-cu illər üçün strategiya mövcuddur. Bu proqram çərçivəsində hansı işlərin görülməsi nəzərdə tutulub?
- Azərbaycan Prezidentinin 2 iyul Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” Azərbaycanda dövlət uşaq siyasətinin sistemli həyata keçirilməsi, uşaq müdafiəsi mexanizminin imkanlarından istifadə edərək uşaqların hüquqlarının tam olaraq müdafiəsinin təmin edilməsi məqsədini daşıyır.
Strategiyanın məqsədi ölkədə uşaq müdafiəsi sisteminin AR Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırılması, ölkə ərazisində bütün uşaqlar üçün bərabər imkanların yaradılması, onların ən ümdə maraqlarının qorunması, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının daha səmərəli müdafiəsi, onlar üçün müasir standartlara malik sosial dəstək xidmətlərinin təmin edilməsidir.
Layihə uşaq hüquqlarının təmin edilməsi vəziyyətindən çıxış edərək 2020-2030-cu illərdə uşaq hüquqları sahəsində sistemli fəaliyyətin həyata keçirilməsini şərtləndirməklə uşaqların hərtərəfli inkişafı baxımından kompleks tədbirləri, o cümlədən:
- Uşaq müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;
- Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin edilməsi;
- Çətin həyat şəraitində olan uşaqların müdafiəsinin gücləndirilməsi;
- Uşaqların mədəni-estetik tərbiyəsi və uşaq iştirakçılığının təmin edilməsi;
- Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Söylədiyim bu istiqamətlərdə sistemli və məqsədyönlü işin həyata keçirilməsi üçün Komitə onun üzərinə qoyulmuş funksiyaları əldə rəhbər tutaraq qurumlararası koordinasiya və əlaqələndirmənin daha yaxşı icrasına və ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməklə uşaq hüquqlarının daha yaxşı qorunmasına və bu prosesdə onların da iştirakçılığının təmin edilməsinin nail olunmasına çalışır.