24 Avqust 2020 20:11
6 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Azərbaycan əlaqələri Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sərgilənən mövqe və yürüdülən siyasətdən irəli gələn məsələlərlə bağlı olacaq. Rusiya istəyir ki, Ermənistan-Azərbaycan münaqişəsinə Azərbaycanla siyasi-iqtisadi əlaqələrdən kənar – ayrıca bir mövzu kimi baxılsın”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Tovuz təxribatı haqda danışan Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Ermənistanın Azərbaycanın enerji kəmərlərinə nəzarəti ələ keçirmək cəhdi döyüşlərə səbəb olub. Nazirin Ermənistanı açıq şəkildə ittiham edən bu açıqlamasını necə başa düşməliyik?

- Hesab edirəm ki, Ermənistana yönəlmiş bu ittihama siyasi qiymət verilməməlidir. Yəni bu açıqlama buna siyasi qiymət verilməyəcək şəkildə dilə gətirilib. İkincisi də danışıqların bərpası ilə bağlı yeni bir təklif vermədi. Nə danışıqların məqsədi barədə yeni nəsə dedi, nə də hansısa təkliflə çıxış etdi.

Hiss olunur ki, bu, növbəti mənasız bir bəyanatdır. Buna qiymət də bu səviyyədə verilməlidir. Ən əsası ona görə ki, Rusiya öz diplomatının adından tərəfləri sülhə çağırır, eyni zamanda da digər tərəfə (Ermənistana) silah nəqlini davam etdirir. Yəni bu, məntiqsiz davranış və bəyanatdır. Hesab edirəm ki, bu bəyanatın real vəziyyətə heç bir təsiri yoxdur.

- Sizin də qeyd etdiyiniz kimi, Lavrov, eyni zamanda onu da diqqətə çatdırdı ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində tezliklə bərpa olunmalıdır. Azərbaycan danışıqlara getməlidirmi – məlum olaylardan sonra bərpa olunacaq müzakirələr nə vəd edir?

- Biz danışıqlardan rəsmi olaraq, imtina etməməliyik. Çünki belə bir qərar bizə qarşı təbliğat vasitəsi kimi istifadə oluna bilər. Eyni zamanda, Azərbaycan tələb etməlidir ki, danışıqlarda hansı mövzular müzakirə olunacaq və Ermənistan tərəfi bu mövzuları müzakirə etməyə hazırdırmı? Cənab prezident Ermənistan rəhbərinin irəli sürdüyü 7 şərtə o cavabı verdi ki, bizim bir şərtimiz var – işğal altındakı ərazilərimiz azad edilməlidir. Yəni müzakirələrin bərpası üçün konkret təklif var, ya yox? Əlbəttə, ümumi müzakirə naminə tərəflərin görüşü qəbul olunmamalıdır.

Başqa sözlə, mövqe ondan ibarət olmalıdır ki, danışıqlara hazırıq, amma əvvəlcədən orada hansı mövzuların müzakirə olunacağını bilməliyik. İlk növbədə də Ermənistan tərəfi həmin mövzuları müzakirə etməyə hazır olmalıdır.

- Bəs Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya niyə gəlir – bu səfərin Türkiyənin Azərbaycandakı hərbi fəallığı ilə əlaqəsi varmı?

- Sözsüz ki, bu səfər çoxdan nəzərdə tutulub. Amma bunun hansısa məsələlərlə əlaqəsini görməmək olmaz. Son zamanlarda Türkiyənin ardıcıl sərgilədiyi mövqe onu göstərdi ki, o, Azərbaycanın yanındadır. Xüsusən də Ermənistanın Azərbaycana qarşı təxribat və hərbi işğalının davam etdiyi vaxtda, Ankaradan verilən bu bəyanatlar çox qiymətlidir.

Bu baxımdan, Rusiya bu məsələlərdən narahatdır. Bu səfər heç də asan olmayacaq. Çünki Şoyqu konkret suallara cavab verməlidir. İlk növbədə bu suala cavab verməlidir ki, niyə Ermənistana hərbi kömək göstərdilər? Yəni bu hərbi yardımın nəticəsi bəllidir – Azərbaycanın işğal olunmuş ərazilərinin işğalda saxlanılmasına imkan yaradır. Əlbəttə, bu suala da aydınlıq gətirilməlidir.

Bir məsələ də çox vacibdir: Rusiya-Azərbaycan əlaqələri Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sərgilənən mövqe və yürüdülən siyasətdən irəli gələn məsələlərlə bağlı olacaq. Rusiya istəyir ki, Ermənistan-Azərbaycan münaqişəsinə Azərbaycanla siyasi-iqtisadi əlaqələrdən kənar – ayrıca bir mövzu kimi baxılsın. Amma bunların birbaşa bağlılığı var. Ermənistana silahların daşınması göstərir ki, belə bir bağlılıq mövcuddur.

Bu məsələləri kənara qoyub ictimai rəyə baxaq. İctimai rəydə belə bir fikir mövcuddur ki, işğalın bu qədər davam etməsinin əsas səbəbkarlarından biri və bəlkə də birincisi Rusiyadır, çünki Ermənistana hərbi köməyi davam etdirir və bunun nəticəsində Azərbaycan əraziləri işğal altında qalmaqdadır.

- Bəs Şoyqu Bakının sualına onun istədiyi cavabı verəcəkmi?

- Hər halda onun cavabından çox şey asılıdır. Başa düşməlidir ki, bu cavabın nəticəsində Azərbaycanın mövqeyi formalaşmalıdır.

- Sergey Lavrov bir neçə gün əvvəl onu da açıq şəkildə dilə gətirdi ki, Rusiya post-sovet məkanı uğrunda Qərblə mübarizə aparır. Bundan əvvəl Rusiya Prezidenti Putin də təhlükəsizlik strukturlarının rəhbərlərinə müraciət edərək, post-sovet məkanında gedən prosesləri müzakirə etməyə çağırmışdı. Yəni Rusiyanın bu mübarizəsi özündə nəyi ehtiva edir? Kremlin keçmiş SSRİ məkanı ilə bağlı hədəfləri nə ola bilər?

- Belə bəyanatların sayı çoxdur. Hesab edirəm ki, bu, həmin mövzuya aid birinci və axırıncı bəyanat deyil. Amma realıq budur ki, post-sovet məkanında yerləşən ölkələr bir-birinin ardınca Rusiyadan uzaqlaşır. Bu dövlətləri sadalamaq da olar: Ukrayna, Gürcüstan və s. Artıq Belarusu da bura aid etmək olar. Bu bəyanatlar və bundan irəli gələn siyasətin əsası bəllidir ki, bunlar istənilən nəticəni vermirlər, əksin, prosesləri bir qədər də sürətləndirirlər.

Məsələn, Ukrayna və Rusiya arasında normal münasibətlər vardı. Amma bu siyasətin nəticəsində 40 milyonluq ölkə Rusiyaya düşmən oldu. Belarusda da buna bənzər hadisələr gedir. Bəyanatlar bir kənara, amma biz görürük ki, Lukaşenkoya qarşı açıq mübarizə aparılır.

Azərbaycana gəldikdə, bir tərəfdə bizimlə münasibətlərin inkişafını dəstəklədiyini bəyan edən Rusiya, o biri tərəfdə torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistana öz dəstəklərini davam etdirir. Başqa sözlə, bu bəyanatlara skeptik yanaşıram, çünki real nəticələr tam təkzib olunur.

- Türkiyənin Ermənistan-Azərbaycan xəttində baş verən son olaylara münasibətdə fəallığı göz önündədir. Sizcə, bu fəallıq, belə desək, Prezident Ərdoğanın bu yöndəki fəaliyyəti ardıcıl olacaqmı?

- Mümkündür, çünki bu, ən yüksək səviyyədə bəyan olundu. İkincisi, Türkiyədə bölgədəki fəallığını artırıb. Aralıq dənizinin şərqi və Yaxın Şərqdəki fəaliyyətləri göz qabağındadır. Eyni zamanda, qonşuluğunda olan ərəb ölkələri ilə münasibətləri istiqamətində atdığı addımlar da bura daxildir. İndi də növbə Cənubi Qafqaza gəlib. Artıq bəllidir ki, Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsi Rusiya-Türkiyə münasibətlərinin danılmaz bir hissəsi olub və olacaq. Şübhəm yoxdur ki, Türkiyə bu münaqişə ətrafında gedən proseslərə qoşulub və bu yöndəki fəaliyyətlərini daha da gücləndirəcək.

- Türkiyə Qara dənizdə 320 milyard kubmetr qaz ehtiyatı kəşf etdi. Belə bir kəşf Türkiyəyə nə vəd edir?

- Türkiyənin yürütdüyü siyasət və enerji daşınmalarında bir tranzit ölkə rolunu oynamaq səyləri artıq öz nəticələrini verir. Türkiyə bir enerji mərkəzi rolunu və mövqeyini daha da genişləndirir. Ehtiyatlarından həm öz tələbatını ödəmək üçün istifadə edəcək, həm də nəql edəcək. Hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Türkiyənin enerji layihələri onu daha yaxşı mövqeyə gətirəcək və bu mövqeyində onu daha da gücləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər