16 Sentyabr 2020 13:25
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan həm xarici, həm də daxili siyasətini tamamilə müstəqil həyata keçirən nadir ölkələrdəndir. Son illər müstəqil bir ölkə olaraq Azərbaycan çoxsaylı uğurlara imza atıb. Kiçik bir ölkədən beynəlxalq aləmdə tanınan və hesablaşılan ölkəyə çevrilib. Heç şübhəsiz ki, Azərbaycanın bu səviyyəyə gəlməsində İlham Əliyevin apardığı daxili və xarici siyasətin böyük rolu olub. İstər siyasi, istərsə də iqtisadi sahədə apardığı müstəqil xətti ilə inkişaf etməkdə olan bir ölkəyə çevrilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O hesab edir ki, bu gün Azərbaycanın iqtisadi potensialı və maddi ehtiyatları hər hansı xarici borca ehtiyac olmadan yaşamağa və inkişaf etməyə imkan verir:

"Azərbaycan eyni zamanda güclü bir orduya da sahidir və elə bu səbəbdəndir ki, həm əsgər və zabitlərinin hazırlığı, həm də silah-sursat ehtiyatları baxımından regionun ən güclüləri sırasındadır. Cənab prezident çıxışında da vurğuladığı kimi bu gün Azərbaycan həm xarici, həm də daxili siyasətini tamamilə müstəqil həyata keçirən nadir ölkələrdən biridir. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və vətəndaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan xalqı gələcəkdə bir də heç vaxt heç kimdən asılı olmayacaq.

Prezidentin Bilik günü ilə bağlı müraciətində xüsusi dayanılmalı olan digər bir məsələ də gənclərimizin bəzi xarici dairələrin təsiri altına düşməsi ilə bağlı idi. Prezidentin də qeyd etdiyi kimi "bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər”. Təbii ki, bu cür hallara qarşı cəmiyyət olaraq ayıq olmalı və gənclərimizin kimlərinsə tərəfindən təsir altına alınmasına imkan verməməliyik.

Burada təkcə valideynlər deyil, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Hamılıqla əl-ələ verərək yeniyetmə və gənclərimizi milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Gənclərimizin müstəqilliyi hər şeydən uca tutması, milli ruhda, vətənpərvər olaraq tərbiyə olunması, milli adət-ənənələrimizi qoruyan və müdafiə edən nəsil kimi yetişməsi üçün hər birimiz səy göstərməliyik.

Ölkə başçısı insanımızın rifah halının yaxılaşdırılması istiqamətində kifayət qədər vacib addımlar atır. Elə bu səbəbdəndir ki, pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb və ali məktəb binalarının tikintisi davam etdirilir, heç bir sosial layihə ixtisar edilmir. Təkcə bu il ərzində vətəndaşlara təqdim olunan sosial paketin həcmi 5 milyona yaxın vətəndaşımızı əhatə etdi ki, bu da əhali sayı ilə müqayisədə dünyanın heç bir yerində rast gəlinməyən bir nümunədir.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan bütün istiqamətlərdə dəyişib. İstər aparılan siyasi islahatlar olsun, istər məmur-vətəndaş münasibətləri olsun, istərsə də hakimiyyət-müxalifət münasibətləri olsun, bütün sahələrdə dəyişiklərin şahidiyik.

Bütün bunlarla yanaşı təəssüf ki, dəyişməyən, daha doğrusu, hələ də köhnə təfəkkürlə yaşayan, ölkədəki müsbət dəyişiklikləri qəbul etmək istəməyən Milli Şura kimi qüvvələr də mövcuddur. Onlar da başa düşməlidirlər ki, Azərbaycan xalqı artıq kimin kim olduğunu yaxşı bilir və xaricdən gələn sifarişlərlə fəaliyyət göstərən hər hansı bir qurumun onları təsir altına almasına imkan verməyəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər